Şəfəqə Doğru » Manşet » “16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir” - deputat

“16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir” - deputat

“16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir” - deputat
"16 aprel səsverməsi Türkiyə dövlətinin Osmanlı imperiyasından müstəqil demokratik cümhuriyyətə çevrilməsi ilə müqayisə oluna biləcək tarixi seçim hadisəsidir”.

Milli Məclisin deputatı Zahid Oruc bunu "Yeni Müsavat”a qardaş ölkədə keçiriləcək ümumxalq referendumunu şərh edərkən, referendumdan sonrakı gözləntiləri bölüşərkən bildirdi. Qeyd edək ki, aprelin 16-da 18 dəyişiklikdən ibarət olan dəyişikliklər zərfi "əvət” səsini alarsa, Türkiyə parlament respublikasından prezident respublikasına çevriləcək, baş nazir postu ləğv olunacaq. Türkiyə gündəminin baş mövzusuna, ciddi müzakirə predmetinə çevrilən referendum məsələsi qardaş ölkə ilə nəbzi bir döyünən Azərbaycanda da diqqətlə izlənilir. Z.Orucun sözlərinə görə, əslində dəyişən təkcə ana qanun deyil, eyni zamanda xalqın iradəsi ilə formalaşan bütün hakimiyyət qollarının və idarəetmə fəlsəfəsinin köklü şəkildə yeniləşməsi təklif olunur: "Qətiyyən inkar edilə bilməz ki, referendum və ona qədər hazırkı iqtidarın antidövlət qüvvələri ilə gərgin savaşları Türkiyə cəmiyyətini daha da parçalayıb və bunu siyasi azadlıqlar şəraitində ideoloji fərqlərdən doğan plüralizmlə eyniləşdirmək olmaz. Ona görə də hər iki nəticə halında siyasi böhran dövlət, ictimai institutlar və milli həyatdan yaxın illərdə çox asanlıqla çəkilib getməyəcək”.

Zahid Oruc R.T.Ərdoğanın yeni dövlət modelinə 2005-ci ildən addım-addım gəldiyini vurğuladı: "Onun ən güclü arqumenti parlamentli üsul-idarənin hesabına İnönü dövründən bu yana anqlo-saks dünyasının Türkiyəni içəridən ələ keçirməsi, xarici iradənin türk millətinə hökm etməyə imkanlar qazanması və xalqın idarəsinin bu yolla əngəllənməsidir. AKP özündən əvvəlki hökumətləri az qala xarici işğalçıların daxildə müttəfiqləri elan edir, onların mirasını tanımaq istəmir. Keçmişin belə təftişi isə şübhəsiz, ölkənin ən azı yarısını rəqib cinaha yuvarlayıb. Doğrudur, son 40 ildə 62 hökumətə şahidlik etmiş bir cəmiyyətin halına qibtə ediləsi deyil. Hər halda, öz taleyindən uzaq salındığı üçün hazırkı konstituson islahatlar millətin öz həqiqi azadlığına Atatürkdən sonra ikinci dəfə qovuşması şüarları altında aparılır”.

Milli Məclisin deputatı qeyd etdi ki, yeni konstitusiyanın qəbulu nəticəsində ikibaşlı rəhbərliyə son qoyulacağı və prezidentin yeganə gücə çevriləcəyi aksiomadır: "Məhz bu səbəbdən Ərdoğanın əleyhdarları ona qarşı əks çəkindirmə sütunlarının qalmayacağını, hökuməti formalaşdırmaq üçün müstəsna səlahiyyətlərə heç kəsi buraxmayacağını nəzərə alıb xalqı gözlənilən diktaturaya qarşı mübarizəyə çağırırlar. ”Hayır" tərəfdarlarının Atatürk sistemindən və ənənələrindən imtina olunduğunu iddia etməsi reallıqda o arqumentlərlə izah olunur ki, ötən əsrin 30-cu illərində xilafət mirasından imtina edən Türkiyə sekulyarlığa qədəm qoyaraq qərbləşməni xarici və daxili siyasətinin başlıca kursuna çevirmişdi. Lakin indi referendum Qərblə siyasi toqquşmalar və qarşlıqlı ittihamlar şəraitində keçir, hakim partiyanın dini dövlətə daşıması və panislamizm istəkləri naminə xilafət quruculuğu istəkləri gizlədilə bilmir. Ona görə də Türkiyədə ötənilki silahlı hərbi çevriliş cəhdinə qarşı çıxan milyonlarla insanın içərisində 16 apreldən sonra Türkiyənin siyasi gələcəyini böyük qarşıdurma ilə görənlər də həddindən artıq çoxdur. Faktiki olaraq, Ərdoğana etimad referendumuna çevrilmiş xalq səsverməsi "evet” nəticəsi ilə 17 aprelə qədəm qoyarsa, Trampın qələbəsinə verilən dünyəvi və amerikadaxili reaksiyaların eynisini də burada müşahidə etməli olacağıq. Hər bir halda Azərbaycan Türkiyəni yolayrıcılarını çoxdan dəf etməyi bacarmış və dərin dövlətçilik ənənələrini qoruyub saxlamış güclü bir dövlət hesab edərək, Vətənin taleyi və ay-ulduzlu bayrağın daima yüksəklərdə dalğalanması naminə sağlam ideyaların və dərin idrakın qalib gələcəyinə əmindir. Qarşı duran siyasi düşərgələri hansı adla çağırsalar da, ən sonda vahid dövlətin bütünlüyünü və suverenliyini qoruyub-saxlamaq hər bir partiyanın, hərəkatın və şəxsin borcudur. 16 aprel tarixi partiyaların deyil, xalqın qələbəsinə xidmət etməlidir".