Şəfəqə Doğru » Manşet » Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasına necə yol verilə bilər?

Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasına necə yol verilə bilər?

Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasına necə yol verilə bilər?


Vahid Əhmədov: "Milli Məclisdə bütün qanunlar konstitusiyaya uyğunlaşdırılmalıdır”

 


Fazil Mustafa: "Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasına görə çoxluq məsuliyyət daşıyır”.

Xəbər verdiyimiz kimi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin sonuncu iclasında bəyan edib ki, Milli Məclisdə  qanun qəbul edilərkən konstitusiyanın müddəaları bir neçə dəfə pozulu. Daha sonra mətbuata geniş müsahib verən deputat bununla bağlı bir neçə misal də gətirib. Misal üçün Qüdrət bəy iddia edib ki, konsititutsiyaya zidd dəyişikliyi Cinayət Məcəlləsinə edilib və bu zaman terror aktı törədən şəxslərin vətəndaşlıq hüququndan məhrum edilməsinə dair Milli Məclis qanunda dəyişiklik edilib. Milli Məclisin sonuncu plenar iclasında da  konstitutsiyaya zidd qanun layihəsi müzakirə edilib və "Banklar haqqında” qanuna dəyişikliklər edilirkən ölkə konstitutsiyasının müddəaları pozulub. Qeyd edək ki, Milli Məclisdə "Banklar haqqında” qanuna edilən son dəyişikliklərdə Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verilib. Qurumun əvvəldən də bu səlahiyyəti var idi. Amma yeni dəyişiklikdə İnzibati Prosessual Məcəllədə belə bir müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, o məhkmənin qərarı Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarını ləğv eləmir. Qanunsuz hesab edir, amma ləğv eləmir. 

Mətbuata verdiyi müsahibəsində bu məsələyə toxunan Qüdrət Həsənquliyev bildirib ki, belə konteksdə qanunna dəyişiklik etmək absurddur və hüquqi nihilizmdir: "Bu, sadəcə, hüquqi nihilizmdir. Bunun əvəzində yalnız kompensasiya ödənə bilər. Burada Konstitusiyanın bir neçə müddəası pozulur. Birinci konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir - qanunverici, icra və məhkəmə orqanı. Hər biri də öz səlahiyyətləri çərçivəsində müstəqildir, bu da birbaşa yazılır. Bundan başqa, Konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunverici orqan onların səlahiyyətlərinə aid məsələlərlə bağlı nə qanun, nə qərar qəbul edə bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq. parlamentin sonuncu iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verilərkən konstitutsiyaya zidd qərar qəbul olunub”, deyə deputat müsəhibəsində bildirib.
 
Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasına necə yol verilə bilər və buna görə kimlər məsuliyyət daşımalıdır? Ümumiyyətlə qəbul olunmuş qanunların konstitusiyaya uyğunlaşması üçün hər hansı addımların atılması gözlənilirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü Vahid Əhmədova və Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafaya müraciət edib.



Vahid Əhmədov: "Konstitusiyaya uyğun olmayan qanun qəbul edilməməlidir”.


Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü qeyd edib ki, Milli Məclisdə bütün qanunların konstitusiyaya uyğun olmasına və konstitutsiya çərçivəsindən kənara çıxmılmamasına çalışırlar. Amma hüquqşunaslar öz arqumetlərinə uyğun olaraq deyirlər ki, bu qanun konstitusiyaya zidd deyil:

"Birinci onu qeyd edim ki, qanun layihələrinin əksəriyyəti bizə Prezident Aparatından gəlir. Prezident Aparatında da "Qanunvericilik” şöbəsi var və Milli Məclisə göndərilən qanunlara orada baxılır. Həmin qanunların konstitusiyaya uyğun olub-olmaması da orada müəyyən edilir. Milli Məclisə bir necə dəfə belə hallar olub, amma Milli Məclisin sədrinin göstərişinə uyğun olaraq müəyyən qədər düzəlişlər aparılıb. Qeyd edim ki, yenə də bu cür hallara rast gəlmək olur. Biz də mümkün qədər çalışırıq ki, Milli Məclisdə qəbul edilən qanunlar konstitusiyaya uyğun olsun və bu da, çox vacib məsələdir. Çünki konstitusiya müstəqil Azərbaycanın əsas qanunudur. Milli Məclisdə də bütün qanunlar konstitusiyaya uyğunlaşdırılmalıdır. Konstitusiyaya uyğun olmayan qanun qəbul edilməməlidir. Əgər bu hallar yaşanırsa, onda bu sahəyə cavab verən insanlar günahkardılar.

Ümumiyyətlə qanunlar həm Milli Məclisdə, həm Prezident Admistrasiyasında yazılanda, müzakirə edəndə əvvəlcə Milli Məclisin şöbəsi həmin qanuna baxır, sonra hüqüq, iqtisadiyyat komitəsi baxır. Yəni biz çalışırıq ki, bütün qanunlar konstitusiyaya uyğun olsun və konstitutsiya çərçivəsindən kənara çıxmasın. Amma hüquqşunaslar öz arqumetlərinə uyğun olaraq deyirlər ki, bu qanun konstitusiyaya zidd deyil. Yəni həmin qanunlar hüququn prizmasından baxanda sübut olunur ki, konstitusiyaya zidd qanunlar deyil. Amma yenə qeyd edim ki, qəbul olunan qanunlarda konstitusiyanın müddəalarının pozulması hallarına müəyyən hallarda rast gəlmək olur”. 



Fazil Mustafa: "Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasının məsuliyyəti birbaşa parlament çoxluğunun üzərindədir”.


Böyük Birlik Partiyasının sədri Fazil Mustafa məsələ ilə bağlı PİA.AZ-a verdiyi açıqlamasında qeyd edib ki, qəbul olunmuş qanunların konsititusiyaya uyğunlaşması üçün böyük addım atmaq lazım deyil. Sadəcə olaraq birbaşa konsititusiyanı oxumaq lazımdır və tənqid iradlar səslənəndə də ona diqqət yetirmək lazımdır:

"Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasına görə çoxluq məsuliyyət daşıyır. Qəbul etdiyi qanunlarda konstitusiya pozuntusu, vətəndaşlıq və banklarla bağlı müxalifət tərəfindən də dilə gətirilir. Amma təəssüf ki, səsvermədə bu hallara əhəmiyyət vermədən səs verilir və çoxluğun rəyi qəbul edilir. Buna görə də Milli Məclisin qəbul etdiyi qanunlarda konstitusiyanın müddəalarının pozulmasının məsuliyyəti birbaşa parlament çoxluğunun üzərindədir. 

Qəbul olunmuş qanunların konsititusiyaya uyğunlaşması üçün böyük addım atmaq lazım deyil. Sadəcə olaraq birbaşa konsititusiyanı oxumaq lazımdır və tənqid iradlar səslənəndə də ona diqqət yetirmək lazımdır. Buna baxmırlar, ona görə də belə bir məsələdə problem yaranır”.