Şəfəqə Doğru » Manşet » Həyatımızı cəhənnəmə çevirən harın məmurlar - Ələddin Kəsəmənli

Həyatımızı cəhənnəmə çevirən harın məmurlar - Ələddin Kəsəmənli

Həyatımızı cəhənnəmə çevirən harın məmurlar - Ələddin Kəsəmənli
Sosial problemləri unutduran "Qarabağ nağılları”

Qarabağ yaralı yerimizidir, ancaq Qarabağ problemindən gündəmi pərdələmək üçün sui-istifadə etmək olmaz. Qiymətlər qalxsın, camaat narazılığa gələndə, dərhal Qarabağ problemini at qabağa...


Devalvasiya olsun, dərhal Qarabağı gündəmə gətir...Axı, bu haçana qədər belə olacaq?! Bu gün sosial problemlər ölkəmizin ən əsas qayğılarındandır. Milli valyuta qiymətdən düşür, ərzaq məhsullarının qiyməti günbəgün artır, ölkədə yaşamaq əsl cəhənnəmə çevrilir...

Son günlərdə ətin qiyməti kəskin bahalaşıb. Acınacaqlı durum davam edir. Özümüz- özümüzü nə qədər aldatmalıyıq ki, yaxşı olacaq. Əslində yaxşı heç nə yoxdur. Yaxşı göstərilənlər var. Bir halda ki, yüksək maaş alan deputatlar, başqa biznes gəlirləri olduqları halda dolana bilmədiklərini dilə gətirib parlament səviyyəsində müzakirəyə çıxarırlarsa, bu o deməkdir ki, aşağı, sıravi kasıb təbəqə yox olub, əriyir, nəfəs almağa, səsini çıxarmağa, danışmağa halı yoxdur, nəinki etiraz etməyə... 1750 manatdan deputat gileylənirsə, 55 manat alan II qrup əlilin özünü asmaqdan başqa yolu qalırsa buyurun...

Əhalinin güzəranı günü-gündən ağırlaşır. Bu ağırlaşma əsasən nə devalvasiya, nə Qarabağ problemi ilə bağlı deyil. Ancaq rüşvətxorluq və məmurların talançılığı ilə bağlıdır. Bütün ölkənin gəlirli obyektlərinin əksəriyyəti məmur təbəqənin adınadır, kasıba gözdağı verərək xalqın malını talamaqla məşğuldurlar. Qış fəsli isə kasıbın gününü daha da qara edir. Qaz baha, soyuq. Körpəsi məktəbə gedənlər var ki, uşağa məktəb libası ala bilmir. Məktəblərdə yığılan 3 manat aylıq "summativ pulu"nu verə bilmir. 

Cəmiyyətin ziyalı təbəqəsi də acı durumdadır. İşsizlik baş alıb gedir. Formal iş yerləri çarə deyil. Məşğulluq idarələrinə müraciət edirsən, deyirlər gəl sənə 120 manatlıq fəhlə işi verək. Səhiyyə bərbad gündədir, rüşvətin içində əriyib gedir. Hansı dövlət xəstəxanasında pulsuz əməliyyat, müayinə olur? Olsa da ya həkimin şəxsi insafına, yaxud da "müştəri"nin jurnalist olması səbəbinə, ya da kiminsə tapşırığı hesabınadır. Bax, reallıq budur. 

Cümhuriyyətin ilk dönəmlərində Mustafa Kamal Atatürkə «Deputatların maaşı nə qədər olmalıdır” sualı verilir. Qazi deyir: 

"...Müəllimin maaşından yuxarı olmasın!” 

Son dövrlər, ölkə vətəndaşları sosial problemlərdən daha çox əziyyət çəkirlər. Ancaq bu problemlər həllini tapmır. Bahalaşma isə daha da vəziyyəti ağırlaşdırır. Bir sözlə, yaşayış cəhənnəmə çevrilir. Bu cəhənnəmə çevrilmə də insanları rüşvətə, haqsızlığa, qəsbkarlığa meylləndirir. Oğurluq və narkomaniya artır. Məmur təbəqə əvvəl daha çox rüşvətə öyrəşdiyindən, indi az rüşvət gəldiyinə görə daha da aqressivləşir, daha da qəddarlaşır və harınlaşır. Qanunları saymır, xalqa üstdən aşağı baxır. Xüsusən də son zamanlar cinayətlərə, məmur özbaşınalığına, rüşvətxorluğa qarşı məsuliyətin və mübarizənin zəifləməsi daha da vəziyyəti ağırlaşdırıb. Belə acı vəziyyətdə də xalq ancaq bir parça çörək düşünəcək. Atalar deyir ki, ac qılnca çapar. Sosial problemi olan, evində çörək olmayan, ayağında ayaqqabısı olmayan necə Qarabağı düşünə bilər və necə öz vətəndaş töhfəsini verə bilər?! 

Görünən odur ki, həll olunmayan problemlərin artması vəziyyəti daha da ağırlaşdıracaq.