Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi imkanları 20 il əvvəllə müqayisədə daha azdır. Manevr imkanları azalır. Ən həssas məsələ isə odur ki, ermənilər təkcə Dağlıq Qarabağa nəzarət etmir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə tədqiqatçı Tomas de Vaal "Azadlıq” radiosuna danışıb.
"Burada Dağlıq Qarabağa aid olmayan və Ermənistanın işğal etdiyi Azərbaycan rayonları ilə bağlı məsələ də var. Əlbəttə ki, Azərbaycan hələ də qaçqın olan yarım milyondan çox azərbaycanlının yaşadığı bu ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq. Digər tərəfdən isə ermənilər təhlükəsizliyin təminatı ilə bağlı zəmanət olmayacağı halda əraziləri geri qaytarmayacaq”, - Tomas de Vaal bildirib.
Ekspertin sözlərinə görə, bölgədə hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi həmişə yüksəkdir. Bununla belə, Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmir:
"Kim risk edərək kütləvi ölümlərə və dağıntılara səbəb olacaq belə bir münaqişəni başladacaq? Digər tərəfdən, qarşıdurma dərəcəsi çox yüksəkdir. Bunlara qarşılıqlı təhdidlər, şifahi səviyyədə bəyanatlar və təmas xəttində kütləvi ağır silah - artilleriya, aviasiya istifadəsi ilə bağlı hədələri aid etmək olar. Orada çox ciddi bir silahlanma var. Bu isə o deməkdir ki, cəbhə bölgəsində olan komandirlərin də münaqişədə öz çəkisi var. Ola bilər ki, hər hansı istiqamətdə artilleriya zərbəsi endirilsin və ya atəşkəs rejimi kobud şəkildə pozulsun. Bu zaman Bakıya və ya İrəvana zəng etməyə vaxt olmaya bilər və bu da özlüyündə böyük risklər daşıyır”.
Bununla yanaşı, ekspert əlavə edib ki, Qafqazda "köhnə" münaqişələr xarici dünya üçün qeyri-sabitliyin sabit elementlərinə çevrilib:
"Məsələyə diqqətlə yanaşanlar yeni konfliktlərin yaranması ehtimalını və çoxlu problemlərin olduğunu görür. Ancaq Vaşinqton, Brüssel və digər paytaxt şəhərləri üçün hazırda İran, Suriya, Şimali Koreya və Ukrayna kimi Qafqazdakı məsələlərdən daha vacib bildikləri problemlər var”.