Maraqlıdır ki, bu şəxsin qumarxanaları əsasən hamının gözü qarşısında fəaliyyət göstərir, lakin müvafiq dövlət qurumları heç bir tədbir görmürlər
Ötən günlərdə Bakının qumarxanaları və onları işlədən əsas fiqurlarla bağlı araşdırmamızın bir qismi ilə oxucularımızı tanış etmişdik. JAM.AZ-ın əməkdaşlarının apardığı araşdırma nəticəsində ortaya çıxarılan əsas fiqurlardan biri Arzuman Muradlıydı.
Bu şəxs YAP-ın Səbayel təşkilatının İdarə Heyətinin üzvü olub və 2005-ci ildə hakim partiyanın nümayəndəsi olaraq parlament seçkilərində Müsavat başqanı İsa Qəmbərlə rəqib olub.
Aldığımız son məlumatlarda isə qeyd edilir ki, Arzuman Muradlı mütəmadi olaraq, Bakıda qumarxanaların sayını artırmaqla məşğuldur və bununla əlaqədar olaraq, onun yeni «layihə»ləri də açıq-aşkar fəaliyyət göstərirlər. Lakin məsələdə ilginc məqamlardan biri də odur ki, bu şəxs açdığı yeni qumarxanalarınj «Buta Palase»dən işdən çıxarılmış şəxslərə etibar edir. Bunu hansı məqsədlə etdiyi hələlik məlum deyil.
Bakının qumar «kralları» sırasında ikinci yeri isə Ağdamlı İqbal tutur. JAM.AZ xəbər verir ki, kriminal aləmlə geniş bağlantısı olan bu şəxsin Bakıda xeyli sayda qumarxanaları var. Həmin qumarxanalar isə Qara Qarayev metrostansiyasının yaxınlığından tutmuş, Yasamala qədər bir çox yerlərdə fəaliyyət göstərirlər. Ona hər hansı bir təsirin edildiyi və ya obyektlərinin bağlanılması ilə bağlı addımların atıldığı da müşahidə edilməyib.
Araşdırmalar zamanı məlum olub ki, Ağdamlı İqbal bu işlə hələ xeyli əvvəldən məşğul olub. Hətta belə bir iddia da var ki, onun ilk qumarxanası Türkiyə səfirliyinin həyətində fəaliyyət göstərib. Bunun nə dərəcədə mümkün ola biləcəyi hazırda araşdırılır və yaxın günlərdə nəticəsi ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, Ağdamlı İqbalın obyektlərinə yaxın getmək, toxunmaq və ya onlardan şikayətçi olmaq mümkün deyil. Daha doğrusu, bu addımları atmaq mümkündür, amma nəticənin olacağı real deyil. Bəzi iddialara görə, Arzuman Muradlıdan fərqli olaraq, Ağdamlı İqbalın arxasında bəzi qüvvələr dayanır. Bu səbəbdən də o, Bakıda bir xeyli qumar yerləri açmağa nail olub. Üstəlik, onun qumarxanalarına polisin və ya digər qurumu yaxın düşməsi də mümkünsüz hesab edilir.
JAM.AZ-ın araşdırmalarına görə, Ağdamlı İqbalın əsas obyekti Səməd Vurğun bağının yaxınlığında yerləşir. Bir zamanlar aviakassa kimi işləyən həmin yerdə qumarxana qurulub və oradan külli miqdarda qazanc götürülür.
Sözügedən «qumar kralı»nın Qara Qarayev metrosu yaxınlığında fəaliyyət göstərən qumarxanaları isə az qala göz çıxarır. Lakin bütün bunlara baxmayaraq, daha doğrusu, fəaliyyətin qeyri-qanuni və qadağ olunmasına rəğmən, onların bağlanılması prosesi həyata keçirilmir. Bu işdə Ağdamlı İqbalı kimlərin himayə etdiyi isə bizə məlumdur. Sadəcə, bəzi dəqiqləşdirmələr səbəbindən adı açıqlamırıq.
Ağdamlı İqbalın bir digər obyekti isə düz Vergilər Nazirliyinin yaxınlığında fəaliyyət göstərir. «Ləziz Lahmacun» adlı restoranda yalnız qumar oynamaqdan ləzzət aparmaq olar. Maraqlıdır ki, ölkənin ən nəhəng dövlət qurumlarının düz qulağının dibində belə qanunsuz işlərlə məşğul olan obynktlərdən onların ya xəbərləri olmur, ya da xəbərləri olsa da, kimsə səsini çıxarmır.
Belə obyektlər sırasında «Limon» Çay Evinin də adı çəkilir. JAM.AZ xəbər verir ki, 28 May metrosu yaxınlığında fəaliyyət göstərən bu qumarxana Ağdamlı İqbala məxsusdur. Lakin onu işlədən şəxs Emin adlı biridir. Eminin Ağdamlı İqbalın əsas adamlarından biri olduğu vurğulanır.
Həmçinin Ayna Sultanova heykəlinin yaxınlığındakı yeni tikilinin altında fəaliyyət göstərən "Auto Cars" adlı obyekt də Ağdamlı İqbala məxsusdur. Bu yaxınlarda həmin qumarxana ətrafında qalmaqal baş versə də, sonradan problem aradan qaldırıldı. Həmin qumarxananın hazırda da fəaliyyət göstərdiyi deyilir.
JAM.AZ olaraq saytımız vasitəsi ilə DİN-ə müraciət edərək, ölkədə qadağan olunmuş qumar oyunları təşkil olunan obyektlərdə araşdırmalar aparmalarını rica edirik. Əminik ki, başda cənab nazir Ramil Usubov olmaqla, sözügedən nazirlik tezliklə şəhəri ağuşuna alan qumarxanaların bağlanılması istiqamətində zəruri addımlar atacaqlar.
- Bakının «Qumar Kralları» sırasında daha kimlər var?
- Qumarxana işlədən deputat oğlu kimdir?
- «Krallar» özlərini sığortalamaq üçün hansı yüksək çinli məmurların adlarını çəkirlər?
- Bakıda elektron formada qumar oyunları harada təşkil edilir?
- «Qara Vəzir» və Mehman kimdir, onların şəhərin hansı hissələrini «zəbt» ediblər?
- Yeni Günəşlidəki "Berkut Club" kimə məxsusdur?
Bu və digər maraqlı araşdırma ilə bağlı növbəti gün geniş məlumat ala biləcəksiniz.