Şəfəqə Doğru » Manşet » Tərtərdə Zahid Təhməzovun özünəməxsus “qaydaları“ var

Tərtərdə Zahid Təhməzovun özünəməxsus “qaydaları“ var

Tərtərdə Zahid Təhməzovun özünəməxsus “qaydaları“ var
Maliyyə idarəsinin müdiri büdcədən maliyyələşən qurumları özünün tətbiq etdiyi "qayda"larla işləməyə vadar edir.

Tərtər rayon icra başçısı Müstəqim Məmmədovla bağlı mətbuata bəzi kompromantların Zahid Təhməzov tərəfindən ötürüldüyü deyilir Son zamanlar Tərtər Rayon Maliyyə İdarəsində bir sıra xoşagəlməz halların yaşandığına dair redaksiyamıza müxtəlif səpkili informasiyalar daxil olur. Belə ki, əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, adıçəkilən idarənin rəisi Zahid Vahid oğlu Təhməzov dövlət büdcəsindən Tərtər rayonuna ayrılan vəsaitlərin düzgün xərclənməsinə, eləcə də tam şəkildə ünvanına çatdırılmasına nəzarət edə bilmir. Beləliklə, Tərtər Rayon Maliyyə İdarəsinin rəisinin rayondakı idarə, təşkilat və müəssisə rəhbərlərini gözümçıxdıya saldığını, onların işinə müdaxilə etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Zahid Təhməzov rayondakı büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bir adam belə qəbul edilməməlidir: 

"Deyilənlərə görə, tapşırığın icrasının vacibliyini qeyd etmək üçün xəbərdarlıq olunub ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi yoxlamaya məruz qalacaq. Belə çıxır ki, dövlət iqtisadiyyatımızın başqa-başqa sahələrində inhisarçılıqla mübarizə tədbirlərini genişləndirdikcə, məmurlar həmin inhisarçılığın müxtəlif modifikasiyalarını yeni sahələrə tətbiq etməyə müvəffəq olurlar. Heç kimə sirr deyil ki, bu gün bir sıra rayonlardakı rəhbər şəxslər, müxtəlif vəzifə sahibləri, bəzi büdcə təşkilatlarının rəhbərləri qohum və tanış adamlarının adını işə yazdırıb, sonra da onların əməkhaqlarını mənimsəyirlər. Yalnız yoxlamadan yoxlamaya iş yerində tapılan bu şəxsləri vaxtında xəbərdar etmək də məhz müəssisə rəhbərinin vəzifəsidir.

Görünür, Tərtər Rayon Maliyyə İdarəsinin rəisi olub-bitənlərdən xəbərdar olduğu üçün həmin işə götürənlərə şərik olmağa başlayıb. Yəni, o da bu işdə maraqlarının təmin olunmasına çalışır".Tərtər Rayon Maliyyə İdarəsinin rəisinin müxtəlif təmir-bərpa işlərinin aparılması üçün elan edilən tenderlərdən bir xeyli gəlir əldə etdiyini bildirən məlumatlı şəxs iddia edir ki, rayonun sosial-iqtisadi inkişafı üçün ayrılmış vəsaitlərin böyük bir qismi düzgün xərclənmir: "Bu pulların hara və hansı məqsədlər üçün xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilir. Bu arada, onu da qeyd edim ki, Zahid Təhməzov maliyyə idarəsinin rəisi postuna gələnə qədər bu günkü kimi imkanlı biri olmayıb. İndi isə o, yaranmış fürsətdən istifadə edərək rayon büdcəsindən maliyyələşən müəssisələri, əsasən də kənd icra nümayəndəliklərini, bağçaları, səhiyyə, təhsil və mədəniyyət şöbələrini, həmçinin büdcədən maliyyələşən digər təşkilatları, yerli rayon qurumlarını özünün tətbiq etdiyi "qayda"larla işləməyə vadar edir. Məhz elə bu səbəbdən də hazırda onun Bərdə rayonunda əzəmətli, kifayət qədər bahalı villası, Bakıda bir neçə mənzili, eləcə də ticarət obyektləri var". 

Bakunews.az AzFakt.com-a istinadən xəbər verir ki, Zahid Təhməzov hazırkı icra başçısı Müstəqim Məmmədovun sadəlövlüyündən istifadə edərək idarə və təşkilatlara istəyi haqqı qoya bilir. Bunun səbəbi isə Zahid Təhməzovun Bərdə rayon ira başçısı Vidadi İsayevlə yaxın olması və onun xətti ilə Vəliyevlərlə müəyyən əlaqələr qurması göstərilir. İddiaya görə Zahid Təhməzovun hazırda ən böyük arzusu Yelmar Vəliyevlə isti münasibət qurmaq və bu münasibətdən gələcəkdə istifadə etməkdir. Maliyyə idarəsi müdirinin yaxın ətrafının bildirdiyinə görə Zahid Təhməzovun Vəliyevlərlə münasibət qurmasında əsas planı, onların təbbəsi olmaq və gələcəkdə yaxın ətrafdakı rayonlardan birini icra başçısı təyinatı almaqdır. Hətta bir aralar rayon icra başçısı Müstəqim Məmmədovun maliyyə maxinasiyalarını mediaya məhz Zahid Təhməzovun ötürdüyü deyilir. İdarə müdiri icra başçısını mətbuatda "vurmaqla" və gündəmə gətirməklə onu hakimiyyətin yuxarı dairlərində nüfuzdan salmaq istəyirdi. Ancaq bir müddətdən sonra Müstəqim Məmmədovla münasibətlərini yaxşılaşdıran Zahid Təhməzov icra başçısına qarşı kompramant savaşını daynadırdı. Bildirək ki, Tərtər maliyyə idarəsinin müdiri Zahid Təhməzovun büdcə təşkilatlarının əli ilə ay ərzində nə qədər vəsaiti necə silməsi ilə bağlı yaxın günlərdə oxucularımıza təfərüatlı məlumat verəcəyik. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.