Şəfəqə Doğru » Manşet » Qaz sayğacları ilə bağlı məsələ niyə mürəkkəbləşib? – PROBLEM

Qaz sayğacları ilə bağlı məsələ niyə mürəkkəbləşib? – PROBLEM

Qaz sayğacları ilə bağlı məsələ niyə mürəkkəbləşib? – PROBLEM

2017-ci ilin sonlarında bildirildi ki, yeni ildə qaz sayğacları sıfırlanacaq. Rəsmi məlumat verilməsinə baxmayaraq, əhali üçün qaranlıq qalan məqamlar çoxdur. Demək olar ki, insanların əksəriyyəti bunun necə baş verəcəyindən xəbərsizdir. Yəni işin mexanizmini anlamayan insanlarda müəyyən bir narazılıq hissi var. Xüsusilə də, yanvar ayının 1-dən sosial şəbəkələrdə və mətbuatda bu məsələ ilə bağlı müzakirələr aparılır. Mövzu ilə bağlı suallara cavab almaq üçün aidiyyatı qurumla əlaqə saxladıq.

"Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirdi ki, ötən ilin sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatıb və cari il üçün limitin hesablamasına start verilib: "Ötən il olduğu kimi, bu il də bildirişlərin verilməsi istirahət və bayram günlərinə təsadüf etdiyindən, yanvar ayının ilk həftəsi bu proses artıq yekunlaşdırılıb: "Sayğacların göstəricisində yaranmış fərqin olub-olmamağını aydınlaşdırmaq üçün abunəçilər yerli qaz xidmətinin satış şöbəsinə müraciət edə bilərlər”.

Şöbə rəhbəri qeyd etdi ki, "Azəriqaz” ötən ilin sonunda abonentləri Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limitin 2018-ci ilin 1 yanvar tarixindən başlayaraq smart-karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacağı barədə məlumatlandırıb: "Ödəniş ötən ilin dekabr ayında aparılıbsa, amma vəsaiti sayğaca yanvar ayında daxil edibsə, verilmiş limiti də keçibsə, o zaman bu abonentlər 10 qəpik tarifi ilə deyil, 20 qəpik tarifi ilə ödənişli qazdan istifadə edəcəklər. Ancaq ödəniş bu ilin yanvar ayının 1-dən etibarən smart-karta aparılıbsa, təbii ki, yeni 1700 kubmetr limitin verilməsi ilə əlaqədar "mavi yanacaq”dan 10 qəpik tarifi ilə istifadə edəcəklər. Bu barədə əvvəlcədən məlumatlar verildiyindən, istehlakçıların böyük əksəriyyəti artıq məlumatlıdırlar. Bununla belə, istehlakçıların ünvanladığı bütün suallar cavablandırılıb. Bir daha bəyan edirəm ki, istehlakçılara 1700 kubmetr təbii qaz limiti illik olaraq hesablanır. Ötən il yanvar ayının 10-na qədər bu proses yekunlaşıb. Bu il bu proses daha tez yekunlaşdırılıb”.

İ.Kərbəlayev deyir ki, "Azəriqaz”ın mütəxəssisləri tərəfindən monitorinq aparılıb: ”Mexaniki qaz sayğacları istifadə edən abonentlərin 20 faizi ayrılmış illik limiti keçiblər”. Sayğacın göstəricisinə abonent tərəfindən nəzarət etməyin mümkün olduğunu deyən İ.Kərbəlayev bildirib ki, fərq olacağı təqdirdə, abonent yaşadığı rayonun yerli qaz xidməti sahəsinin satış şöbəsinə və yaxud Regional Qaz İstismar İdarəsinə müraciət edə bilər.

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirir ki, smart-kartla işləyən sayğaclarda yox, mexaniki sayğaclarda bir sıra problemlər yaranıb: "Bir müddətdir ki, bu məsələ ilə bağlı həm sosial şəbəkələrdə, həm də mətbuatda çox ciddi müzakirələr gedir. Əslində, burada əhalinin bir günahı yoxdur. 2017-ci ilin 24-28 dekabr tarixlərində "Azəriqaz”ın yerli strukturları bütün qaz istehlakçılarına bildirişlər verməli idi. Və orada da qazın son sərfiyyatı göstərilməli idi. Ona görə ki, 31 dekabrdan sayğaclar sıfırlanacaqdı. Hər ayın axırı sayğac əsasında "Azəriqaz” ilə qaz ixracı idarəsi qazın dəqiq hesabatını aparır. Bunu necə ediblər, anlamıram. Bundan başqa, "Azəriqaz” hər ayın sonu sənaye və əhali qrupunun nə qədər qaz istehlak etdiyini müəyyənləşdirməlidir. Bu hesabat dəqiq aparılmadığına görə belə qeyri-müəyyənlik yaranıb. "Azəriqaz”da qaz sayğacları ilə bağlı xüsusi mərkəzləşdirilmiş server xidməti var. Həmin xidmət dəqiq olaraq hər bir abonentə uyğun hesabat aparır. Və orada bir düymə var ki, onu basmaqla sayğaclar sıfırlanır. Yəni bu çox asan bir mexanizmdir. Fikrimcə, qurumun əməkdaşları bu məsələyə daha məsuliyyətlə yanaşmalı idilər”.Shafaqadogru.com Cumhuriyyətə istinadən bildirir.