Fikrət Yusifov: "Proseslərin Azərbaycana təsiri də qaçılmazdır...”
Donald Trampın prezident seçilməsindən sonra ən çox müzakirə olunan məsələlərdən biri də 3 ildir Rusiyaya qarşı ABŞ başda olmaqla, Avropa Birliyinin tətbiq etdiyi sanksiyaların aradan qaldırılıb-qaldırılmayacağıdır.
Doğrudur, bu istiqamətdə hələ ki real addımların atılacağı inandırıcı görünmür.
Çünki şimal qonşumuz məhz sanksiyalara məruz qalmasına səbəb olan işğal etdiyi Ukrayna torpaqlarını geri qaytarmaq fikrində deyil. Bununla belə, ekspertlər təkcə siyasi deyil, iqtisadi istiqamətlərdə də sanksiyalar aradan qaldırılsa, böyük töhfələrinin olacağını vurğulayırlar. Xüsusilə, rus rubluna bunun ciddi təsir edə biləcəyi deyilir.
Qonşu ölkə olduğunu nəzərə alaraq, bu addımın hər gün dollar qarşısında aciz duruma düşən Azərbaycan manatına da təsirsiz ötüşməycəyi gözlənilir. Bu baxımdan bir sıra ekspertlər Rusiya üzərindəki sanksiyaların aradan qaldırılmasının Azərbaycan üçün də müsbət nəticəsini istisna etmirlər.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov səslənən fikirlərə bu cür mövqe sərgilədi: "Öncə onu deyək ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yaxın zamanlarda aradan qaldırılacağı barədə səslənən fikirlər inandırıcı görünmür. Bu sanksiyaların aradan qaldırılması üçün ilk öncə Rusiya-Ukrayna münasibətlərindəki Ukraynanın Şərqi ilə bağlı hərbi münaqişə nizamlanmalı, hər iki dövlətin bu məsələ və Krımla bağlı razılığa gəlməsi lazımdır. Belə bir razılığın isə yaxın illərdə əldə ediləcəyi inandırıcı deyil. Bir sözlə, konfliktin bundan sonra illərlə davam edəcəyi daha çox gözləniləndir. Çünki Rusiya bu məsələdə öz iddiasından əl çəkməyəcək, Ukrayna isə öz torpaqlarının mövcud durumda qalması ilə heç vaxt barışmayacaq. Belə olan halda sanksiyaların ömrü kifayət qədər uzanacaq. Bu səbəbdən də sanksiyaların yaxın perspektivdə aradan qaldırılması mümkün deyil. Əksinə, ola bilsin ki, Rusiya bu problemlə bağlı bundan sonra daha ciddi sanksiyalarla üzləşsin.
D.Trampın prezident kürsüsünə əyləşməsi isə hələ ABŞ siyasətinin bu məsələ ilə bağlı dəyişəcəyi demək deyil. Bu dövlətin belə məsələlərlə bağlı bəlli strategiyası var. Onu bir tək prezident dəyişə bilməz. Digər tərəfdən, Trampın seçkiqabağı bəyanatları ilə seçkidən sonra səsləndirdiyi fikirlər arasında artıq ziddiyyətli məqamlar ortaya çıxmağa başlayıb. Bu da adi bir haldır. Onun " Mən Vladimir Putinə hörmət edirəm, ancaq onunla dil tapacağımı deyə bilmərəm” kimi bu günlərdə səsləndirdiyi fikirləri "Tramp seçkilərdən dərhal sonra ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq” deyənlərin bu fikirləri səsləndirərkən nə qədər haqlı olub-olmadıqlarını göstərəcək. Artıq indi deyə bilərik ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların aradan qaldırılması heç də real görünmür".
İqtisadçi alim sanksiyaların aradan qaldırılmasının rus iqtisadiyyatına olacaq təsirlərindən də söz açdı: "Sanksiyaların aradan qaldırılmaması Rusiya iqtisadiyyatına öz mənfi təsirini illərlə göstərəcək. Bu təsiri aradan qaldırmaq məqsədilə Rusiya öz iqtisadiyyatının neftdən asılılığını minimuma endirməli və Qərbdən alınan müasir texnoloji avadanlıqların istehsalını özündə təşkil etməyi bacarmalıdır. Bütün bu işlərin görülməsinə isə illər lazımdır. Sanksiyaların aradan qaldırılması mümkün olacağı təqdirdə Rusiya iqtisadiyyatının daha sürətlə inkişafı mümkündür. Belə olduğu halda rublun da sabitliyi təmin edilə bilər. Rusiya Azərbaycanın ən böyük ticari tərəfdaşıdır. Bu səbəbdən bu ölkənin iqtisadi həyatında və maliyyə bazarlarında baş verən proseslərin Azərbaycana təsiri də qaçılmazdır”.