Şəfəqə Doğru » Manşet » Trampın mesajı və Lö Drianın Bakı səfəri – Məqsəd

Trampın mesajı və Lö Drianın Bakı səfəri – Məqsəd

Trampın mesajı və Lö Drianın Bakı səfəri – Məqsəd
Fransa XİN rəhbərinin səfəri əsnasında Ermənistanda baş verən son olayların təhlilini də aparmaq mümkündür. Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistana təsir edəcək gücə malik bir dövlətdir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Fransanın XİN rəhbərinin ölkəmizə səfəri kifayət qədər əhəmiyyətlidir:
"Fransa Avropanın aparıcı dövlətlərindən biri olmaqla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədridir. Eyni zamanda, bu ölkədə erməni lobbisi, Ermənistanla çox yaxın əlaqələri olan qüvvələr var. Bizim Fransa ilə həm mədəni, həm də iqtisadi sahədə əməkdaşlığımız mövcuddur. Bu əməkdaşlıq həm də strateji sahələri əhatə edir. Fransa XİN rəhbərinin Azərbaycana səfərinin Cümhuriyyətin 100 illiyinə təsadüf etməsi isə xüsusi əhəmiyyət kəsb edir. Bu səfər nəticəsində o, Azərbaycandakı reallıqları öz gözləri ilə görmək, eyni zamanda, iqtisadi, siyasi və hərbi baxımdan Azərbaycanın apardığı islahatlarla yaxından tanış olmaq imkanı əldə etdi. Bu səfər bir sıra məqamların müzakirəsinə fürsət yaratdı”.
Politoloq vurğulayıb ki, Minsk Qrupu öz hesabatlarını müvafiq olaraq XİN-ə verir və yalnız bundan sonra müəyyən addımlar atılır:
"Bu səfər bizə birbaşa XİN rəhbəri ilə görüşüb müəyyən məqamlara aydınlıq gətirmək fürsəti yaradır”.
Politoloq qeyd edib ki, Azərbaycan üçün çox mühüm addımlar atıla bilər:
"Məlumdur ki, iyunun 12-də TANAP layihəsi istifadəyə verilir. Azərbaycan Avropanın iqtisadi, eyni zamanda, enerji təhlükəsizliyində çox mühüm tərəfdaşıdır. TANAP layihəsinin istifadəyə verilməsi geosiyasi xəritəni dəyişmək imkanı yaradır. Bu da Azərbaycanın çox mühüm bir partnyor olduğuna dəlalət edir. Məhz buna görədir ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Azərbaycanın çox strateji əhəmiyyətli partnyor olduğunu vurğuladı. Buna görə də istər Fransa XİN-in, istərsə də il sonuna doğru Makronun Azərbaycana səfəri çox əhəmiyyətlidir”.
Qeyd edək ki, Fransanın Xarici İşlər naziri Jan-Iv Lö Drian Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bakıya səfər edib.