Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.
Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. Ən çox şikayət olunan isə "Kontakt Home” mağazalar şəbəkəsidir.
"Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.
Shafaqadogru.com"Minval.İnfo"ya istinadən xəbər verir ki, bəzi vətəndaşlar televiziyada hər gün "Kontak Home”-un faizsiz kredit reklamından şikayətlənirlər. Hər hansısa bir malın üzərində qiymət göstərilir və onu 12 aya faizsiz ala biləcəkləri qeyd olunur.
Bunun fırıldaq olduğunu şirkətin saytına nəzər salsaq, özümüz də müəyyənləşdirə bilərik. Məsələn, paltaryuyan Gorenje W7523A/S qiyməti 703.2 AZN göstərilib. Və reklamda 12 ay faizsiz yazılıb. Kredit şərtlərində paltaryuyan maşının 12 boyunca hər ay 74 AZN nəzərdə tutulub. Bunu hesablasaq , bilərik ki, 12 ay boyunca ödənilən cəmi məbləğ 888 AZN olur, bu da öz qiymətindən 185 AZN (26.3%) çoxdur. Sual oluna bilər ki, faizsizdirsə, necə bu qədər baha olur?
Şirkət rəsmiləri bununla bağlı açıqlama verərək bildirib ki, bu faiz deyil, sadəcə xidmət haqqıdır. Xidmət haqqı bizim şirkətdə 5-8% nəzərdə tutulub.
Bununla bağlı minval.info-ya danışan hüquqşünas Səbuhi Axundov deyib ki, komissiya haqqının kredit faizinin üzərinə əlavə olunması qanunsuz bir haldır: "O, tərəflər arasında müqavilə bağlanan kimi xidmət haqqına əlavə olunmalıdır. Bunun miqdarı isə sadəcə 1 faiz, ən çox isə 3 faizə qədər ola bilər. Bu müqavilələr məcburi şəkildə həyata keçirilmir və təkcə bir tərəfin marağına da tabe olmamalıdır. Vətəndaş istədiyi zaman müqavilənin istədiyi maddəsini dəyişdirə bilər. Əgər vətəndaşın komissiya haqqının miqdarından xəbəri yoxdursa, bu halda qanunsuzdur”.
Digər bir şikayət onlayn satış adı ilə süründürməçilik siyasətləridir. Vətəndaşın biri kontakt.az saytında gördüyü məhsulu almaq istəyib və mağazaya yaxınlaşıb. Uzun növbə gözlədikdən sonra ona istədiyi məhsulu həmin şərtlərlə onlayn sifarişlə ala biləcəyini söyləyiblər. Bununla razılaşan vətəndaş bir neçə gün sonra istədiyi məhsulu onlayn da ala bilməyicini söyləyib, ona başqa şərtlər daxilində bu məhsulu təklif ediblər. Düşünürlər ki, onsuz da vətəndaşın bu məhsula ehtiyacı var, axırda onlarla razılaşmalı olacaq.
Başqa bir şikayət "Kontakt Home”-dan alınan məhsulların keyfiyyəti ilə əlaqədardır. Bir neçə vətəndaş kifayət qədər yüksək qiymətə aldıqları məhsulun keyfiyyətsiz çıxmasından şikayətlənirlər. Hətta bir vətəndaş bu mağazadakı məhsulların işlənmiş məhsullar olduğunu da iddia edir.
Buradan alınan mobil telefonlarda problem yarandığı zaman alıcı işgəncəyə məruz qalır. Belə ki, telefonu "Kontakt Home”-un rəsmi təmir mərkəzinə aparan zaman orada onu get-gələ salırlar və alıcı məcbur qalıb telefonunu başqa servisə aparır. Bu zaman o, həm pulsuz təmirdən məhrum olur, həm də əlavə xərcə düşür.
Bütün bu məsələlərə "Kontakt Home”-un münasibət bildirməsini istəsək də, vaxtı yubatmalarından belə başa düşdük ki, veriləcək ciddi bir cavabları yoxdur. Zənglərimizə, "sizə cavab verəcəyik”, "əlaqə saxlayacağıq” deyərək vaxtı uzadan şirkət əməkdaşları, bununla da yazılanlara bir daha haqq qazandırmış oldular.