Əvvəlki yazımızda bayramı evdə deyil, hər hansısa bir məkanda ailəvi qeyd etmək istəyənlər üçün qiymətlərlə bağlı kiçik araşdırma təqdim etmişdik.
Təbii ki, hər ailənin daxildə yaratdığı qayda-qanun mövcuddur. Elə ailələr var ki, onlar üçün bayram günü bütün üzvlərin bir araya yığışması prioritetdir. Yəni, əksəriyyət bayramı evdə qeyd etməyə daha çox üstünlük verir. Təbii ki, bu təkcə mənəvi amillərlə bağlı deyil, maddi tərəflər də var.
Bildiyiniz kimi, hər hansısa bir məkanda bayramı keçirmək üçün adam başına 150-400 manat arası məbləğ tələb olunur. Bu təkcə bir nəfər üçün nəzərdə tutulmuş rəqəmdir. Orta statistik azərbaycanlının aylıq maaşı isə 150-500 civarındadır. Belə olan halda əlbəttə ki, bayramı ailəvi hər hansısa bir məkanda deyil, evdə qeyd etməyə üstünlük verəcəklər. Ancaq bayramı evdə keçirmək də elə də ucuz başa gəlmir. Buna bazardakı qiymətləri gördükdə bir daha əmin olduq.
Bayramqabağı "Yaşıl Bazar”a baş çəkib, qiymətlərlə maraqlandıq. Satıcılarla söhbət zamanı bildirdilər ki, əvvəlki illərlə müqayisədə alıcıların sayında kəskin azalma müşahidə olunur. Biz bazarda olduğumuz zaman da satıcılardan və nəzarətçilərdən başqa heç kimə rast gəlmədik.
Bazarda məhsulların qiyməti yerli və xarici olmağına görə fərqlənir. Yerli məhsullar nisbətən ucuzdur, xarici məhsulların qiyməti isə həm bahadır, həm də stabil deyil.
Bayram süfrələrində ən çox rast gəldiyimiz meyvələrdən bananın qiyməti 1. 5 AZN artaraq 3 manat olub. Ananas, cənnət alması 5AZN-dir. Çiyələk 7, portağal 3-3.5, feyxoa 8, əzgil 5, kinkan 5, xurma 3, ağ şanı 6, qara şanı 5, heyva 6, kivi 4, armud 6 AZN-ə satışa çıxarılıb. Narın kiloqramı isə 12 manata qədər yüksəlib.
Almanın qiyməti yerli və xarici olması ilə yanaşı növünə görə də dəyişir. Bazarda 1.5-5 AZN arası qiymətə təklif olunan almalara rast gələ bilərsiniz.
Tərəvəzlərin qiymətində də artım müşahidə olunur. Belə ki, türk bibəri 5, xiyar 3-4, pomidor 2-3, badımcan 2, yer kökü 0.70, yerli kartof 0.80, iran kartofu isə 1 AZN-ə alıcılara təklif edilir.
Çərəzlərin qiyməti digər ərzaq məhsullarla müqayisədə daha yüksəkdir. Qozun ləpəsinin qiyməti 10-25 AZN arası dəyişir. Qabıqlı qoz yerli 5, xarici 10, badam 8-10, fındıq qabıqlı 5, ləpə 9-10, xurma qurusu 4, əncir qurusu 10-13 AZN-dir.
Bayram süfrələrimizin şahı olan aş üçün ərzaqların qiyməti də ürəkaçan deyil. Əgər bayramda aş yemək istəyirsinizsə, düyünü 2, kişmişi 6, şabalıdı isə 10 AZN-ə almalısınız. Qaysının qiyməti 5-9, turşu 2-6 AZN civarındadır.
Ət məhsullarının qiyməti isə belədir:
Mal əti – 11 AZN
Qoyun – 12AZN
Quzu – 13AZN
Kənd toyuğu – 5 AZN
Hinduşka – 12 AZN
Qaz – 8 AZN
Balıqların da qiyməti növünə görə dəyişir:
Qızıl balıq – 30 AZN
Asitrin -35 AZN
Xanı balıq – 5 AZN
Naxçıvan sazanı – 10 AZN
Kütüm – 9 AZN
Kifal – 8 AZN
Qızıl farel – 16 AZN
Adi farel – 14 AZN
Şamayka – 4 AZN
Qızıl ağa – 12 AZN