Artıq bəzi işbazlar hərəkətə keçiblər; Eyyub Hüseynov: "Bu sahədə vəziyyətin daha da kəskinləşəcəyini gözləyirik, çünki...”
Xəbər verdiyimiz kimi, sentyabr ayında Azərbaycana kərə yağı idxalında kəskin azalma qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, ötən ay Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı avqusta nisbətən 2 dəfəyə qədər azalaraq cəmi 553,49 ton təşkil edib. Müqayisə üçün qeyd edək ki, cari ilin sentyabrına qədər bu məhsulların orta aylıq idxalı 1285,5 ton olub.
Yerli istehsalın daxili tələbatı ödəmədiyi bir şəraitdə kərə yağı idxalında qeydə alınan bu azalma, eyni zamanda, qiymətdə baş verən kəskin bahalaşma bazara saxta və aşağı keyfiyyətli məhsul çıxarılması üçün münbit şərait yaradır.
Redaksiyamıza daxil olan məlumata görə, artıq bəzi işbazlar hərəkətə keçiblər. Belə ki, tara istehsalı ilə məşğul olan kiçik sexlərə bahalı yağların qablaşdırılmasında istifadə olunan karton taraların sifarişində kəskin artım olduğu deyilir. Məlumata görə, həmin taraların üzərinə Avropa və Yeni Zelandiya mənşəli yağların saxtalaşdırılmış etiketləri vurulur.
Bundan əlavə, müxtəlif yollarla əhaliyə nehrə yağı təklif edənlərin sayı sürətlə artmaqdadır. Əsasən Lerik-Yardımlı, Gədəbəy-Daşkəsən bölgəsindən gətirildiyi deyilən bu yağların kiloqramı 8-9 manata satılır. Həmin yağların əsl nehrə yağı deyil, nehrə yağının müxtəlif bitki spredləri ilə qarışığından ibarət olduğu bildirilir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, tələb təklifi qarşılamadıqda saxta və keyfiyyətsiz məhsulların artması sübuta ehtiyac olmayan bazar aksiomudur: "Bu, bazarın yazılmamış qanunudur. Son vaxtlar bununla bağlı həddindən artıq şikayətlər alırıq. İstehlakçılar müraciət edirlər ki, aldığımız yağın keyfiyyəti özünü doğrultmur, satılan qiymətə uyğun gəlmir və sair. Düzünü deyim, bu vəziyyətin daha da kəskinləşəcəyini gözləyirik. Bildiyiniz kimi, sahibkarlığa yoxlamalar dayandırılandan sonra ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət çox pisləşib. Sahibkarlar bundan sui-istifadə edib bazarı saxta və təhlükəli məhsullarla doldururlar. Bununsa əhalinin sağlamlığına ciddi mənfi təsirləri olacaq.”
Birlik rəhbəri hesab edir ki, sahibkarlığa yönəlik yoxlamaların davamında yalnız qida təhlükəsizliyi deyil, Nazirlər Kabinetinin müvafiq qərarında adı olan bütün mallar üzrə təhlükəsizliklə bağlı yoxlamalara da icazə verilməlidir: "Nazirlər Kabinetinin 343 saylı qərarı var: təhlükəsizliyi təmin olunan malların siyahısıdır. O siyahıdakı bütün malların keyfiyyəti yoxlanmalıdır”.
Qeyd edək ki, gələn ilin yanvarından ölkədə Qida Təhlükəsizliyi üzrə Agentlik fəaliyyətə başlayacaq. E.Hüseynov bu qurumun təhlükəli malların satışını önləməsi perspektivinə elə də nikbin yanaşmır: "Dünya təcrübəsi göstərir ki, bu cür qurumlar uğur qazana bilmirlər. Məsələn, Ukraynada yaratdılar, amma ciddi nəticə əldə edə bilmədilər. Bizdə uğurlu olacağını gözləmirəm. Heç bir ictimai müzakirə aparılmır. Biz bu günlərdə Avropa Birliyi və Dünya Bankının nümayəndələri ilə görüşdük. Hökumət bu sahədə illərdən bəri formalaşmış olan beynəlxalq və yerli təcrübəni akkumulyasiya etmir.”(musavat.com)