Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti "ənənəvi” olaraq yüksək məbləğlərdə qeyri-qanuni gəlirlərin əldə olunması üçün ən münasib qurumlardan biri kimi tanınıb. Bu gün də departamentin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və bir sıra başqa idarələr sanki nisbətən az əhəmiyyət verilən, daha dəqiq desək az nəzarət olunan müəssisələrdir. Bu hal isə təbii ki, həmin idarələrə ayrılan külli-miqdarda vəsaitlərin mənimsənilməsi üçün ideal şərait yaratmlş olur. Qeyd etmək lazımdır ki, bu gün BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyevin özü də indiyədək çalıdığı bütün vəzifələrdə məhz elə müxtəlif rüşvət yığımlarında, mənimsəmə hallarında adının çəkilməsilə dəfələrlə medianın gündəminə gəlib. Maraqlıdır ki, məlum "MTN işi” ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həbsindən dərhal sonra, mətbuat səhifələrində bu şəxsin bacısı oğlu, Rəfail Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox iri miqyaslı maxinasiyalar barədə açıqlamalar yer almağa başladı: "Vidadi Zeynalov kimi onun bacısı oğlu, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin rəhbəri Rəfail Mehrəliyev də çox iri rüşvət donorudur. Dayı-bacıoğlu davamlı olaraq, biri Hacıbala Abutalıbova, digəri isə Əli Abbasova rüşvət daşıyırlar...” Bəzi mənbələrin iddiasına görə, Vidadi Zeynalov məhz 1995-1999-cu illər ərzində, Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışdığı dövrdə, öz varidatının əsas hissəsini formalaşdıra bilib. Eyni zamanda da vurğulanır ki, 90-cı illərin ortalarından bu vaxta qədər Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də nəzarət Vidadi Zeynalovun əlində olub. Daha dəqiq desək bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz Vidadi Zeynalov həyata keçirib. Məhz elə bu məqsədlə də, o, Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib. Açıqlamalara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub. Amma daysıının işdən qovulması, Rəfail Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub. Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfail Mehrəliyevin də mövqeylərini möhkəmlətməyə nail ola bilib. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla yaxın qohumluq əlaqələrində olduğundan, Rəfail Mehrəliyevin də karyera yüksəlişi asan həyata keçir. Nəhayət 2012-ci ildən, bu məmur Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik etməyə başlayır. Vidadi Zeynalov isə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində əyləşməklə, paytaxtın kommunal təsərrüfatına ayrılan külli-miqdarda vəsaitlərin xərclənməsinə nəzarətini daha da gücləndirmiş olur. Qəribədir ki, hətta Vidadi Zeynalovun hənsindən sonra da Rəfail Mehrəliyev öz mövqeyini qoruyub saxlamağa müyəssər ola bilib. Bu xüsusda açıqlama verən mənbələr isə, bu halı departament direktorunun mənimsədiyi büdcə vəsaitlərinin böyük bir hissəsini "lazım olan adamlarla” bölüşə bilmə bacarığı ilə izah edirlər...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.