İlin sonunda bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Bu böyük kompaniyadır. Çünki söhbət əslində xalqın seçməli olduğu və onu idarə edəcək bir qurumdan gedir. Çox ölkələrdə bələdiyyələr yüksək statusa malikdirlər. Onlar əhalinin problemlərini həll etməklə yanaşı, hətta icra orqanları qarşısında məsələlər də qaldırırlar. Bizdə bələdiyyələrin çox böyük tarixi olmasa da, hər halda onun yaradılmasından iki onillik keçir. Bu müddətdə bələdiyyələrlə bağlı qalaq-qalaq qanunlar qəbul edilib. Lakin bir-iki xırda istisnalar olmaqla sözügedən qurum özünü doğrultmayıb, bələdiyyələrin fəaliyyəti torpaq satmaqdan o yana keçməyib. Əllərinə nə düşübsə qanuni-qanunsuz xırıd ediblər. Nə bir məsuliyyət olub, nə də yoxlayan. Hərdən beş-on bələdiyyə sədrini cəzalandırıblar ki, onların varlıqları bilinsin. Lap əslində bələdiyyələr icra başçılarının yerlərdəki "şöbələrindən” başqa bir şey olmayıb. Əgər keçmişə nəzər salsaq, Sovetlər Birliyi dövründə kənd soveti adlı qurum vardı. Bu orqanın deputatlarının sayı çox olurdu. Kənd sovetinin sədrləri yerli idarəçilikdə əsas fiqur kimi tanınırdılar. Doğrudur, həmin vaxtlarda da deputatlar rayon partiya komitəsinin siyahısı ilə seçilirdilər. Hər halda nüfuzları indiki bələdiyyələrdən üstün idi. Əslində çox şey dəyişməyib. İndi də bələdiyyə üzvləri icra hakimiyyətlərindən yerli inzibati ərazi dairəsinin nümayəndəsinə ötürülən siyahılarla seçilirlər. Sədr isə hələ seçkidən öncə məlum olur. Yerdə qalan fağır-füqəra nə qədər namizədliklərini versələr də xeyri yoxdur, qutudan çıxmırlar. Elə ona görə də fəaliyyətləri yalnız icra hakimiyyətindən gələn əmr və tapşırıqları yerinə yetirməkdən ibarət olur. Bu yaxınlarda Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə gedirdi. Deputatlardan biri ölkədə bələdiyyə institutunun yaradıldığını bildirdi. Lap gülməlidir. Axı hamı bilir ki, bizdə nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur.
Bələdiyyələrin əsas problemlərindən biri də maliyyə vəsaitidir. Hansı sədrdən vəziyyəti soruşursan o saat deyinir ki, pulumuz yoxdur. Bəs torpaq satışından, yerli vergilərdən gələn gəlirlər hara gedir? Mən indiyə qədər görməmişəm ki, hansısa bələdiyyə gözəçarpan bir iş görsün. Yolların çəkilməsi, kəndlərin içməli su ilə təminatı və digər sosial məsələlər büdcə hesabına görülür. Nağd şəkildə yığılan pullar isə elə bələdiyyə işçilərinin maaşlarına güclə çatır. İndiyədək görməmişəm ki, hansısa bələdiyyə müstəqil şəkildə fəaliyyət göstərdiyi əraziyə investisiya cəlb etsin.
Bələdiyyələrdən danışarkən bir məsələyə də toxunmaq istəyirəm. Yerlərdə bu qurumlarla yanaşı inzibati ərazi nümayəndəlikləri də mövcuddur. Onlara rəhbərləri isə birbaşa icra başçıları təyin edirlər. Təzadlı mənzərə yaranır. Bu qurum nəyə lazımdır? Peşəsi arayış verməkdən ibarət olan nümayəndəliklərin işini bələdiyyələr də görə bilər. Bu icra qurumlarını saxlamaq dövlət büdcəsinə də ziyandır. Bundansa bələdiyyələrin müstəqil və məqsədyönlü fəaliyyətinə yaşıl işıq yandırmaq daha vacibdir.
Qeyd etdiyimiz kimi ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Bəlkə bu dəfə vəziyyəti dəyişdirək? Olmaz ki, yerlərdə əhalinin qarşısında vaxtaşırı hesabat verməyi özünə borc bilən insanlar özünüidarəetmə orqanına düşə bilsinlər? Bir rəqabət getsin, bələdiyyə üzvlüyünə namizədlər məsuliyyət hiss etsinlər. Onlar bilsinlər ki, cammatın sosial problemləri ilə, quruculuq və abadlıq və digər işlərlə məşğul olmağa cavabdehdirlər. Daha bələdiyyə sədrləri həftədə bir dəfə qoltuqlarına qovluq vurub icra hakimiyyətlərinin binası qarşısında boynubükük dayanmamalıdırlar. Bələdiyyə üzvləri və rəhbərləri bilməlidirlər ki, onların taleyi səs aldıqları yerli əhalidən asılıdır.
Yəqin ki, yazını oxuyan məlum qurumun nümayəndələri və icra hakimiyyətlərinin rəhbərləri mənimlə razılaşmayacaqlar. Bu onların öz işidir, adətləridir. Düz sözə zaval çoxdur. Mən də onlara təxminən dörd il öncə Azərbaycan prezidenti İlham Əliyevin müşavirələrin birində dediyi sözləri çatdırıram: "...Axı biz hamımız Azərbaycanda yaşayırıq. Əgər yerli icra orqanları, bələdiyyə icazə verməsə, özbaşına kim nə edə bilər? Bələdiyyə bir növ necə deyərlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. İndi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə ştamp qoyur...”
Bu ilin sonunda da növbəti dəfə möhür idarələri yaradacağıq?
Müqəddəs Mehdiyev
"Şimal xəbərləri"