Hazırda meyvə-tərəvəzin bol olduğu bir fəsil olsa da, qiymətlər heç də bunu əks etdirmir. Bazarlar od tutub yanır. Meyvələrin qiyməti ucuzlaşmır. Bu səbəbdən də sağlamlığımız, immunitetin güclü olması üçün istifadə etməli olduğumuz meyvə-tərəvəz almaq xeyli çətinləşib. Shafaqdogru.com xəbər verir ki, "Kaspi” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, hazırda bazarlarda almanın qiyməti 1 manatdan başlayır. Əgər o qiymətə də tapsan. Daha keyfiyyətli almalar 2-2,5 manata satılır. Şəhərdən kənar ərazilərin bazarında axtarsan gilası 1,5 manata da tapmaq olur. Amma digər bazarlarda, marketlərdə gilasın ən ucuzu 2 manatdan başlayır. "Öküz ürəyi” adlandırılan gilası isə 5 manata tapa bilərsən. Mövsümü olsa da, ərik də bazarlarda 5 manatadır. Çiyələk isə yağışdan sonra yoxa çıxsa da, indi vitrinlərə görünməyə başlayıb. Qiyməti isə 2,5-2,8 manatdan başlayır.
Kartofun qiyməti isə 40 qəpiklə, 1 manat arasında dəyişir. Soğanı isə 3 kilosu bir manata da tapmaq olar. Xiyarın ən ucuzu kənar bazarlarda 35-40 qəpiyə olsa da, ümumilikdə 1,5 manata qədər təklif edilir. Pomidorun qiyməti isə ucuzlaşmır ki, ucuzlaşmır. Qiyməti 1,5 manatdan aşağı düşmür. Lobya 40 qəpikdən başlayır, badımcan 40-50 qəpik arası satılır.
Marketlərdə isə qiymətlər daha da yuxarıdır. Bəs ilin-günün bu vaxtında, meyvə-tərəvəzin su qiymətinə olmalı olduğu dönəmdə niyə qiymətlər "od tutub, yanır”?
Satıcı Babək Mürsəlov deyir ki, bu il məhsul az olduğu üçün qiymətlər ucuzlaşmır: "Ötən il kəndlilər xeyli meyvə-tərəvəz yetişdirmişdilər. Amma kəndlilərin çoxunun məhsulu əlində qalıb, xarab olmuşdu. Eyni zamanda, ötən il manatın kursunun düşməsi əhalinin kredit borclarını artırdı. Yəni, artıq məhsulu yetişdirib, gəlir əldə etməmək kəndli üçün daha bir ziyan olardı. Kəndli məhsulu ona görə əkir ki, gəlir əldə etsin. Ötən il isə gəlirləri olmadığı üçün bu il həmin məhsulu yetişdirməkdə maraqlı olmadılar. Buna görə də məhsul azdır, bu da qiymətlərə təsir göstərib”.
B.Mürsəlov deyir ki, son günlər bəzi yerli meyvə-tərəvəz məhsullarının qiymətində müəyyən qədər azalma var. Amma ümumilikdə qiymətlər çox da ucuzlaşmır. Pomidorun qiyməti isə bu il Azərbaycanda indiyə qədər olmadığı pik həddə qədər çatıb.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, meyvə-tərəvəzin qiymətlərinə bir neçə amil təsir edir: "Əvvəla, manatın ikinci devalvasiyasından sonra demişdim ki, bunun qiymətlərə təsiri tədricən hiss ediləcək. Yəni, devalvasiya qışda olduğundan meyvə-tərəvəz tədarükündə bu, sözünü məhz indilərdə deməli idi. Özü də bu, hələ son deyil. Proses davam edəcək. İkincisi, cari ildə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü nə qədər çox olsa, tələbat əvvəlki illərdəkindən çox olacaq. Belə ki, artıq, kənara ixrac imkanları genişdir və iqtisadi baxımdan da daha sərfəlidir. Üçüncüsü isə daxili bazarlarda bir süni ajiotaj da var Bunu da nəzərə almaq lazımdır. Hesab edirəm ki, bu amil müəyyən müddət keçəndən sonra səngiyəcək”.
P.Heydərov deyir ki, istənilən halda meyvə-tərəvəzin qiymətləri əvvəlki illərdəki səviyyədə ola bilməz. Lakin kəskin bahalaşma üçün də elə bir əsas yoxdur. Odur ki, tendensiyanı normal qəbul etməliyik.
İqtisadçı Qadir İbrahimli isə hesab edir ki, meyvə-tərəvəzin qiyməti təkcə iqtisadi yox, həm də coğrafi faktorlarla ölçülür: "Meyvə-tərəvəzin qiymətinin formalaşmasında hava şəraitinin necə olması önəmlidir. Hansı il meyvə-tərəvəzin çiçəkləyən vaxtı yağış, dolu çox düşürsə, həmin il məhsuldarlığı azaldır ki, biz də bunu bazarlarda bahalaşma şəklində görürük. Hava şəraiti normal olduqda məhsul bol olur və qiymətlərdə bahalaşma o qədər də müşahidə olunmur. Bu il hava şəraiti hələ ki kənd təsərrüfatına, meyvə-tərəvəzçiliyin inkişafına adekvat vəziyyətdə deyil. Ona görə də güman edilir ki, bu il meyvə-tərəvəzin qiyməti orta həddən bir qədər baha olacaq”.
Geni modifikasiya olunmuş (GMO) məhsullarla mübarizə aparılmasının bazardakı qiymətlərə təsirinə gəlicə, Q.İbrahimli dedi ki, bu faktın qiymətlərə o qədər də təsir etdiyini düşünmür: "GMO məhsulların bazara çıxarılmasında hansısa məhdudiyyətlər olduğunu düşünmürəm. Məhdudiyyətlər olsa da GMO məhsullar hansısa formada bazara yol tapır. Bunun qarşısını almaq üçün iqtisadiyyatı daha da liberallaşdırmaq lazımdır. İnzibati yollarla hansısa qadağanın effektli nəticə verəcəyini düşünmürəm. Ona görə də bu amilin bazardakı qiymətlərə təsiri olduğunu düşünmürəm”.
Kəndlinin ötən il gəliri az olduğu üçün bu il məhsulu az yetişdirməsinə gəlincə, Q.İbrahimli bunları söylədi: "Meyvə ağacını kəndli bir illik əkmir ki, ötən il gəliri az olduğu üçün bu il yetişdirməkdə maraqlı olmasın. Meyvə ağacı bir neçə il ərzində bar gətirir. Hansısa il gəlir gətirməyə bilər. Amma tərəvəzlərin qiyməti sərf etməsə, satışını təşkil edə bilməsələr o zaman həmin hansısa məhsulun yetişdirilməsində kəndlinin marağının olmaması faktoru ola bilər. Tutaq ki, ötən il hansısa tərəvəzi yetişdirib, zərərlə üzləşib deyə bu il artıq həmin məhsulu əkməkdə maraqlı olmaya bilər. Bazar konyukturasına uyğun olaraq kəndlilər planlaşdırırlar ki, bu il hansı tərəvəzi əkməyə dəyər, yoxsa yox. Amma bu, meyvələrin qiymətinə aid deyil”.
Ümumilikdə belə qənaətə gəlmək olar ki, meyvə-tərəvəzin qiymətinin baha olmasına iki ciddi faktor təsir edir. Birinci, məqam Rusiyaya ixrac imkanlarının artmasıdır. Şimal qonşumuzun Türkiyə ilə münasibətlərinin pisləşməsi Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı üçün münbit şərait yaradıb. Bu səbəbdəndir ki, bu il keçən illə müqayisədə kənd təsərrüfatı mallarının ixracı 4 dəfə çoxalıb. Bu da avtomatik olaraq daxili bazarlardakı qiymətlərə təsir edir.
Qiymətlərin baha olmasının digər səbəbi isə builki qeyri-münasib hava şəraiti göstərilə bilər.
Bütün bunları nəzərə alsaq, bu il meyvə-tərəvəzin qiymətində ciddi ucuzlaşmanın olacağını gözləmək olmaz.