Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə pozuntuları ilə bağlı yeni cəza tətbiq olunur. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 410-cu (Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması) maddəsinə yeni 3-cü bənd əlavə olunur.
Yeni bəndə görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılması əməlləri 4 min manatdan yuxarı məbləğdə törədildikdə həmin vəzifəli şəxs 4 min manatdan 8 min manata qədər cərimə olunacaq.
Maddənin hazırda qüvvədə olan bəndlərinə görə isə, qeyd olunan əməllər 1000 manata qədər və 1000 manatdan yuxarı törədildiyi təqdirdə cəzalar təsbit olunub ki, bu da 500 manata qədər cərimədir. Layihə artıq parlamentin plenar iclasına tövsiyə olunub.