Şəfəqə Doğru » Manşet » Zelenski Saakaşvilini komandasında görmək istəyir – Əfsanə geri dönür ?

Zelenski Saakaşvilini komandasında görmək istəyir – Əfsanə geri dönür ?

Zelenski Saakaşvilini komandasında görmək istəyir – Əfsanə geri dönür ?
"Nəzərə almaq lazımdır ki, Gürcüstanda olduğu kimi Ukrayna cəmiyyətində də Saakaşvili bir növ islahatçı fenomen kimi xatırlanır”
Vladimir Zelenski prezidenti seçiləndən sonra Ukraynanın vilayəti olan Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin bu ölkəyə buraxılıb-buraxılmayacağı müzakirə predimetinə çevrildi. Hətta Rusiya prezidenti Valdimir Putin də bu məsələyə diqqət çəkərək qeyd etdi ki, M.Saakaşviliyə Ukrayna pasportunu qaytarmaq ədalətli olardı. 

O bildirdi ki, Ukraynada insan haqlarının müdafiəsini Ukrayna pasportunu geri qaytarmaqla Odessa bölgəsinin keçmiş rəhbəri Mixail Saakaşvilidən başlamaq daha yaxşı olar:

"Azadlığa gəlincə, bu da vacib məsələdir. Bu məsələdə, Rusiyadan, ruslardan deyil, gürcülərdən başlamaq daha daha arzuolunan olar. Keçmiş gürcülərdən. Məsələn, keçmişdə gürcü olan bu gün isə özünü ukraynalı hesab edən bir şəxsə Ukrayna pasportunu qaytarmaq ədalətli olar. Mən Saakaşvilini nəzərdə tuturam".


Vəziyyəti "Sherg.az”a şərh edən politoloq Natiq Mirinin fikrincə, Putinin Saakaşvili haqqında açıqlaması hüquqi ədalətin bərpasına yönəlik deyil.

Politoloq vurğulayıb ki, Putinin dedikləri Saakaşvilini neytrallaşdırmaq və aşağılama xarakterli açıqlamadır:

"Bu bir az problemli məsələdir. Çünki Saakaşvili Rusiya tərəfindən qəbul olunmayan şəxsiyyətdir. Onu Rusiya rəhbərliyində anti-Rusiya siyasətçisi kimi tanıyırlar. Eyni zamanda onun qərb dünyasında, xüsusilə Avropada anti-Rusiya fəaliyyəti mövcuddur. Təbii ki, bu da Rusiya rəhbərliyi tərəfindən müsbət mənada qarşılana bilməz.

Putin bilməmiş deyil ki, Saakaşvilinin Ukrayna hakimiyyətində mövcudluğu Rusiya ilə münasibətlərdə yeni problemlər anlamına gələcək. Saakaşvilinin yenidən Ukraynaya dönməsi məsələsinə gəlincə isə, təbii ki, bu, mümkün olan bir haldır. Amma müəyyən problemlər də var. Məlumdur ki, seçki prosesində Zelenskinin Saakaşviliyə zəngi olmuşdu. Zelenski gələcəkdə onu Ukraynada öz siyasi komandasında görmək istəyəcəyi ilə bağlı açıqlama da vermişdi. 

Düşünürəm ki, bu yalnız ictimai rəy üçün ortalığa atılmış fikir idi. Hər bir halda nəzərə almaq lazımdır ki, Gürcüstanda olduğu kimi Ukrayna cəmiyyətində də Saakaşvili bir növ islahatçı fenomen kimi xatırlanır. Ona görə də Zelenskinin dedikləri ictimai rəyə ötürülmüş bir mesaj ola bilər.

Lakin Zelenski onu da anlamamış deyil ki, indiki şəraitdə onun prezidentliyi dönəmində Poroşenkodan fərqli olaraq ən azından Rusiya ilə müəyyən münasibətlər qurmaq istəniləcək. Saakaşvilinin Ukrayna hökümətində iştirakı təbii ki, Rusiya ilə Ukrayna arasında müəyyən süni problemlər yaradacaq. Ona görə də bu daha çox Zelenskinin siyasi seçimi olacaq.

Zelenski təsadüfən ortalığa çıxmış siyasi fenomen deyil. Onun arxasında böyük maliyyə mənbələri dayanır. Bu mənbələrin başında isə biznesmen Kolomoyski durur. Bu da o anlama gəlir ki, bütün siyasi qərarlar məhz həmin çərçivədən keçməmiş reallaşmayacaq”.