Şəfəqə Doğru » Manşet » Qazaxda qaçqınlar üçün tikilmiş evlər satışa çıxarılıb

Qazaxda qaçqınlar üçün tikilmiş evlər satışa çıxarılıb

Qazaxda qaçqınlar üçün tikilmiş evlər satışa çıxarılıb
Məmməd Yusibov: «İcra başçısının birinci müavini Fərman Nağdəliyev və Qaçqınkomun nümayəndəsi Elman pul aldıqları şəxslərə mənzil verirlər»

«Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün 300 ailəlik, 10 bina tikilib. Lakin həmin mənzillərin heç biri haqqı olan şəxslərə verilməyib». Bunu JAM.AZ-a rayonun Xeyrimli kənd sakini, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Məmməd Yusibov deyib. 

O bildirib ki, dünəndən etibarən Qaçqınkomun nümayəndəsi Elman müəllim Qazaxa gəlib. Gəlişinin məqsədi isə evlərin təqdim edilməsidir. «Amma məcburi köçkünlər üçün inşa edilmiş həmin evlərin hamısı satılıb. Hətta ev alanlar arasında elələri var ki, onun iki evi, ferması belə var. Bu satışı təşkil edən isə Qazax rayon icra başçısının birinci müavini, habelə Qaçqınkomun rayon üzrə nümayəndəsi Fərman Nağdəliyevdir». 

Məmməd Yusibov qeyd edir ki, tikilmiş evlər üçün kim qabaqcadan pul veribsə, onlara mənzillərin açarları təqdim olunub. «Mən canımı qoymuşam, əliləm. Evim də yoxdur. Uçuq-sökük damda qalıram. Lakin pul vermədiyim üçün mənə mənzil vermədilər. Şikayət edəcəyimi bildirdim, cavabları bu oldu ki, kimə istəyirəmsə, şikayət edə bilərəm. Çünki kimsədən qorxuları yoxdur». 

Qazax sakini düşdüyü durumdan dolayı dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib. O JAM.AZ vasitəsi ilə bildirib ki, ailəsi ilə birlikdə çətin şəraitdə yaşayır. «Evsiz-eşiksiz biriyəm. Məcburi köçkünəm. Ermənilər kəndimizi işğal ediblər. Haqqım olanı istəyirəm. Pulum olmadığı üçün vermirlər. Cənab Prezident, Sizdən xahiş edirəm ki, bizə yardım edin». 

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.