Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri pul ala bildikləri insanların siyahısını Nazirliyə təqdim edir, Nazirlikdə Səlim Müslümovun sevimli və sehrli VEMTAS mexanizmi ilə məşğul olanlar Nazirliyin aparat rəhbəri, topdağıtmaz Əjdər Cəbiyevin nəzarəti altında həmin insanlara yardım təyin edirlər01 iyul 2006-cı il tarixindən həyata keçirilən ünvanlı sosial yardım mexanizmi artıq 10 ildir ki, fəaliiyət göstərir. Ötən dövr ərzində ölkənin sosial müdafiə sistemində bu mexanizmin rolu kifayət qədər yüksək olmuşdur. Bununla cumhuriyyet.az olaraq bildirək ki, belə bu sahədə ciddi qüsurlar da mövcud olmuş və həmin nöqsanlar hazırki dövrdə də qalmaqdadır.İlk növbədə onu bildirək ki, Səlim Müslümovun yeni qaydaları bu sistemi iflic vəziyyətinə saldı. Bu sistem hazırda ölü vəziyyətindədir, sadəcə onu birdəfəlik dəfn etmək qalıb. Sistemi birdəfəlik ləğv etməyib, əvəzində bu formaya salmaqla onu göstərmək istəyirlər ki, ünvanlı yardım mexanizmi davam etdirilir, kim istəsə yardım üçün elektron formada müraciət edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son islahatları ilə bağlı cumhuriyyet.az olaraq aparılan təhlili diqqətinizə çatdırırıq:
Araşdırılıb müraciətinə cavab veriləcək. Hazırda ünvanlı sosial yardımla bağlı tətbiq olunan yeni qaydaların real təfsiri belədir: ünvanlı sosial yardım almaq üçün müraciət etmək asanlaşıb, amma onu almaq mümkünsüzləşib. Ən pis cəhət isə ondan ibarətdir ki, son nəticəsi kasıb insanlar üçün hədsiz dərəcədə pis olan yeniliklər müsbət dəyişikliklər kimi təqdim olunur. Faktiki olaraq bununla cəmiyyət aldadılır. Alınması mümkün olmayan yardıma asan formada müraciət etmək kimin nəyinə lazım? Bu ancaq Səlim Müslümovun özünü reklam etdirməklə xal qazanmaq işinə yarayır. Bu şəxs elə bil Azərbaycan xalqına qənim kəsilib. DSMF-nin sədri işləyəndə pensiya sistemini pensiya təyin olunmasının şərtlərini, xüsusilə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı və yaş həddini Azərbaycanda orta ömür müddətini nəzərə almadan qaldırmaqla elə bir eybəcər hala saldı ki, insanların çoxunun ömrü pensiya yaşına çatmağa və ya onu normal səviyyədə almağa yetmir. Səlim Müslümovun 2006-cı ildə qəbul etdirdiyi əmək pensiyaları haqqında qanun daha çox ona xidmət edir ki, insanlar mümkün qədər daha çox əmək pensiyası almaqdan məhrum olub, məbləği əmək pensiyalardan 2-3 dəfə az olan sosial müavinətlərlə kifayətlənməli olsunlar. Həmin qanun 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqdan əmək pensiyası almaq üçün 5 il sığorta stajı tələb edir. Halbuki ölkədə mövcud əmək məcəlləsinin tələbinə görə əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə imzalana bilər. Belə olan halda 18 yaşlı şəxs necə 5 il sığorta stajı toplaya bilər?
Həmin qanunla pensiya yaş həddini artırması azmış kimi Səlim Müslümov bir neçə ay bundan qabaq ortaya yenə antixalq bir mövzu atmışdı ki, bəs dövlət qulluqçularının və hərbçilərin pensiya yaş həddi qaldırılsın. Bir insan bu qədər öz xalqına qarşı qənim kəsilə bilərmi?. Hər kəs bilməlidir ki, bu Səlim Müslümova hava və su kimi lazımdır. Çünki o ancaq bunun hesabına məmur ömrünü uzada bilir. Bir neçə sosial və iqtisadi termini pafosla təqdim etməklə özünün savadlı mütəxəssis olduğunu və bu cür antixalq qərarları ilə dövlət büdcəsində milyonlarla manata qənaət olunduğunu ortaya qoymaqla özünə xal toplayır, təriflənir və etimad qazanır. Bir sözlə yetim-yesirin, əlilin, kimsəsizin, qocanın, tənhanın bədbəxtliyi üzərində özünün xoşbəxtliyini qurur. Hələki bu xoşbəxtlik ona əl verir. Amma tarix göstərir ki, başqalarının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin axırı çox pis qurtarır. Cinin canı şüşədə olduğu kimi Səlim Müslümovun da canı pensiya yaş həddinin artırılmasındadır. Günlərin birində Səlim Müslümov pensiya yaşını yenidən artırmağı təklif etsə heç təəccüblənmək lazım deyil. Səlim Müslümova elə gəlir ki, insanları haqq etdikləri pensiyanı almaqdan məhrum etməklə, dövlət büdcəsində vəsaitə qənaət olunması böyük hünər və yaxşı iqtisadçı olmaq deməkdir. Ay hay. Çox təəssüf ki, Səlim Müslümovun bu cür antixalq qərarlarından hakimiyyət də xoşlanır və Səlim Müslümov da bundan geninə boluna bəhrələnir. Hakimiyyət hələ də fərqində deyil ki, bu bir yerə qədər hakimiyyətin marağına xidmət edə bilər, ondan sonra birbaşa olaraq onun əleyhinə çevriləcəkdir.
Nazir Səlim Müslümov müsahibəsində bildirdi ki, 2 ay ərzində ölkə üzrə ünvanlı sosial yardım almaq üçün 52812 ailə ərizə bəyənnamə ilə müraciət edib, onların cəmi 1651 (11%-i)-nə yardım təyin olunub. Əlavə edir ki, sistem elə şəffafdır ki, nə işçilər nə də mən ona müdaxilə edə bilmərik. Sadəcə dəhşət. Bu böyüklükdə də yalan olmaz axı. Bu insanları avam yerinə qoymaqdır. Elə bil o mexanizmi kosmosdan gələnlər yaradıb və ya sehrli bir qüvvə robot şəklində onu idarə edir. Nazir yeni mexanizmi belə təqdim edir, amma faktlar tamam başqa reallıqları ortaya qoyur. Məlum olan odur ki, bu sistemdən rüşvət aradan qaldırılmayıb sadəcə alınması forması dəyişdirilərək mərkəzləşdirilib. İndi bu sahədə rüşvət mexanizmi belə işləyir: rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri pul ala bildikləri insanların siyahısını Nazirliyə təqdim edir, Nazirlikdə Səlim Müslümovun sevimli və sehrli VEMTAS mexanizmi ilə məşğul olanlar Nazirliyin aparat rəhbəri, topdağıtmaz Əjdər Cəbiyevin nəzarəti altında həmin insanlara yardım təyin edirlər.
Ünvanlı sosial yardımın yeni qaydalarında əks olunan şərtlər bütövlükdə kasıb insanların əleyhinə olmaqla, onlara yardım almaq üçün şans yeri qoymur. Nazirin səsləndirdiyi rəqəm də bunu təsdiq edir. Nazir bu rəqəmi səsləndirməklə həmdə dolayısı ilə kasıb insanlara bildirir ki, yardım almaq üçün müraciətin asan formada edilməsinə aldanmasınlar, onsuz heç kimə təyin olunmur, əgər təyinat almaq istəyirlərsə Nazirliyin yerlərdəki işçilərini "görsünlər”.
Yardım almaq üçün müraciət edən kasıb insanlara qarşı nəinki yeni qaydaların eybəcər şərtləri bütün sərtliyi ilə tətbiq olunur, həmçinin həmin qaydalarda əksini tapmayan absurd şərtlər də qanunsuz olaraq Səlim Müslümov tərəfindən tətbiq olunur. Məsələn, qaydalara görə ailənin əmək qabiliyyətli üzvü məşğulluq orqanlarında ona təklif olunan 2 münasib işdən imtina etdiyi halda həmin ailəyə ünvanlı sosial yardımın verilməsinə imtina olunur. Amma qaydalarda yazılmayıb ki, ailənin əmək qabiliyyətli üzvü məşğulluq orqanına müraciət etsə və məşğulluq orqanı ona iş təklif edə bilməsə o halda həmin ailə yardım ala bilər ya yox. Ünvanlı sosial yardımla bağlı ən vacib məsələ bundan ibarətdir. Aztəminatlı ailənin əmək qabiliyyətli üzvü iş üçün məşğulluq orqanlarına müraciət edir, işlə təmin olunmur (ən yaxşı halda iş axtaran kimi qeydiyyata alınır) və həmin ailəyə ünvanlı sosial yardımın verilməsinə də imtina olunur. İmtinanın səbəbi kimi ailənin əmək qabiliyyətli üzvünün işləməməsi göstərilir. Bu qədər absurd bir qərar. Digər bir misal. 2 uşaq və valideynlərdən ibarət 4 nəfərlik ailədə əgər ancaq ata işləyirsə, ailədə balaca uşağın 8 yaşı tamam olubsa və ana işləmirsə, o halda həmin ailəyə yardım verilmir. 8 yaşlı uşağın anası əmək qabiliyyətli sayılır. Amma bu hal yardımın təyin olunması qaydalarında öz əksini tapmayıb. Əmək qabiliyyətli kişilərin iş tapa bilmədiyi indiki dövrdə evdar xanımın işi olmadığına görə kasıb ailəni yardım almaqdan məhrum etmək nə dərəcədə ədalətlidir?
Fərdi əməklə məşğul olanların vergi və sığorta uçotunda qeydiyyata alınmağı ilə bağlı da qaydalarda nəsə yazılmadığından Səlim Müslümovun sehrli VEMTAS sistemi bununla bağlı da kasıbların başına oyunlar açır.
Yardımın verilməsi reallıqda elə tilsimli hala salınıb ki, faktiki olaraq heç kim müəyyən edə bilmir ki, hansı şərtlər ödənsə yardım almaq olar. Ona görə Səlim Müslümovun rəhbərlik etdiyi nazirlikdən tələb olunmalıdır ki, yardımın verilməsindən imtina olunan ailələrin imtina səbəblərini və yardım təyin olunan ailələr barədə də məlumatlar açıqlansın ki, bilinsin ki, yardım hansı hallarda hansı ailələrə təyin olunur.
Ən acınacaqlı hallardan biri ondan ibarətdir ki, yardım almaq üçün elektron formada müraciət edən ailə qarşılaşdığı problemlərlə bağlı heç bir yerdən məlumat öyrənə bilmir. Rayon ƏSMM-nin işçilərinə vətəndaşları qəbul edib marifləndirmək qadağan olunub, vətəndaşları Nazirliyə yönəldirlər. Nazirlikdə isə vətəndaşların normal qəbulu həyata keçirilmir. Bir sözlə, hər şey ona görə edilir ki, yardım almaq çətinləşsin, yardım alanların sayı süni sürətdə azalsın. Bununla bağlı artıq sosial narazılıqlar baş qaldırıb. Aldadıldıqlarına etiraz edən insanların bir qrupu 18 apreldə Nazirliyin qarşısında etiraz edərək yolu bağlamağa cəhd ediblər. Hələlik görünən odur ki, vəziyyətin bu formada davam edəcəyi halda bu tip halların baş verməsi qaçılmaz olacaq. Hakimiyyətin məsələyə vaxtında müdaxilə edib vəziyyəti yaxşılaşdırmağa ehtiyac vardır. Bu baxımdan Səlim Müslümov hakimiyyət üçün potensial təhlükə mənbəyidir. Ondan qurtulmağın zamanı çatıb. DSMF Nazirliyə birləşdikdən sonra hazırda bu iki qrumun birlikdə büdcəsi 5 milyard manata yaxındır. Bu qədər büdcəsi olan qrumun Səlim Müslümovla Əjdər Cəbiyevin idarə etməsi heç bir halda yaxşı hal sayıla bilməz. Bu vəsaitlərin bir hissəsi hesabına korrupsiya yolu ilə böyük varidat toplayan Səlim Müslümov gələcəkdə hakimiyyət üçün baş ağrısına çevrilə bilər.
Səlim Müslümov verdiyi müsahibədə yardım mexanizmini iflic vəziyyətinə salmağına və yardım alanların sayının azalmasına don geyindirmək üçün deyir ki, bəs ünvanlı sosial yardım almaq ələbaxımlılıq öyrədir. Bu birmənalı olaraq ağ yalandır. Bilirsiz niyə? Ona görə ki, adama deyərlərsən bəyəm indiyə qədər işləməyənlərə yardım vermisənki, indi də durub deyirsən ki, yardımın verilməsi ələbaxımlılıq yaradır, insanlar işləməyib yardım almaq istəyir. Nə qədər paradoks olsa da dünya ölkələrindən fərqli olaraq Azərbaycanda indiyə qədər yardım ancaq işləyənlərə verilir. İşi olmayanlar bu yardımı ala bilmir. İşləyənlər isə yardımı gəlirləri az olduqlarına görə ala bilirdilər. Deməli, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi ələbaxımlılıq yaradır demək ancaq insanların başını aldatmağa və kasıb ailələrə yardımın verilməməsinə don geyindirməyə xidmət edir.
Baxın budur ünvanlı sosial yardımla bağlı hazırki reallıqlar: nə hakimiyyətə, nə də xalqa sərfəli olmayan ancaq Səlim Müslümovla Əjdər Cəbiyevin korrupsiya maraqlarına xidmət edən, heç bir yaxşı gələcək vəd etməyən vəziyyət.
Cavid Əliyev