Şəfəqə Doğru » Manşet » “Vəkillər Kollegiyası sənədləri saxtalaşdırıb..." - Yalçın İmanovla bağlı məhkəmə prosesi

“Vəkillər Kollegiyası sənədləri saxtalaşdırıb..." - Yalçın İmanovla bağlı məhkəmə prosesi

“Vəkillər Kollegiyası sənədləri saxtalaşdırıb..." - Yalçın İmanovla bağlı məhkəmə prosesi
Fevralın 21-də Gəncə Şəhər İnzibati-İqtisad Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə hüquqşünas Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub.

Shafaqadogru.com  "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, məhkəmə baxışı martın 16-na təyin edilib.

Xatırladaq ki, 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun Vəkillər Kollegiyasından kənarlaşdırılması üçün məhkəməyə müraciət edib. Buna vəkili ictimai sabitliyin pozulmasında ittiham edən Penitensiar Xidmətin müraciəti səbəb olub.

Y.İmanov bildirib ki, öz peşə fəaliyyətini yerinə yetirərək müdafiə etdiyi şəxsə qarşı işgəncə faktlarını açıqlayıb.

Beynəlxalq Hüquqşünaslar Assosiasiyası və Avropa Şurasının insan hüquqları üzrə komissarı Y.İmanovun vəkillikdən kənarlaşdırılması barədə qərarı pisləyib.

Yalçın İmanov "Amerikanın Səsi"nə bildirib ki, bu gün (21 fevralda -red.) ilkin baxış zamanı verdiyi vəsatətlər təmin edilməyib.

O, ilk olaraq mübahisəli məhkəmə iddiasına əməl edilərək işin Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb.

"İndiyə qədərki məhkəmə praktikası göstərir ki, bu işlərə ümumi məhkəmələr baxıb. Mən uzun illərdir Sumqayıt şəhərində yaşayıram və oradakı hüquq məsləhətxanasında fəaliyyət göstərirəm. Vəkillər Kollegiyasının iddası Prossesual Məcəllədə nəzərdə tutulmuş iddia növlərinin heç birinə aid olmadığına görə, ona inzibati məhkəmədə baxıla bilməz”, – İmanov qeyd edib.

Vəkillər Kollegiyasını təmsil edən vəkil Bəylər Məmişov vəsatətə etiraz edib və hakim vəsatəti təmin etməyib.

İkinci vəsatətində İmanov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu iş üzrə iddiaçı ola bilməz. Çünki hüquqi şəxsin adı Vəkillər Kollegiyasıdır. Bu vəsatət də təmin edilməyib.

İmanov bəzi sənədlərin (Penitensiar Xidmətin 10 avqust 2017-ci il tarixli şilkayəti və mediadan çıxarışlar, Vəkillər Kollegiyasının İntizam Komissiyasının 9 sentyabr 2017-ci il tarixli rəyi, İntizam Komissiyasının rəyə əlavəsi və 20 noyabr tarixli qərarı, iclasın stenoqramı) ona verilməsi barədə də vəsatət qaldırıb.

Hakim vəsatəti qismən təmin edib və sənədlərin bəzisi ona təqdim edilib.

Bundan sonra Yalçın İmanov Vəkillər Kollegiyasının 20 noyabr 2107-ci il tarixli qərarının ləğv edilməsi barədə qarşılıqlı iddia verib. Eyni zamanda məhkəmə başa çatanadək vəkillik fəaliyyətinin müvəqqəti dayandırılması barədə Vəkillər Kollegiyasının qərarının ləğv edilməsi barədə vəsatət verib. Hakim bu vəsatətə növbəti iclasda baxılacağını bildirsə də, qarşılıqlı iddianı icraata götürməyib.

Məhkəmədə məlum olub ki, Vəkillər Kollegiyasının Yalçın İmanovla bağlı 2017-ci il 9 sentyabr tarixli ilkin rəyi sonradan dəyişdirilib.

"Vəkillər Kollegiyası sənədləri saxtalaşdırıb. 19 sentyabrda mənim iştirakımla keçirilən iclasda 9 sentyabr tarixli ilkin rəy elan edilib. Rəydə deyilirdi ki, vəkil Yalçın İmanovun intizam pozuntusuna yol verilməsi müəyyən olunmadı. İndiki rəydə isə yazılıb ki, vəkil intizam pozuntusuna yol verib. Vəkillər Kollegiyası saxtakarlıqla məşğul olub. Kollegiyanın təmsilçisi Bəylər Məmişov da dedi ki, o ilkin rəy olub, sonradan həmin rəy dəyişdirilib”, – İmanov qeyd edib.

O, Vəkillər Kollegiyasının rəhbərliyini kəskin tənqid edib.

"Vəkillər Kollegiyasının rəhbərliyi yalnız vəkillikdən uzaqlaşdırmaqla bağlı sifarişləri yerinə yetirmir, həm də sənədləri saxtalaşdırır”, – o, qeyd edib.

Vəkillər Kollegiyası hələ Yalçın İmanovun dediklərinə münasibət bildirməyib.