Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməlməsini təklif edib. O, bildirib ki, nikah müqaviləsi məcburiləşdirilməlidir. Bu müqavilə məcburi olarsa, boşanmaların da sayı azalar:
"Nikah müqaviləsinin bağlanmasında könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.
Sədaqət Vəliyeva
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən hüquq müdafiəçisi İradə Cavadova isə bunun qeyri-mümkün olduğunu söyləyib. O, bildirib ki, nikah müqavilələrinin məcburiləşdirilməsi əksinə boşanmaların sayını daha da artıra bilər:
"Mən bu fikirlə razılaşmıram. Əslində müqaviləni məcburiləşdirmək tamamilə qeyri-mümkündür. Çünki müqavilədə könüllülük prinsipi var və tərəflərin razılığı əsasında bağlanır. Ona görə də insanları məcburi olaraq nikah müqaviləsi bağlamağa vadar etmək olmaz. Hesab etmirəm ki, boşanmaların sayının artması nikah müqaviləsinin olmaması səbəbindəndir. Bilirsiniz ki, evlilik üçün tibbi arayışın alınması məcburidir. Bu, çox gözəl təşəbbüsdür və mən də bunu dəstəkləyirəm. Amma rayonlarımızdan mənə gələn məlumatlara görə, evlənmək istəyən cütlüklər həmin arayışları pulla alırlar. Yəni, tərəflər heç bir yoxlanışdan keçmədən bunu əldə edə bilirlər. Deməli bu təşəbbüs öz mahiyyətini itirdi və sadəcə pul mənbəyinə çevrildi.
Boşanmaların sayının azaldılması istiqamətində profilaktik tədbirlərin görülməsi, kütləvi informasiya vasitələrində ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində verilişlərin hazırlanmasına ehtiyac var. Həmçinin sosial sifarişlərin verilməsi, məhkəmə proseslərində hakimlərin daha çox barışıq mövqeyindən çıxış etməsi bu istiqamətdə önəmli faktorlardır.
İradə Cavadova
Bizim məhkəmələr boşanma zamanı uşağı birmənalı olaraq anaya verir və fikirləşmir ki, ana uşağa baxa bilər, baxa bilməz və ya uşaq ananı istəyir, yoxsa yox. Digər tərəfdən də ana əlindəki hüquqdan istifadə edərək atanı şantaj edir. Yəni uşağı ona göstərmir, ona vermir. Bu prosedurlar ailə münasibətlərini daha da gərginləşdirir. Türkiyədə bilirsiniz ki, "Zina davası" var. Yəni, ər arvada xəyanət edibsə, yaxud əksinə və bununla bağlı sübutlar toplanıbsa, təzminat davası açılır, həmçinin cütlüklər tez boşanmaq istəyirlərsə, onun üçün ayrıca təzminat verməli olurlar və s. Türkiyədə boşanmalar rahat olmur, ancaq anlaşmalı boşanmalar olur.
Əslində nikah müqaviləsi olsa və müqavilədə hər şey göstərilərsə, düşünürəm ki, o zaman boşanmaların sayı daha da artacaq. Nikah müqaviləsi o insanlar üçün yaxşıdır ki, həmin insanlar nikaha daxil olduqları zaman çoxlu əmlakları olur, yaxud daim əmlak alırlar və onlar istəmirlər ki, həmin mal-mülk yarı bölünsün. Dediyim kimi, nikah müqaviləsi boşanma prosesini sürətləndirir. Yəni, artıq hər iki tərəfin əlində boşanma üçün səbəb olur və belə olanda da məhkəmə uzun çəkmir.
Bizdə hətta boşanma mədəniyyəti də yoxdur. Bunun da təbliğatını aparmaq lazımdır. Ailə qurduqdan sonra münasibətlər qaydasında getməyə bilər. Bu, normal haldır. Amma bu prosesi 5-6 il uzatmaq uşaqların psixologiyasına mənfi təsir göstərir. Əgər boşanmaların qarşısını almaq istəyiriksə, daha fərqli addımlar atmalıyıq. Məsələn, cütlüklərin əmlakı yoxdursa, uşaqları varsa, onlara barışıq üçün 3 ay vaxt verilir. Həmin vaxtı 6 aya, 1 ilə qədər artırmaq olar. Necə ki, Türkiyədə boşanmalar uzun çəkir, təzminat məsələləri ortaya çıxır və s. Kişi qadını boşayanda, qadın tək qalırsa, ona təzminat ödəməlidir. Əgər tərəflərin qarşılıqlı olaraq məsuliyyətləri artırılarsa, o zaman boşanmaların sayı azalar, nəyinki nikah müqavilələrin məcburi şəkildə bağlanılmasını tətbiq etməklə. Dediyim kimi, nikah müqavilələrinin məcburi şəkildə bağlanılması könüllülük prinsipinin pozulmasına gətirib çıxarır, digər tərəfdən də boşanmaları daha rahat edir".
Çingiz Səfərli