Şəfəqə Doğru » Manşet » Azərbaycanda vərəm və xərçəng xəstəlikləri tüğyan edir - Tanınmış vəkil həyəcan təbili çalır

Azərbaycanda vərəm və xərçəng xəstəlikləri tüğyan edir - Tanınmış vəkil həyəcan təbili çalır

Azərbaycanda vərəm və xərçəng xəstəlikləri tüğyan edir - Tanınmış vəkil həyəcan təbili çalır
"Azərbaycanda vərəm və xərçəng xəstəlikləri tüğyan edir". İstiqlal.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov özünün Facebook səhifəsində yazıb. Vəkil fikrini əsaslandırmaq üçün daha sonra əlavə edib: "Bunu görmək üçün Milli Onkologiya Mərkəzinə və Vərəm Əleyhinə Dispanserə baş çəkmək kifayətdir. Bunun da əsasən iki səbəbi var: qidalanma və ətraf mühit. Qidalanma ilə bağlı səhiyyə işçiləri və iqtisadçıların çıxışını gözləyirəm. Ətraf mühitin vəziyyəti isə birbaşa qanunla bağlı olduğuna görə münasibət bildirirəm. Bu gün paylaşdığım yazı və videolarda şəxsi qərəz axtaranlardan xahiş edirəm ki, Azərbaycanda yaşadığı ən azı son 20 ildə fəaliyyətimə fikir versinlər. Onda görərlər ki, daim yaşıllığın məhv olmasına qarşı olmuşam. Bəzi canlılardan fərqli olaraq anlayıram ki, bu havanı özüm və ailə üzvlərim də udur. Bundan başqa, bu məsələ həm də dövlət, millət təhlükəsizlik məsələsidir. Yaşıllığa qənim kəsilən canlılardan xahiş edirəm ki, daim istirahət etdikləri Avropa məkanlarında, xüsusən Almaniyada insanların boylarına, bədən quruluşlarına fikir verib bizimkilərlə müqayisə etsinlər. Bəlkə onda bu fərqin səbəbkarı, baiskarı olduqlarını başa düşələr. Məni dəhşətə gətirən həm də odur ki, yaşıllıqları məhv edib yerində restoran, çayxanalar, bordellər tikənlər heç də bir tikə çörəyə möhtac olanlar deyil, bu ölkəni talayıb milyardlar sahibi olanlardır. Sadəcə, bu qədər qarğışa, günaha necə batmaq olar?! Doğrudanmı bunların gözləri bağlı, qulaqları kardır? Nizami, Sabunçu, Binəqədi və digər rayon icra hakimiyyəti başçıları, səlahiyyət sahibləri bu qədər günahın altına necə girirlər? Ölkə Prezidentindən tutmuş digər vəzifəli şəxslərin özləri və balaları da bu havanı udmurlarmı? Gün ərzində onlarla insan mənə zəng edib, məktub yazıb yaşıllıqların məhv olduğunu deyirlər. Axı başa düşmürsünüzmü ki, mən də Sizi kimi sadə vətəndaşam? Ancaq öz həyətimdə bir ağacın belə qırılmasına yol verməmişəm. Bəli, bunun üçün əsəb sarsıntıları keçirmişəm, bəzən əlbəyaxa da olmuşam. Bəs Siz niyə buna imkan verirsiniz? Necə balalarınızın idmanla məşğul olduğu stadionların tikinti meydançasına çevrilməsinə icazə verirsiniz? Siz sakit durduqca daha da pis olacağına əmin olun!"