Seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistan baş naziri səlahiyətlərini yerinə yetirən Nikol Paşinyan Azərbaycana əraziləri vermək üçün mandat alacaq.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
"Əgər bəzilərinin dediyi kimi, bu sözləri həqiqətən Sasun "ağzından qaçırmış” olsaydı, o, ikinci dəfə də eyni sözləri təkrarlamazdı və Paşinyan onu dəstəkləməzdi. Bu, hərbçi deyil, mülki vətəndaşın dilindən çıxsaydı, mən bunun "ağzından qaçırılmış söz” olduğuna inanardım”, - Vrtanesyan bildirib.
Ekspert qeyd edib ki, Nikol Paşinyan Azərbaycan Prezidenti ilə "lift diplomatiyası”nı oynamağı bacardı və buna görə də o, indi rahatlıqla hakimiyyət uğrunda mübarizə aparır. Və bu zaman Ermənistan Silahlı Qüvvələri Naxçıvandakı mövqeləri vurmaqdan tam məhrum oldu və azərbaycanlılar öz mövqelərini möhkəmləndirməyə davam edir.
Vrtanesyan bildirib ki, dünən Nikol Paşinyan seçicilərin reaksiyalarını yoxlamaq üçün "yem atdı”:
"Əgər Qarabağ məsələsi tamamilə Paşinyan hakimiyyətinin səlahiyyətlərinə verilsə, onların reaksiyası necə olacaq? Belə görünür ki, onun təklifi alqışlarla qarşılandı. Bir neçə saatdan sonra bu təcrübəni Gümrüdə yoxladılar. Reaksiya eyni oldu”.
Qeyd edək ki, dünən Paşinyanın rəhbəri olduğu Mənim Addımım Blokunun üzvü Sasun Mikaelyan aprel inqilabının Qarabağ müharibəsindəki qələbədən yüksək olduğunu bildirib.