"Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir? Bu doğru yanaşma deyil. Nə edirsən, yenə də elə narazı qalırlar”.
Bu sözləri Milli Məclisin son iclası zamanı deputat Hadı Rəcəbli deyib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deputatla razılaşmır və Moderator.az-a açıqlamasında deyir ki, əlillərə verilən maşınlar yenilənməlidir:
"Hadı Rəcəbli çox böyük yanlışlığa yol verib. Bilmirəm qanunda var, yoxsa yox, amma hesab edirəm ki, əlillərə verilən maşınlar vaxtaşırı yenilənməlidir. Bunun üçün bir müddət müəyyən edilməlidir. Necə ola bilər ki, bir dəfə verdilər, onunla da qurtardı. Bu prosessin məqsədi əlillərin rahat bir yerdən başqa yerə getməsini təmin etməkdir, belə çıxır ki, bir-iki il getdi, maşın xarab oldu, daha bu qayğıya ehtiyac yoxdur? Yanlış yanaşmadı. Müharibə əlilləri təkcə maşınla deyil, ümumiyyətlə hər şey ilə elə təmin olunmalıdılar ki, ömürlərinin axırına qədər heç bir ehtiyac duymasınlar, heç nədən çatışmazlıqları olmasın. Hadı Rəcəbli deyir ki, bir dəfə maşın verdik, bəsləridi. Bəs Hadı Rəcəblinin özü, görəsən villalar, restoranlar, istirahət zonaları tikdirməkdən, ən bahalı maşınlar almaqdan yorulmur? Nə üçün bir dəfə deputat olub kənara çəkilmir? 25 ildi yapışıb qalıb Milli Məclisdə".