Şəfəqə Doğru » Manşet » Məmurun qardaşı biznes ortağını necə həbs etdirdi? – Şikayət

Məmurun qardaşı biznes ortağını necə həbs etdirdi? – Şikayət

Məmurun qardaşı biznes ortağını necə həbs etdirdi? – Şikayət
Məhkəmə Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiri Etibar Muradovun sifarişi ilə qərar çıxarır?

Son günlər vətəndaşlarımız məhkəmələrdə ədalətin və qanunların tapdanması ilə üzləşir. Bu bəzən ayrı-ayrı məmurların məhkəmələrə göstərdiyi təzyiqlər səbəbindən baş versə də, əksər hallarda hakimlər öz maraqları naminə qanunları heçdən görür və ədaləti ayaqlar altına atırlar. Təbii ki, bu, vətəndaşın ədalət keşiyində durmalı olan məhkəmə sisteminə, hakimlərə, insanların xoşbəxtliyi və ölkənin inkişafına xidmət etməli olan məmurlara qarşı inamını sarsıdır. Xıdırovlar ailəsi kimi... 

Bu günlərdə atasının haqsız həbsinə və ailəsinə qarşı edilən təzyiqlərə görə XəzərNews.az-a müraciət edən Samir Xıdırovun sözlərinə görə, bütün həyatı boyu Vətənə sadiq vətəndaş olmağa, dövlət başçısının yürütdüyü siyasəti dəstəkləməyinə, ailəlikcə dövlətimizin çiçəklənməsində böyük işlər görmüş Yeni Azərbaycan Partiyasının üzvü olmalarına baxmayaraq, öz vəzifəsindən sui-istifadə edərək şəxsi maraqlarını hər şeydən üstün tutan bəzi məmurlar onları dövlətdən incik salmağa çalışırlar.

"Bütün həyatı boyu balalarına halal əməyinin bəhrəsini yedirdən zəhmətkeş atama dələduzluq damğası vuraraq, onu həbsə atdırıb, ailəmizi başsız qoyublar. Kompressor üzrə mütəxəssis olan atam - İlham Xıdırov artıq bir neçə il idi ki, Rusiyadan və digər ölkələrdən hər növ kompressor və onun ehtiyat hissələrini gətirib quraşdırmaqla məşğul olurdu. Bu sahədə yaxşı qazanc əldə etmək üçün tək işləməyin çətin olduğunu görən atam 2014-cü ildə qarşılıqlı razılaşma əsasında "Tensar” şirkətində çalışan Elxan Muradov adlı bir şəxslə ortaq oldu. Onlar səylərini birləşdirərək bir çox planlarını həyata keçirir və bu işdən yaxşı gəlir əldə edirdilər. Hər iki tərəf ortaqlıqdan məmnun idi. Amma nədənsə Elxan Muradov iki ildən sonra ortaq işdən narazı olduğunu deyərək qoyduğu sərmayəni geri tələb etməyə başlayır. Məlumat üçün qeyd edim ki, atam 2014-cü ildə evimi girov qoyub bankdan 202 min AZN vəsait götürüb və bu pulun hamısını işə sərf edib. Onun şəriki Elxan Muradov isə ilkin olaraq bu işə 100 min ABŞ dolları məbləğində vəsait yatırıb. Sonradan ayrı-ayrı vaxtlarda bu işə ümumilikdə 380 min ABŞ dolları vəsait sərf edib. Atam birgə fəaliyyət göstərdikləri vaxt ərzində Elxana 310 min ABŞ dolları məbləğində pul verib. Birgə vəsait hesabına xaricdən gətirdikləri kompressorlardan 11 ədədi bu gün də Elxana məxsus ərazidə saxlanılır. Onlar satılanda təbii ki, Elxan Muradov özünə aid məbləği mütləq alacaq. Amma o, bir şərik kimi malın realizə olunmasına kömək etmək əvəzinə atama dələduzluq damğası vurmağa çalışır. Haqsız olduğunu bilə-bilə Bakı şəhəri Baş Polis İdarəsinə şikayət edib. İşə ədalətlə baxan Xətai rayon məhkəməsi sanksiyanı ləğv etsə də, Bakı Apellyasiya Məhkəməsi guya atamın istintaqdan yayındığını bəhanə gətirərək onun həbs olunması qərarını çıxarıb. Halbuki istintaq gedən müddət ərzində atamı nə vaxt çağırıblarsa, o, dərhal vaxtında gedib ifadə verib. 

Qeyd edək ki, Elxan Muradov Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiri Etibar Muradovun qardaşıdır. 

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və atam məhkəmə iclas zalında həbs edilib. İttihamda bildirilir ki, guya atam İlham Xıdırov zərərçəkmiş Elxan Muradovla aralarında olan biznes fəaliyyəti ilə məşğul olmaqla bağlı müqaviləyə əsasən, ondan aldığı 480 min dollardan 310 minini geri qaytarsa da, qalan hissəni qaytarmayıb. Buna görə də zərərçəkmişin şikayəti əsasında İ.Xıdırov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb”, - deyə vətəndaş məktubunda qeyd edir.

Samir Xıdırov bu işdə Elxana dövlətin maraqlarını şəxsi mənafeyinə qurban verən hüquq-mühafizə orqanlarının bəzi polis əməkdaşlarının kömək etdiyini bildirir. Əks halda bu iş üzrə istintaqı BŞBPİ-nin İstintaq İdarəsi tərəfindən aparılmazdı. Əslindı bu, özü artıq qanunsuzluqdan xəbər verir. Belə ki, AR CPM-nin 216-cı maddəsinin tələblərinə əsasən, ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi üzrə) aparılmalıdır. Belə olduğu halda bu işə Abşeron rayon Polis şöbəsi tərəfindən baxılmalıdır. Bundan əlavə, iki şəxs, daha dəqiq desək, iki şərik arasında yaranmış narazılığa məhkəmə mülki iş kimi baxmalıdır. Burada heç bir dələduzluqdan, cinayət əməlindən söhbət gedə bilməz. Samir qeyd edir ki, iş prosesində sifariş olunmuş 11 qiymətli avadanlıq bu günə kimi Elxana məxsus ünvanda saxlanılır. Həmin avadanlığın bir neçəsinin satılması kifayətdir ki, o, bu ortaqlığa yatırdığı pulu artıqlaması ilə geri götürsün.

Zərçəkmişin oğlu Samir Xıdırov artıq işə mülki qaydada baxılması üçün məhkəməyə müraciət edib. Atası ona vaxtilə üç illik etibarnamə verdiyi üçün buna tam hüququ çatır. Onun sözlərinə görə, atası İlham Xıdırovun həbsindən bir neçə ay əvvəl Elxan onu dəfələrlə həbslə hədələyib. Hətta özü və ailəsi üçün narahatlıq keçirən İlham Xıdırov bununla bağlı AR Prezident Administrasiyasının vətəndaşların müraciətləri və sənədlərlə iş üzrə şöbə müdiri Süleyman İsmayılova, Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Emil Usubova müraciət də ünvanlayıb. 

Samir Həbib Həbibli adlı müstəntiqin bu günə kimi birtərəfli istintaq apardığını, dövlətin qanunlarını pozduğunu söyləyir. İstintaq faktı olan avadanlıqlar nədənsə İlham Xıdırovun barəsində həbs qəti-imkan tədbiri həyata keçirildikdən sonra qiymətləndirmə üçün ekspertizaya göndərilib. Bütün bunlar azmış kimi, Elxan Muradov son variant kimi pul qarşılığında qohum-əqrabanı İlham Xıdırova qarşı ifadə verməyə vadar edir. 

Vəziyyət o həddə çatıb ki, Elxan Muradov məhkəmə zalında yaxınlarımın yanında "Lazım gələrsə, səni də həbs etdirirəm” deyərək, İlham Xıdırovun oğlunu hədələməkdən də çəkinmir. Amma Samir ailəsi ilə birlikdə haqq-ədalətin bərpası, günahsız yerə həbsdə olan atasının azadlığa qovuşması üçün sona qədər mübarizə aparacağını bildirir.

"Artıq bildirdiyim kimi, işə mülki qaydada baxılması üçün məhkəməyə müraciət etmişəm. Çünki istintaq orqanı tərəflər arasında olan sırf mülki xarakterli münasibətləri cinayət müstəvisinə keçirdərək süni ittiham yaradıb. Törədilmiş əməl o halda dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Atama İlham Xıdırova elan edilmiş dələduzluq ittihamı iş materialları ilə açıq-aşkar təkzib olunur. İstintaq orqanının qeyri-obyektivliyi onun hazırkı cinayət işinin istintaqının aparılmasını qeyri-mümkün edir. Atamın vəkili, o cümlədən də anam da bu günlərdə Bakı şəhər Prokuroru İlqar Abbasova müraciət edib. Mən əminəm ki, bü müraciətdən sonra mütləq cinayət işinin icraatına xitam veriləcək və iş mülki qaydada həll edilməsi üçün başqa istintaq orqanına həvalə olunacaq”, - deyə Samir Xıdırov redaksiyamıza müraciətində qeyd edir.