Şəfəqə Doğru » Manşet » Azərbaycan Trampın gizli dəftərində - dekabrın 18-də açıqlayacaq

Azərbaycan Trampın gizli dəftərində - dekabrın 18-də açıqlayacaq

Azərbaycan Trampın gizli dəftərində - dekabrın 18-də açıqlayacaq
Dekabrın 18-də açıqlanacaq dörd əsas maddədən ibarət milli təhlükəsizlik strategiyasında ABŞ-ın dünya ölkələrində təsirinin artırılması var; politoloq: "Azərbaycan ABŞ üçün strateji baxımdan çox əhəmiyyətlidir”

ABŞ prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib. Qeyd olunub ki, sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, "güc vasitəsilə sülhün qorunması” və Amerikanın təsirinin artırılması.

"Geosiyasət geri qayıdıb, özü də ikiqat güclə qayıdıb”, - müşavir vurğulayıb.

Bu strategiyada həmçinin amerikalılara və onların maraqlarına təhlükələr müəyyən ediləcək. Belə təhlükələr sırasında Rusiya, Şimali Koreya və İranın qeyd ediləcəyi gözlənilir.

Sənəddə qeyd olunan maddələrdən 4-cüsü, yəni Amerikanın təsirinin artırılması məsələsi xüsusi diqqət çəkir. Uzun müddətdir ki, Amerika ekspertləri bildirirlər ki, ABŞ, xüsusilə də Azərbaycana münasibətdə daha təsirli addımlar atmalıdır. Ekspertlər hesab edirlər ki, əks təqdirdə, bu bölgədə Rusiyanın nəzarəti tamamilə güclənə bilər. Hazırkı şəraitdə isə faktiki olaraq Amerikanın radiosu, insan haqları ilə bağlı müxtəlif institutları, təşkilatları Azərbaycandan kənarlaşdırılıb. Müstəqil ekspertlər isə məhz bu məsələni də vurğulayaraq, Azərbaycanda Amerikanın təsirlərinin artırılmalı olduğunu söyləyib, çağırışlar edirdilər. 


"Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Amerikanın ümumən dünyaya təsiri tamamilə azalıb: "Trampın yürütdüyü siyasət nəticəsində Amerika artıq az qala dünyanın birinci dövləti hesab edilmir. Üstəlik də Trampın Qüds məsələsinə dair özünü doğrultmayan qərarı müsəlmanlarda anti-amerikan mövqeyinin güclənməsinə gətirib çıxarıb. Təbii olaraq başqa bölgələrdə də ABŞ-ın təsir və nüfuzu azalır. Bu boşluğu isə çox sürətlə Rusiya doldurmaqdadır. Rusiyanın Yaxın Şərqdə hərbi iştirakı əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artıb. Xüsusilə də Rusiya ərəb ölkələri ilə çox intensiv işləyir və onları öz nüfuz dairələrinə çəkə bilir. Amerika da əgər dünyadakı təsir dairəsini genişləndirmək istəyirsə, ilk növbədə özü ədalətli olmalıdır. Məsələn, çətin təsəvvür edirəm ki, Qüdsü İsrailin paytaxtı elan edən Tramp administrasiyası bundan sonra müsəlman dünyasında hansısa təsirini artırmağa müvəffəq olsun. Yaxud da bu, Amerika üçün çox çətin olacaq. Postsovet məkanındakı təsirlərə gəlincə isə bu məsələdə də Amerika Rusiyaya uduzur. Amerika Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə uyğun mövqe sərgiləmir. Bu da Rusiya üçün həllin mümkün variant kimi ərazi bütövlüyü ilə millətlərin öz müqəddəratını təyin etmək prinsipini ön plana çəkir. Halbuki bir millətin iki dəfə öz müqəddəratını təyin etmək hüququ yoxdur. Üstəlik də Dağlıq Qarabağda olan ermənilər gəlmələrdir, yerli aborigen deyillər. Bu xüsusda xeyli sayda arqument gətirmək olar ki, ABŞ yanlış mövqedədir. Güman etmirəm ki, bu mövqeyini düzəltmədən Amerika Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda hansısa təsirlərini artıra bilsin. Yalnız bölgəyə obyektiv münasibət bildirməklə təsirləri artırmaq olar. Elə bölgələr var ki, orada da Amerika Çinə uduzmağa başlayıb. Çin artıq Asiyanın pələnginə çevrilib və çətin ki, Amerikanın təzyiqlərinə tabe olacaq. Əksinə, Amerikanın Asiya qitəsindəki təsirlərini Rusiya ilə birlikdə azaltmaq üçün maksimum səy göstərirlər. Beləliklə də deyə bilərik ki, yuxarıdakı maddələri özündə birləşdirən qərarı qəbul etməkdə Tramp administrasiyası bir xeyli gecikib. Çünki mövqelərin bir qismi əldən verilib, bir qismini isə başqa dövlətlər ələ keçiriblər. Bu baxımdan qəbul edilən qərarların yerinə yetirilməsi işi çox çətin olacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan Amerika üçün strateji baxımdan çox əhəmiyyətlidir: "Məsələn, Əfqanıstanda NATO qoşunları var ki, əsasını Amerika ordusu təşkil edir. Həmin qoşunların bütün təchizatının 80 faizi Azərbaycan ərazisindən daşınır. Azərbaycanın əgər aerodromları, dəniz nəqliyyat vasitələri olmasa Əfqanıstandakı sülhməramlı qüvvələrini ayaqda tutmaq bəlkə də mümkünsüz olardı. Bundan başqa, Azərbaycan karbohidrogen ehtiyatlarının mühüm mərkəzidir. Bu gün Amerikanın əsas müttəfiqi olan Avropa Birliyi ölkələrinin bir çoxu öz yanacaq ehtiyatlarını Azərbaycan nefti hesabına ödəyir. Hazırda Yunanıstan və İtaliyaya Azərbaycan qazı gedib çatıb. Gələn ilin ortalarına qədər isə daha bir neçə ölkəyə Azərbaycan qazı göndəriləcək. Yəni Azərbaycan Avropanın neft və qaz təchizatında çox mühüm rol oynamaqla strateji əhəmiyyət kəsb edir. Üstəlik də Azərbaycanın ərazisindən keçən Bakı-Tiflis-Qars dəmir yolu xətti, qədim İpək yolunun bir növ yeni variantıdır. Bundan başqa da həmin xətt Avrasiya materikini birləşdirən çox ucuz və yaxın yoldur. Azərbaycanın geostrateji əhəmiyyəti bütün Avropa dövlətlərinə, o cümlədən Amerikaya da məlumdur. Bura Ermənistan və ya hansısa geridə qalmış ölkə deyil. Ona görə də ölkəmizin əhəmiyyəti günbəgün artır və beynəlxalq münasibətlərdə daha dinamik rol oynayırıq. Bu baxımdan da Amerika üçün Azərbaycan əhəmiyyətlidir”.