Tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib.
Sənəddə qeyd edilib ki, qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb.
"Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən-tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir. Məhz istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcək. Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır", - deyə sənəddə qeyd edilib.
Bundan əlavə, AMB-nin valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiya edilməsinin təmin olunması istiqamətində tədbirlər nəzərdən keçiriləcək.
Tədbirlər Planına əsasən, tam üzən məzənnə rejiminə keçid 2017-ci ildə təmin olunacaq. Burada əsas icraçı AMB, digər icraçılar isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.