Qız övladlarının doğumunu stimuluşdırılması, selektiv abortların qarşısının alınması məqsədilə proqram yaradıla bilər. BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində bu məsələ yer alıb.
Burada yalnız qız övladı olan ailələrə dəstək verəcək proqramların yaradılması və icra edilməsi təklif edilir. Qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi kimi) verilməlidir. Bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə qız uşaqlarının doğulması üçün ailələrə xüsusi stimullaşdırıcı yardımların verilməsini dəstəkləmədiyini bildirib: "Əgər bu gün "Ailəyə dəstək daha çox qız, yoxsa oğlan tərəfindən gəlir?" deyə bir təhlil aparılsa, inanıram ki, üstünlük qız övladlarına veriləcək. Bu gün qızlar ata-anasına daha çox dəstək verirlər, nəinki oğlanlar. Qız uşaqlarını saxlamaq üçün ailəyə pul, yaxud başqa yardım edilsə, daha çox qız uşaqlarının doğulmasına meyil yaranacaq".
S.Qəhrəmanova hesab edir ki, bu cür yardımların edilməsindənsə, ailələr üçün dəstək proqramlarının genişləndirilməsi daha faydalı olar:
"Azərbaycanda ailələrə özünüməşğulluğun təmin edilməsi üçün vəsait verilir. Bu vəsait ailəyə öz biznesinə başlamağa yadım edir. Bunu inkişaf etdirmək lazımdır. Biz komitə olaraq, belə məsələlərlə də rastlaşırıq ki, hansısa bir kənddən qız uşağı ali məktəbə qəbul olunur, ailənin isə ona maddi dəstək verməyə imkanı çatmır. Məsələn, Qaxın kəndlərindən birində yüksək balla ali məktəbə qəbul olunan qızın təhsil almaq imkanı yox idi. Komitənin müraciətindən sonra onun qəbul olunduğu universitet qıza dəstək verdi və qız təhsilini davam etdirə bildi. Qız uşaqlarının inkişafı üçün müvafiq orqanlar tərəfindən onlara belə dəstəklər göstərilməlidir".
Qeyd edək ki, 2017-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda hər yenidoğulan 100 qıza 114 oğlan düşür. Bioloji normaya görə isə, 100 qıza 105-106 oğlan normal hesab edilir.
Bu istiqamətdə fəaliyyət planının hazırlanması disbalansın aradan qalxmasına stimul verə bilərmi? Əgər belədirsə, fəaliyyət istiqaməti məhz bu məsələlərlə yönələn dövlət komitəsi niyə bunun əleyhinə çıxır?
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanın müvafiq qanunvericiliyinə görə, selektiv abortlar qadağan edilib:
"Bu, da son illərdə Azərbaycanda doğulan uşaqların sayının qızlarının sayına nisbətən artması ilə bağlıdır. Bu hal təkcə Azərbaycana aid deyil, dünya üzrə belə bir statistika mövcuddur. BMT Əhali Fondu açıqlama verib ki, bu tendensiya davam edərsə, 2050-ci ildən sonra hər il oğlan uşaqlarının sayı qız uşaqlarının sayına nisbətən 15 min nəfər artacaq. Bu da ciddi demoqrafik problemə gətirib çıxaracaq. Azərbaycanda da qız uşaqlarının sayının azalması ilə bağlı həyəcan tədbiri çalınır. Buna görə də dövlət orqanları beynəlxalq qurumlarla birlikdə tədbirlər görürlər. Qanunvericilikdə də selektiv abortların qadağan edilməsi bununla bağlıdır”.
Ülkər Abdullayeva qeyd edir ki, qanunvercilikdə təkcə qız uşaqlarının deyil, həm də oğlan uşaqlarının abortları da qadağan edilir:
"Onların məhz cinsi nöqteyi nəzərdən ləğv edilməsi yolverilməzdir və gender diskriminasiyası yaradır. Biz QHT kimi davamlı olaraq bunun əleyhinə təbliğat aparırıq. Təbii ki, gələcəkdə oğlan uşaqlarının selektiv abortlarıı başlayarsa, biz bunun da əleyhinəyik. Dünyada qız oğlan balansı kimi 49-51 normal hesab olunur. Qadın və kişilər arasında fərq bundan çoxdursa, bu təhlükəli hesab olunur. Hesab edirəm ki, sözügedən əməkdaşlıq lazımı istiqamətə yönələrsə, ciddi maarifləndirmə proqramları həyata keçirilərsə, nəinki təkcə dövlət qurumları, QHT-lər də bura cəlb edilərsə, ciddi nəticələr əldə etmək mümkündür”.
Konkret olaraq qız övladları olan ailələrə maddi yardım verilməsinə gəlincə, qadın hüquqlarının müdafiəçisi hesab edir ki, bu da balansın qorunması istiqamətində bir addımdır. Amma o, yalnız bunun effektli olacağını güman etmir:
"Bu stimulverici addımdır, bunun müəyyən müddət üçün demoqrafik prosesə təsiri ola bilər. Amma hesab edirəm ki, bu istiqamətdə ciddi maarifçilik işləri aparılmalıdır. Çünki, Şərq cəmiyyəti olduğumuza görə biz də oğlan uşaqlarına meyilli cəmiyyətik. Bu streotipləri sındırmaq lazımdır. Bunu edəndən sonra hər şey yoluna düşəcək”.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın açıqlamasına gəlincə, Ülkər Abdullayeva deyir ki, komitə sədrinin narahatçılığı da başadüşüləndir:
"Monqolustanda qızların sayı oğlanlardan ifrat dərəcədə çoxdur. Hər 10 qıza 1 oğlan düşür. Hətta bir neçə il əvvəl onlar Türkiyəyə müraciət etmişdilər ki, oğlanları bura göndərsinlər və onlar monqol qızları ilə evlənsinlər. Kəskin disbalansın olması pisdir. Amma mən inanmıram ki, bu addımlar effektiv olsun. İlk növbədə qız uşaqları olan ailələrə o qədər də böyük pulların ayrıla biləcəyini düşünmürəm”.
Xatirə Nəsirova
Cebhe.info