Şəfəqə Doğru » Manşet » Bu gün problemli kreditlərlə bağlı qaydalar açıqlanacaq

Bu gün problemli kreditlərlə bağlı qaydalar açıqlanacaq

Bu gün problemli kreditlərlə bağlı qaydalar açıqlanacaq

Banklar faiz və dəbbə pulunu nə zaman siləcəklər?

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral tarixli fərmanında əksini tapan bəzi qaydaların hazırlanması üçün qoyulmuş müddət bu gün başa çatır. Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə 15 gün müddətində Azərbaycanda fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını) hazırlayıb ölkə prezidenti ilə razılaşdırmaqla açıqlamalıdır. Bundan əlavə, həmin müddətdə problemli kreditlər üzrə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilməlidir.

Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini isə 45 gün müddətində müəyyən etməli və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verməlidir. Xatırladaq ki, fərmana əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir:

– 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

– 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

– 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə -hər iki qaydada nəzərdə tutulduğu kimi.

Ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Maliyyə naziri Samir Şərifov dünən mətbuata verdiyi  açıqlamada fərmanda nəzərdə tutulmuş bütün işlərin həyata keçirildiyini bildirib: "Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır . Hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb” .

Qeyd edək ki, fərmanda banklara problemli kreditlərlə bağlı məhkəmə iddialarının geri götürülməsi tövsiyə olunur. Buna baxmayaraq, bir sıra rayonlarda məhkəmə icraçıları vətəndaşlardan ödənişləri tələb edirlər. Bununla bağlı suala Maliyyə Nazirliyindən verilən cavaba görə, fərmana əsasən həm məhkəmədə olan iddialardan imtina edilməsi, həm də artıq qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş işlərə xitam verilməsi nəzərdə tutulur.

Eyni zamanda hazırda fərmanın əhatə dairəsinə düşən kreditlər üzrə banklardan vətəndaşlara zəng olunur, ödəniş olunması tələb edilir. Maliyyə Nazirliyi bildirir ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alınaraq, onlara hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi banklara tövsiyə olunub. Bəs banklar dəbbə, cərimə və faizləri nə zaman siləcəklər?

Картинки по запросу Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev

Bu barədə "Yeni Müsavat”ın sualını cavablandıran Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirir ki, hazırda banklar fərmanın əhatə dairəsinə düşəcək şəxslərin siyahısını hazırlamaqla məşğuldular: "Faiz və dəbbə pulunun silinməsi üçün müvafiq qaydalar olmalıdır. Yəqin ki, bu günlərdə həmin qaydalar açıqlanacaq  və prosesə start veriləcək”.

Fərman imzalanandan sonra qəzetimizə açıqlamasında Z.Nuriyev bildirmişdi ki, ilkin məlumatalara əsasən, məzənnə fərqinə görə vətəndaşlara ödəniləcək kompensasiyaların ümumi məbləği 670 milyon manat təşkil edəcək:"Hesablamalarımız göstərir ki, bütövlükdə fərmanın əhatə edəcəyi şəxslərin əsas borcu 900 milyon manat ekvivalentindədir. Bu əsas borcun 700 milyon manat təşkil edən faiz yükü var ki, bu da banklar tərəfindən silinəcək. Bu gün vətəndaşların milli valyutada olan problemli kreditlərinin 99 faizi, xarici valyutada olan problemli kreditlərin isə 95 faizi restrukturizasiya olunacaq”.

ABA prezidentinin sözlərinə görə, burada söhbət say baxımından 99 faiz və 95 faizdən gedir: "Məbləğ baxımından bu hesablanmayıb. Çünki fiziki şəxslərin bir hissəsinin krediti 10 min dollar və 17 min manatdan yuxarıdır. Eyni zamanda hüquqi şəxslərin də kreditləri var. Fərmanın məqsədi say baxımından daha çox vətəndaşın probleminin həllinə dəstək verilməsidir. Bu mənada, çox böyük sosial əhəmiyyəti olan fərmandır.  Yəqin ki, proses yekunlaşandan sonra bu barədə hansısa dəqiq məlumat söyləmək mümkün olacaq”.

Nuriyev onu da bildirib ki, yeni restrukturizasiya şərtləri müştərilərə daha uzun müddətə öz borclarını ödəməyə imkan yaradacaq: "Banklara 0,1 faizlə veriləcək kreditlər və müştərilərə ödənilmiş kompensasiyaların bir qismi banklarda müştərilərin vaxtı keçmiş kreditlərinə sərf edildiyi üçün banklarda izafi likvidliyi formalaşdıracaq. Manatda formalaşacaq bu izafi likvidlik imkan verəcək ki, banklar öz kredit faizlərini aşağı salsınlar və vətəndaşlara daha uzun müddətə kredit versinlər. Hesab edirik ki, bu fərmandan ilk növbədə vətəndaşlarımız və eyni zamanda bank sektoru yararlanmış olacaq”.

Ekspertlər hazırlanan qaydalarla bağlı təkliflərlə çıxış ediblər. Bu təkliflər arasında fərmanın 10 min dollardan yuxarı kreditlərin 10 min dollara qədər hissəsinə də şamil olunması, eyni qaydanın manatla kreditlərə də tətbiq edilməsini, məbləği böyük olmayan xarici valyutada olan lizinq kreditlərinə də kompensasiyanın tətbiqi imkanlarına baxılması və sairlər var. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, təkliflərin bəziləri hazırlanacaq qaydalarda nəzərə alınacaq.

Dünya SAKİT, "Yeni Müsavat”