İyunun 10-da prezident İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib. Səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib. Sonra Mixail Boçarnikov etimadnaməsini İlham Əliyevə təqdim edib. Ölkə başçısı səfirlə söhbət edib. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Regionda və Azərbaycanda ciddi maraqları olan daha bir böyük dövlət -ABŞ isə hələ də Azərbaycana yeni səfir təyin etməyib. İki ay yarımdır ki, ABŞ Azərbaycanda səfirsizdir. Azərbaycanın əhəmiyyətinin artdığı deyildiyi bir vaxtda Vaşinqtonun səfir təyinatını gecikdiməsi nədəndir? Bu, ABŞ-ın Azərbaycana dolayısı ilə hansısa mesajlar çatdırması hesab oluna bilər?
Siyasi analitik Yeganə Hacıyeva "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi tərəfdaşı, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan aparıcı tərəfdaşı kimi, Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir: "Həmçinin, danılmaz fakt budur ki, Azərbaycan ABŞ-ın vacib hərbi-strateji, etibarlı iqtisadi tərəfdaşı kimi, qlobal enerji təhlükəsizliyi mövzusunda etibarlı tərəfdaşı kimi, həm də ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. ABŞ Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan hava məkanından istifadə edir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından istifadə etməklə həyata keçir.
Azərbaycan ABŞ-a və NATO tərəfdaşlarına lojistik və tranzit yardımında hərbi yüklərin 40 %-nin daşınmasında qeyd etdiyimiz şimal paylayıcı şəbəkəsi strateji tranzit yolu, Əfqanıstandakı ABŞ hərbi heyətinin hərəkətliliyi üçün təhlükəsiz tranzit yolu olan, 2002-ci ildən Əfqanstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və aparıcı tərəfdaşıdır: ”Sırf ABŞ-ın səfir təyinatı məsələsi və onun pərdə arxası səbəbləri haqqında danışmadan öncə, münasibətlərdəki hərəkətlilik haqqında danışmaq istəyirəm. ABŞ Prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik məktubu münasibətlərin səviyyəsini qeyd edir. Tramp Azərbaycan və Birləşmiş Ştatların günümüzün mürəkkəb regional çağırışlarının həlli üçün birgə işləyərək daha sıx tərəfdaşlığı arzusunda olduğunu bildirir. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığımızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi, enerji sahəsində illərlə davam edən əməkdaşlığımızı diqqətə alaraq, Cənub Qaz Dəhlizi vasitəsilə ilk qazın nəqli sayəsində Avropanın zəruri enerji təhlükəsizliyində alternativ enerji təminatını əldə etməsini inanılmaz bir nailiyyət kimi göstərir.
Bunun müqabilində yaranan regional imkanları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi imkanlar kimi dəyərləndirir. Donald Trampın xüsusi təbrik məktubundan bir gün sonra ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinki ölkəmizə səfər edir və Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olur. Görüşdə yenə də Azərbaycan ilə ABŞ arasında siyasi, enerji və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələri, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu müzakirə olunur. Müzakirə olunan mövzulardan biri də əlbəttə yeni səfir təyinatı və onu şərtləndirən məqamlardır.
Görüşdən iki gün sonra ABŞ Azərbaycan münasibətlərində kənar təsirlər vasitəsi ilə neqativ rol almış və rəsmi Bakının haqlı iradının ünvanı olan ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Komissiyası müsbət bəyanat paylaşaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını diqqətə gətirdi. Səfir təyinatı əslində o qədər çox gecikmir. İki ay yarım elə də böyük zaman deyil. Hazırda daha bir neçə ölkədə ABŞ-ın yeni səfiri təyin olunmayıb. Prosedur qaydalar mürəkkəbdir və zaman ala bilir. İrəlidəki bir neçə ayda yeni səfirin təyinatının şahidi olacağıq. Səfir təyinatının hələ həyata keçirilməməsində Azərbaycana hansısa dolayısı mesaj və ya təzyiq məqsədi güdüldüyü versiyası inandırıcı deyil. Yuxarıda qeyd etdiyimizs kimi, Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir".