Novruz bayramı öncəsi və ondan sonrakı günlərdə soğanın qiyməti artaraq 1 kiloqram üçün 1,50 - 2 manat həddinə çatdı. Nəticədə vəziyyətə inzibati müdaxilə qaçılmaz oldu. Nazirlər Kabineti gözlənilən addımı atdı və son qərara görə, aprelin 30-dək 1 kiloqram kartofun ixracı üçün 1 ABŞ dolları, mayın 30-dək 1 kiloqram soğanın ixracı üçün 1 ABŞ dolları dəyərində ixrac rüsumu müəyyən edildi.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin müvafiq qərarını şərh edən aqrar ekspert Nicat Nəsirli deyib. Onun sözlərinə görə, qərarda göstərilmiş müddətlər çox dəqiqliklə seçilib, mövsümi amil nəzərə alınıb. Kartof daha tez yetişdiyi üçün bu ayın sonuna qədər qiymətlər yerli istehsal hesabına stabilləşdiriləcək, onun ardınca təzə soğanın yığımı başlanacaq və qiymətlər aşağı düşəcək. Mayda kütləvi yetişmə baş verəndə isə qərar qüvvədən düşməklə tələbatdan artıq qalan hissənin xarici bazarlara ixracını təmin edəcək.
Nicat Nəsirli deyib: "Daxili bazarın qorunmasına yönəlmiş bu qərar dolayısı ilə Azərbaycan soğanına xarici bazarlarda böyük marağın olmasının təsdiqidir. Üstəgəl, bizim məhsulumuzun istehsal xərci daha ucuz olduğu üçün onu daha cəlbedici edir. Ötən ilin ikinci yarısında xarici bazarlardan gələn sifarişlər "hansı qiymətə olursa olsun, Azərbaycan soğanı almağa hazırıq” tezisinə köklənmişdi. Çünki, ətraf region ölkələrdə, eyni zamanda, Şərqi Avropa dövlətlərində tərəvəz məhsullarına ciddi tələbat yaranmışdı. Əlverişsiz iqlim amilləri səbəbindən əksər ölkələrdə soğana tələbat artmış, hələ ötən ildən mərhələlərlə Türkiyə, Albaniya, Bolqarıstan, Rumıniya, Qətər, BƏƏ və digər ölkələrə ixrac başlamışdı. Rəsmi təsdiq olunan bir faktı vurğulayım. Əgər soğan 2018-ci ilin dekabrında "Azexport.az” portalı üzərindən ixrac sifarişi alan məhsullar sırasında 4-cü yerdə idisə, 2019-cu ilin yanvarında 1-ci yerə yüksəldi. Demək ki, ixrac olunan 7200 ton soğan əhalinin tələbatının pik həddə olduğu yanvar-fevral aylarına təsadüf edib”.
Ekspert bildirib ki, rayonlarımızda 10 gündən sonra soğan yığımına başlanılacaq, sahədən ilkin satış qiyməti 0.60 qəpik müəyyən olunub. Bu gündən artıq təzə soğan iri bazarlarda görünməyə başlayıb.
"Dinamika göstərir ki, region ölkələrində soğana tələbat bu il də yüksək olacaq, bu amil yerli sahibkarlarımız üçün böyük imkanlar açır. Ölkəmizdə soğanın yığılmasını, qablaşdırılmasını, saxlanmasını bilən çoxsaylı biznes təfəkkürlü sahibkarlar var. Onlar yalnız soğan əkən, lakin onun logistikasını bilməyən sadə torpaq adamları ilə kooperasiya münasibətləri quraraq milyonlarla qazanc əldə edə bilərlər. Fermer əkib becərməli, sahibkar isə müasir anbar kompleksi tikərək soğanı yığıb saxlamalı və ixracı ilə məşğul olmalıdır”, - deyə Nicat Nəsirli qeyd edib.
Azərtac