Şəfəqə Doğru » Manşet » RUSİYADAN ŞOK “QARABAĞ BAZARLIĞI”: TORPAQLAR QAYIDIR, ƏVƏZİNDƏ…

RUSİYADAN ŞOK “QARABAĞ BAZARLIĞI”: TORPAQLAR QAYIDIR, ƏVƏZİNDƏ…

RUSİYADAN ŞOK “QARABAĞ BAZARLIĞI”: TORPAQLAR QAYIDIR, ƏVƏZİNDƏ…
Moskva Azərbaycanı Avrasiya İttifaqına üzv etmək və KTMT-yə qoşmaq, Qarabağa sülhməramlı yeritmək, bütün sərhədlərinə nəzarət etmək və Xəzərə kənar qüvvələri buraxmamaq istəyir
Kreml – Prezident aparatıRusiyanın Xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Azərbaycanda səfərdə olub. O, prezident İlham Əliyevlə görüşüb, Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin üçlü görüşünə qatılıb. "Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: "AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağa nə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?”. Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”, – deyə S.Lavrov bildirib.
Sözügedən səfərin Dağlıq Qarabağda baş verən gərginlikdən sonra reallaşması və bu cür açıqlamanın verilməsi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Hətta Lavrovun açıqlaması Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycana qoyulan açıq şərt kimi də qəbul edilir.
Beləliklə, bir situasiyada ortaya sual çıxır: Dağlıq Qarabağdakı son gərginlikdən sonra atəşkəs əldə olunmasının təşəbbüskarı olan Rusiya Azərbaycandan nə istəyir?
Politoloq Sülhəddin Əkbər "Bizim Yol”a açıqlamasında deyib ki, Rusiyanın istəklərini bilmək üçün Ermənistana baxmaq kifayət edir. "Yəni Rusiyanın istəkləri Ermənistanın timsalında gerçəkləşib. Onlar Azərbaycanın da geopolitik olaraq Rusiyanın bir parçası olmasını istəyirlər. Rusiya çalışır ki, Azərbaycan Lavrovun da etiraf etdiyi kimi AİB-ə və KTMT-yə üzv olsun, Ermənistanda olduğu kimi, Azərbaycanın da Türkiyə və İranla sərhədlərinə Rusiya nəzarət etsin, hava məkanını da onlar qorusun, Xəzərə sahili olmayan heç bir ölkə müdaxilə etməsin. Gələcəkdə isə Azərbaycanın iqtisadi sahələrini öz nəzarətinə keçirsin” – deyə Sülhəddin Əkbər bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində milli maraqlara zidd olan heç bir şərtə getməməlidir. Azərbaycan 20 ildən artıqdır bunu gözləyib. 10 illər ərzində dəfələrlə dediyimiz kimi, nə qədər ki, Rusiya Cənubi Qafqazda hərbi-siyasi üstünlüyə malikdir, bu münaqişənin həlli yoxdur. Yaxud konfliktin həlli yalnız Rusiyanın maraqlarına uyğun şəkildə mümkündür. Ermənistanın da Rusiyanın strateji tərəfdaşı olmasını nəzərə alsaq, deməli həll variantı onların da maraqlarına uyğun olacaq. Bu konflikti yaradan Rusiyadır. Məqsəd də Azərbaycanla Ermənistanı öz təsir dairəsində saxlamaqdır.Həm konflikti, həm MDB-ni, həm AİB-i, həm də KTMT-ni yaratmaqda ümumi məqsəd isə imperiyanı yeni şəraitə uyğun bərpa etməkdən ibarətdir”.
S.Əkbərin sözlərinə görə, Azərbaycan indiyədək bu istiqamətdə yanlış siyasət aparıb. "Azərbaycan Ukrayna, Moldova və Gürcüstanın apardığı siyasəti aparsaydı, bu gün çox irəlidə idi. Bizə qonşu olan Gürcüstanla Azərbaycanı müqayisə edək. Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edib və onun inzibati sərhədlərində dayanıb. Kaş Azərbaycanda – Dağlıq Qarabağda da bu vəziyyət olaydı, ətraf 7 rayon işğalda olmayaydı. Ruslar Dağlıq Qarabağ inzibati ərazisində duraydılar. Amma ərazisi Qarabağdan çox olan 7 rayon bizdə olaydı. Bu gün bizə öz torpaqlarımızla öz torpaqlarımızı dəyişməyi təklif edirlər. Yəni Dağlıq Qarabağ qarşılığında 7 rayonu vermək istəyirlər. Bununla bizə qarşı aşağılayıcı intellektual bir yanaşma var. Gürcüstanın bizdən üstünlüyü budur. İkinci üstünlük odur ki, Gürcüstanda hamı bilir ki, bu konfliktin arxasında Rusiya dayanıb və sabah Moskvanın zəifləyəcəyi, geri çəkiləcəyi halda Gürcüstan öz ərazi bütövlüyünü bərpa edə biləcək. Amma Rusiyanın ərazidən geri çəkiləcəyi halda Azərbaycan torpaqları avtomatik azad olunmayacaq. Ermənistan elə siyasət aparacaq ki, Rusiya olmasa belə, Fransadan və ABŞ-dan aldığı dəstəklə öz maraqlarını qoruya biləcək. Digər fərq odur ki, bütün dünya Rusiyaya görə Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyü isə birmənalı dəstəklənmir. Hətta həmsdər ölkələr belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmirlər və məsələyə "mübahisəli ərazi münaqişəsi” kimi baxırlar. Ən başlıcası ondan ibarətdir ki, Azərbaycan Gürcüstandan fərqli olaraq, bu illəri itirib. Gürcüstan 2004-cü ildən demokratik inkişaf, Qərbə, dünyaya inteqrasiya yolu seçib və bu yolda xeyli irəliləyib. Azərbaycan isə Rusiyaya doğru gedir” – deyə politoloq qeyd edib.
Sülhəddin Əkbər əlavə edir ki, cəbhə xəttində son gərginliyin ardınca atəşkəs əldə edilməsindən sonra Rusiya rəsmilərinin səfərlərinin intensivləşməsinin Ermənistana dəstək fonunda müşayiət edilməsi onu göstərir ki, 4 günlük müharibənin arxasında Rusiya durur. "Bunun da siyasi diplomatik anlamı odur ki, Rusiya Vaşinqtona mesaj verir ki, siz Azərbaycan və Ermənistan prezidentləri ilə nə danışırsınızsa danışın, burada söz sahibi mənəm. Məhz buna görə də atəşkəsin pozulması hər iki dövlət başçısının Vaşinqtonda olduğu bir zamanda baş verdi. İkincisi, münaqişənin həllində Rusiya təşəbbüsü əldən vermək istəmir və heç bir tərəfin münaqişənin həllinə ciddi girişməsinə imkan vermir. İkincisi, ayın 5-də hər iki ölkənin baş qərargah rəislərini Moskvaya dəvət edərək atəşkəs sazişi imzalatdırmaqla onu göstərdi ki, burada atəşkəsi də mən pozaram, mən də təmin edərəm. Bu, hər tərəfə mesaj idi. Üçüncüsü, Rusiyanın istəyi Ermənistanı sındırmaqla, Azərbaycanı isə şirnikləndirməklə "sülhməramlı qüvvələr” adı altında Azərbaycana öz hərbi qüvvələrini yerləşdirmək, burada legitim hərbi iştiraka nail olmaq istəyir. Bundan sonra Azərbaycana və ölkə başçısına da təzyiqlər artacaq. İkinci mərhələdə isə Azərbaycan Rusiyanın strateji hədəflərində məcbur edilə bilər. Söhbət ölkənin AİB-ə KMTM-ə qoşulması, İran və Türkiyə ilə sərhədlərə nəzarət edilməsi, vahid hava hücumundan müdafiə sisteminin yaradılması və Xəzərə kənar güclərin buraxılmamasından gedir. Strateji hədəflər bundan ibarətdir. Azərbaycan 5 və ya 7 rayonun, ətraf rayonların lap hamısının qaytarılması müqabilində "sülhməramlı qüvvələr” adı altında Rusiya hərbi qüvvələrinin Qarabağa yerləşdirilməsinə razı olacaqsa, təkcə Qarabağı yox, bütövlükdə müstəqilliyimizi və suverenliyimizi də itirəcəyik. Bunu hakimiyyət rəhbərliyi bilməmiş deyil” – deyə politoloq bildirib.
Ekspert Natiq Cəfərli də hesab edir ki, Rusiyanın münaqişənin həllində istəyi belədir: "Rusiya istəyir ki, 5 rayonu Azərbaycana qaytarsın, Qarabağı birdəfəlik ermənilərə versin, Laçın və Kəlbəcər gələcək danışıqlar predmeti olsun, öz qoşunlarını Qarabağda rəsmi şəkildə "sülhməramlı” adı altında yerləşdirsin, bölgənin nəzarətini tam ələ keçirsin – bununla da, həm öz, həm də vassalı olan Ermənistanın maraqlarını təmin edir. Paralel olaraq Azərbaycan Avrasiya və Gömrük İttifaqına və Putin "NATO”-suna üzv olur. Buna razı olacağıqmı, olmalıyıqmı? Qarabağı birdəfəlik itirəcəyik, sonradan hətta güc yolu ilə belə torpaqlarımızı ala bilməyəcəyik, Kremlin Abxaziyada, Osetiyada qurduğu sxemə bənzər "oyun qaydalarını” poza bilməyəcəyik. Bunu anlamalıyıq, ölkəmiz üçün çox təhlükəli, müstəqilliyimizin belə itirilməsi ilə nəticələnə biləcək proseslər gedir”. – deyə N.Cəfərli qeyd edib.