Şəfəqə Doğru » Manşet » Sabiq erməni nazir: "Azərbaycanın təslim olması üçün Bakıya girməli idik"

Sabiq erməni nazir: "Azərbaycanın təslim olması üçün Bakıya girməli idik"

Sabiq erməni nazir: "Azərbaycanın təslim olması üçün Bakıya girməli idik"
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanan Bişkek protokolu haqqında danışıb.

Qaynarinfo erməni KİV-nə istinadən xəbər verir ki, sabiq müdafiə naziri erməni millətinin bir qisminin Qarabağ müharibəsini başa çatdıran atəşkəs anlaşmasının (Bişkek Protokolu) yanlış olduğunu və erməni silahlı birləşmələrinin Azərbaycanın tamamilə kapitulyasiyasına (döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq, rəqibin tələblərini qeyd-şərtsiz qəbul etməsi - red.) qədər mübarizəni davam etdirməli olduqlarını düşünündüyünü bildirib.

Arutunyanın sözlərinə görə, Azərbaycan 1994-cü ildəki atəşkəsdən sonra erməni qüvvələrini Qarabağın 1988-ci ildəki sərhədlərinə sıxışdıracağını ümid edirdi.

"Ona görə Azərbaycan atəşkəs müqaviləsini imzaladı. Hazırda ermənilərin bir qismi bu müqavilənin imzalanmasını doğru hesab etmir və o vaxt Azərbaycanı təslim olmağa məcbur etmək lazım olduğunu düşünürlər. Amma bu yanlış yanaşmadır. Çünki Azərbaycanın təslim olması üçün Bakıya girməli idik.

Ümumiyyətlə, düşmənin təslim olması üçün ordusunu tamamilə məhv etmək lazımdır. Amma atəşkəsin imzalandığı bir vaxtda Azərbaycan ordusunun həm silahı, həm də canlı qüvvəsi getdikcə artırdı", - deyə Arutunyan bildirib.

"Bişkek protokolu" Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəddir. Bunun nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olunub.