Məlumdur ki, Azərbaycanda xeyli sayda çörək istehsalı müəssisəsi fəaliyyət göstərir.
Shafaqadogru.com Cebhe.info-ya iisdinadən xatırladır ki, ən çox istehlak edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir. Yəni, çörək istehsalında birmənalı olaraq, yuxarıda sadaladığımız tələblərə əməl edilmir, məhəl qoyulmur. Nəinki, bölgələrdə, eləcədə də, paytaxtda yol kənarlarında üst-başı çirkli adamların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması - bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır. Artıq hətta buna reaksiya verməyib, göz də yumuruq.
Azərbaycanda çörək də daxil olmaqla qida təhlükəsizliyi sahəsində uzun illərdir hökm sürən bu cür vəziyyəti aradan qaldırmaq üçün geniş səlahiyyətlərə malik olan yeni dövlət strukturu - Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu baxımdan agentliyin çörək istehsalı və satışında gigeyenik normaların genişmiqyaslı pozulmasına qarşı necə mübarizə aparacağı maraqla gözlənilməkdədir.
Çörək bazarındakı vəziyyəti Cebhe.info-ya şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hazırda istənilən şəxs çörək istehsalı ilə məşğul ola bilir. Amma çörəkbişirmə müəssisələrinin əksəriyyətində vəziyyət ürəkaçan deyil:
"Çörək satışı, bazarın ən liberallaşmış bir seqmentidir. Kim harada, nədən istəsə, çörək düzəldir, alır-satır, təndirdə bişirir və sair. Bu bizneslə məşğul olanlara heç bir maneə yoxdur. Lakin söhbət açdığımız biznesin azadlığından sui-istifadə olunur. Təndir yerlərində tərkibi məlum olmayan, vaxtı keçmiş unlardan, yola səpilən duzların qatıldığı müxtəlif çörəklər görürük. Bolluq yaxşıdır, lakin təhlükəsizlik baxımından əlbəttə təhlükəlidir. Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Qanunun olmadığı şəraitdə də çörəklərdə problem var. Bəzən də çörəyə mayanı çox vurub, şişirdirlər. Bəzən də görürsən deyirlər ki, çörəyi aylarla saxlayırsan, amma qurumur. İndi təsəvvür edin ki, bunun təkibinə nələr qatılır ki, çörək qururmur. Tez xarab olan, kiflənən çörəklər isə kimyalaşmış çörəklərdir. Çörəklərin saxlanma müddəti 72 saatdan artıq deyil. Bundan sonra əslində, çörək qurumalıdır. Lakin bu, baş vermir. Daşınmasında da ciddi problemlər var. Çörəyi kim nəyin içərisində, necə gəldi daşıyır. Qida Təhlükəsizliyi Agentliyi bu işlərə son qoyacaq. Bu agentliyin işçiləri ilə görüşmüşük, onlara təkliflər vermişik. Lakin təəssüflər olsun ki, dövlət vəzifəsinə təyin olunan insanın nədənsə ayağı yerdən üzülür. Arzu edirəm ki, bu agentlik cəmiyyətin içərisində olsun. Çünki hamı qidalanır”.
Ekspert keyfiyyətsiz çörəklərin insan həyatı üçün törətdiyi ciddi fəsadlardan da danışıb:
"Yola səpilən duzlardan və digər mənşəyi bilinməyən qatqıların vurulduğu çörəkləri istehlak edən insanlarda ciddi mədə-bağırsaq xəstəlikləri əmələ gəlir. Amma insanlar bunu hiss etmirr. Çörək azərbaycanlıların çox istehlak etdiyi qida məhusllarından birincisidir. Təbii ki, keyfiyyətsiz çörəkdən davamlı istifadə kütləvi zəhərlənmə, oyanaqlarda ağır metalların toplaşması kimi ciddi fəsadlara gətirib çıxara bilər. Bu hal tədricən baş verdiyi üçün insanlar orqanizmlərində yaranan bu kimi təhlükəli məqamların çörəkdən olduğunu anlamır. Bundan başqa, çörəyin maşınların yük yerində daşınması da problemdir, baxmayaraq ki, bununla bağlı irad və təkliflər verilib. Qida məhsullarının heç birinə əllə toxunmaq olmaz. Çörəyə əllə toxunmaq məhsulu əlavə çirkləndirməyə məruz qoyur. Çörək daşınarkən çirkləndirildikdə qida xəstəliklərinə yoluxmaq mümkündür. Yəni, bu məhsulun daşınması prosesinə səthi yanaşmaq olmaz. Çörək xüsusi maşınlarda daşınmalıdır, həmin avtomobildə başqa ərzaq məhsullarının daşınmasına icazə verilmir. Üstəlik, bu maşınlar həftədə bir neçə dəfə təmizlənməli, yuyulmalıdır. Məhsula əllə də toxunmaq olmaz, mütləq əlcəkdən istifadə etmək lazımdır. Əks halda, təmas yolu ilə yoluxan infeksiya və viruslar çörəyə düşür, oradan da həzm sisteminə ötürülür. Bundan başqa, çörək satılan yerlə alıcı arasında məsafə olmalıdır, çünki digər qida məhsullarından fərqli olaraq çörəyi mikroblardan qorumaq mümkün deyil. Qaydalara görə nə alıcı, nə də satıcı çörəyə əllə toxuna bilməz. Amma sürücü sükan arxasından durub əllərini yumadan çörək daşıyır. İndi yediyimiz çörəyin nə qədər çirklənməyə məruz qaldığını siz təsəvvür edin”.
AİB sədri onu da əlavə edib ki, araşdırmalar zamanı bəzi çörək istehsal müəssisələrinin istehsal etdiyi məhsulun keyfiyyətinin aşağı olması çörəyin bişirilməsində istifadə olunan unun tərkibilə bağlı olduğunun məlum olduğunu deyib:
"Keyfiyyətli buğdalar hamısı dəyirmanlarda un kimi üyüdülüb çörəkbişirmə müəssisələrinə paylanılıb. İndi qalanlar hamısı köhnəlmiş, bit basmış buğdalardır. Hətta, ötən yay dəyirmanda üyüdülmüş unların da keyfiyyəti qaldıqca aşağı düşür. Problemin kökü məhz vaxtı keçmiş, bit basmış buğda və undan istifadə olunmasındadır. Belə unlar ucuz qiymətə satılır. Əla növ, birinci növ və ikinci növ unlar var. Bizim bəzi çörəkbişirmə müəssisələrində istifadə olunan un heç ikinci növə də uyğun deyil. Qab-qacağın, divarın, sobanın təmiz, təzə olması hələ yetərli deyil. Əsas çörəkbişirmədə istifadə olunan un, yağ və duzun tərkibidir. Un, yağ və duz keyfiyyətsiz olanda təbii ki, çörək də dadsız, xoşagəlməz olacaq".