Azərbaycanın sayca üçüncü peyki olan "Azərspace-2” may ayının 25-də orbitə göndəriləcək.
Bu barədə korporativ kommunikasiya departamentinin direktoru Aysel Soltanova Real TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu peyk hazırkı müştərilərə öz xidmətlərini genişləndirməyə imkan verəcək.
Qeyd edək ki, ABŞ-ın peyk operatoru "İntelsat” şirkətinin orbitdəki 45 dərəcədəki mövqeyinə "Azerspace 2” peykinin buraxılmasına dair ilkin razılıq 2014-cü ildə əldə edilib.
İntelsat 50-dən çox peyki ilə dünyanın ən böyük peyk operatorudur. Azərbaycanın 3-cü peykini də orbitə buraxacaq "Arianspace" şirkəti isə 1980-ci ildən fəaliyyət göstərir.
"Arianespace" dünyanın əksər ölkələrində mövcuddur: Fransada, Birləşmiş Ştatlarda, Yaponiyada və Sinqapurda şirkətin nümayəndəlikləri yerləşir. "Arianespace" kosmik aparatları Cənubi Amerikadan, ya da Mərkəzi Asiyadan orbitə göndərir. 3-cü peykimizin orbitdə istifadə müddəti "Azərspace-1" ilə müqayisədə 6 il çox olacaq.
"Azərspace-2” Avropa, Mərkəzi və Cənubi-qərbi asiya , yaxın şərq və tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qrumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq imkanı yaradacaq.
Peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
Qeyd edək ki, "Azerspace-1" peyki orbitə 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb.
"Azersky" peyki bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.
"Azersky" peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.