Bölgədə baş verən proseslər müəyyən mənada adekvat reaksiyaların verilməsini tələb edir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib. O bildirib ki, İsrailin İraq, Suriya və Livan ərazilərində İrana yaxın olan qüvvələrin məntəqələrinə zərbələr endirməsindən sonra Hizbullahın cavab zərbəsi əslində gözlənilən idi:
"Ümumiyyətlə, baş verən hadisələri İsrail-Hizbullah çərçivəsində dəyərləndirmək düzgün olmaz. Baş verənləri Yaxın Şərqdəki ümumi prosesləri nəzərə alaraq təhlil etmək lazımdır. Hesab edirəm ki, İran-ABŞ münasibətlərinin günü-gündən pisləşməyə doğru getməsi bölgədəki digər ölkələrə də təsir edir. Bütün bu baş verənlər əslində bir-biri ilə çox əlaqəli məsələlərdir”.
Politoloq son günlər İrana yaxın qüvvələrin aktivləşdiyini bildirib:
"İrana yaxınlığı ilə bilinən Husilərin Səudiyyə Ərəbistanına endirdiyi zərbələri, Hizbullahın Suriyada olan aktivliyini buna misal kimi göstərmək olar. Düşünürəm ki, İran və ona yaxın olan qüvvələr bölgədəki vəziyyəti dəyişməyə çalışır. Lakin bütün bunlar rəsmi Tehrana yaxşı heç nə verməyəcək”.
Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb.
Hizbullah qruplaşması da İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu bildirib. Bunun ardınca İsrail cavab zərbələrinə başlayıb.