Şəfəqə Doğru » Manşet » “İntihar edənlərin statistikası həyacan təbili çalmaq üçün kifayət edir”- QUBAD İBADOĞLU

“İntihar edənlərin statistikası həyacan təbili çalmaq üçün kifayət edir”- QUBAD İBADOĞLU

“İntihar edənlərin statistikası həyacan təbili çalmaq üçün kifayət edir”- QUBAD İBADOĞLU
"Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə istinadən dərc olunan rəsmi məlumata görə, ötən il 495 nəfər, 2016-cı ildə isə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib. Bu o deməkdir ki, 2016-cı ildə hər 10 gündə orta hesabla 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə orta hesabla 4 nəfər özünə ölümlə nəticələnən qəsd edib”.

 Shafaqadogru.com Hurriyyet.org-a istinadən  xəbər verir ki, bu barədəİqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

"Ötən il intiharlar 2016-cı ilə nisbətən 34 faiz artıb”

Q. İbadoğlu qeyd edib ki, ölümlə nəticələn özünəqəsdlərin statistikasının trend təhlili göstərir ki, intihar hadisələrinin dinamikası pozitivdir, yəni ildən-ilə artır: "Belə ki, özünəqəsd zamanı ölüm əmsalı 2016-cı ildə gündə 0,89, ötən il və cari ildə isə 1,35 olub. Beləliklə də intiharlar 2017-ci ildə 2016-cı illə müqayisədə 34 faiz artıb”.

"İntihar edənlərin 59 faizinin yaşı 40-dan az olub”

İbadoğlu diqqətə çatdırıb ki, ölümlə nəticələnən özünəqəsdlərin statistikasının struktur təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır: "Belə ki, ötən ay bu səbəbdən dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. Ötən ay intihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i isə uşaq olub”.

"Qanunların işləməməsi, ədalətsizlik insanları intihara sövq edir”

Q. İbadoğlu onu da vurğulayıb ki, intiharların səbəb-nəticə təhlili aparılmasa da, verilən məlumatlar əsasında çıxan qənaət ondan ibarətdir ki, özünəqəsd edənlərin əksəriyyəti dolanışıq vəziyyəti və güzəranı pis olan yoxsullar, borclular və işsizlərdir: "Cəmiyyətdəki naqislik, ədalətsizlik, məhkəmələrdə haqqın tapdanması, qanunların işləməməsi, dövlət orqanlarının üzərinə düşən vəzifəsini layiqincə yerinə-yetirməməsi, məmur özbaşınalığı və sair amillər insanları intihara sövq edən əsas inzibati səbəblər hesab oluna bilər”

"Hakimiyyət və cəmiyyət bu məsələdə müşahidəedici və laqeyd mövqe tutur”

"Ölümlə nəticələnən özünəqəsdlərin təqdim olunan statistikası həyacan təbili çalmaq üçün tələb olunan həddin çoxdan ötdüyünü deməyə kifayət edir. Baxmayaraq ki, mətbuatın kriminal xronologiyasında bu barədə məlumatlar operativ və təfərrüatlı olaraq təqdim edilir, amma hələ də həm hakimiyyət və həm də cəmiyyət bu məsələdə müşahidəedici və laqeyd mövqe tutur. Bu dəhşətli statisikanın təsdiq etdiyi ucuz ölümün səbəblərini ciddi araşdırılmır və qabaqlayıcı tədbirlər görülmür”, - deyə iqtisadçı təəssüf edib.

"Hakimiyyətdə bir nəfər də olsun cəsarətli adam tapılmır”

Q. İbadoğlu hesab edir ki, ölkədə vətəndaş cəmiyyətinin sıradan çıxarılması bu sahədə aparılan ictimai işlərin də səviyyəsinə mənfi təsir göstərib: "Hakimiyyətə gəlincə, orda bir nəfər də olsun cəsarətli adam tapılmır ki, gerçək vəziyyət barədə əlaqədar orqanlar qarşısında məsələ qaldırsın ki, belə ölümləri azaltmaq və dayandırmaq üçün preventiv tədbirlər hazırlansın”.

"Bir çox hallada intihar halları öz adı ilə rəsmiləşdirilmir”

İbadoğlu onu da nəzərə çatdırıb ki, ölümlə nəticələnən özünəqəsdlərlə yanaşı, intihara cəhd edənlərin sayında da artım dinamikası müşahidə ounur: "Eyni zamanda nəzərə almaq lazımdır ki, bir çox hallada intihar halları öz adı ilə rəsmiləşdirilmir, bəzi hallarda intihar olmayan hadisələr isə o adla qeydiyyata salınır. Odur ki, bu sahədə etibarlı statistika da hələ fomalaşmayıb”.