2014-cü ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqəni müsbət adlandırmaq olar, ancaq seçim üçün 3 aylıq təlim, test və müsahibə kifayət deyil.
Bu sözləri axar.az-a təhsil eksperti Kamran Əsədov bu il ərzində məktəb direktorları ilə bağlı mediada yazıların dərc edilməsi, direktorlar barədə polisə, hətta məhkəməyə müraciət edilməsi və buna gətirib çıxaran səbəblər barədə danışarkən deyib.
O bildirib ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan bəzi şəxslər bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib:
"Direktorların seçilməsi üçün keçirilən müsabiqədə boşluqlar var. Onlara təqdim edilmiş suallar iddiaçıların psixoloji durumunu yoxlamağa imkan vermir. Sizə statistik məlumatlar deyim: Bakı üzrə 317 məktəbdən 70-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 340-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu, çox aşağı rəqəmdir.
Təəssüf ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki köhnə qaydaları öyrənən kollektiv yenilik gətirmək istəyən şəxsi qəbul etmək istəmir”.
Ekspert hesab edir ki, məktəb direktorunun bu vəzifəni tutması üçün onun imtahandan keçməsi kifayət etmir:
"Test mərhələsində təqdim edilmiş suallar tam şəkildə təhsilin miqyasını əhatə etmir. Düşünürəm ki, imtahan prosesini daha da təkmilləşdirmək, müsabiqə və müsahibədən uğurla keçənləri təlimlərə cəlb etmək, ardınca peşəkar direktorların yanına direktor müşaviri kimi təyin etmək lazımdır. Bundan sonra onların təyinatını həyata keçirmək olar. Çünki təcrübəsiz şəxslərin adi test yolu ilə qəbul edilməsi daha ciddi fəsadlara yol aça bilər”.
K.Əsədov bildirib ki, hazırda hətta yeni qaydalarla direktor vəzifəsinə qəbul edilən şəxslər də təhsil müəssisəsində özlərini şah, xan kimi aparırlar:
"Sanki onların qeyri-məhdud səlahiyyətləri var. Amma real vəziyyət odur ki, onların bir çoxunun təhsil qanunvericiliyindən, məktəb idarəetməsindən, təhsil standartları və strategiyasından xəbəri yoxdur. Onlar yalnız müsabiqə və müsahibə zamanı əzbərçilik yolu ilə uğur əldə ediblər. Bir çoxları isə müsahibə zamanı özlərini aktyorluğa qoyub uğur qazananlardır.
Hesab edirəm ki, hər bir direktorun tədris ilinin sonunda çalışdığı məktəbin müəllim və şagird heyəti tərəfindən anonim məmnunluq sorğusunu keçirmək, bundan sonra onun növbəti ildə fəaliyyəti barədə düşünmək lazımdır”.