Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin verəcəyi kreditin həddi, müddəti və faizləri müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”nda əksini tapıb.
Bu qayda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir.
Qaydaya əsasən, sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:
1. 5 000 manatadək - mikrokreditlər,
2. 5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər,
3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər,
4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər,
5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.
Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:
1. mikrokreditlər üçün - 2 ilədək,
2. kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək,
3. irihəcmli kreditlər üçün - 5 ilədək.
Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:
1. mikrokreditlər üçün - 12 ayadək,
2. kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək,
3. irihəcmli kreditlər üçün - 24 ayadək.
Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir. Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər. Agentlik bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7 faizdən artıq olmamalıdır. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi problemli kreditlərin təminatı məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlərin edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla ümidsiz aktivlərin balansdan silinməsinə yönəldilir.
Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faizlərin xüsusi hesabda saxlanılan qalıq məbləğ aşağıdakı qaydada bölüşdürülür:
1. qalıq məbləğin 1/4 hissəsi Agentlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, aylıq vəzifə maaşlarına əlavələr vermək, Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək və kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialını artırmaq məqsədi ilə ayrılır,
2. qalıq məbləğin 3/4 hissəsi isə kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma, reklam-təbliğat və marketinq işlərinin aparılmasına, Agentliyin səmərəli fəaliyyəti üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə sərf edilir.