Vahid Əhmədov: "Bu qədər böyük məbləğdə vəsaitin bazara daxil olması qiymətlərə təsir edə bilər”
Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam artıq qüvvəyə minib və minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilib. Xatırladaq ki, indiyədək bu məbləğ 180 manat olub. Minimum əmək haqqının artımı, ilk pilləsi minimum əmək haqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla, 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan minimum əmək haqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əmək haqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.
Bundan əlavə, prezident İlham Əliyevin iyunun 18-də imzaladığı dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqının artırılması haqqında və dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam da artıq qüvvəyə minib. Bununla da sözügedən kateqoriyaya aid işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Vahid ÆhmÉdov ile ilgili görsel sonucu
Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan deputat Vahid Əhmədov bildirdi ki, bu qədər böyük məbləğdə vəsaitin bazara daxil olması qiymətlərə təsir edə bilər və hökumət bu istiqamətdə iş aparır: "Bu aydan etibarən əmək haqlarının artırılması kifayət qədər böyük bir məbləğin bazara daxil olması deməkdir və bu sərəncam təxminən 1 milyon 400 min nəfəri əhatə edir. Burada hökumətin üzərinə düşən işlərdən biri də bazara daxil olan vəsaitin qiymət artımını tətikləməsinin qarşısını almaqdır. Bazara daxil olan vəsait özünü necə aparacaq, ona baxmaq lazımdır. Bizi narahat edən əsas məsələ qiymət məsələsidir. Maaşlar artan kimi, istər obyektiv, istərsə də subyektiv səbəblərdən olsun, qiyməti artırmağa başlayırlar. Əgər bahalaşma baş verərsə, o zaman qiymət artımının heç bir əhəmiyyəti olmaz. Hazırda hökumət bu işlə çox ciddi məşğul olur və onun qarşısını almağa çalışır”.
Deputat onu da vurğuladı ki, maaşların artırılması hər zaman davamlı olan bir prosesdir və davamlı da olmalıdır: "Biz 2020-ci ilin dövlət büdcəsini müəyyənləşdirərkən də bu məsələlərə toxunacağıq. Elə təbəqə var ki, orada yüksək maaşdan söhbət gedə bilməz. Müəllimlərin, həkimlərin maaşı da buraya aiddir. Ancaq son artımlar, həm minimum əmək haqqı, həm pensiyalar, həm də özəl şirkətlərdə çalışanların əmək haqları ilə bağlı verilən qərarlar ümumilikdə böyük bir artımdır. O baxımdan insanların həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Ancaq bir şərtlə ki, qiymət siyasəti bizim üçün problem yaratmasın. Mən obyektiv qiymət artımını başa düşürəm, əgər mal və ya onun hər hansı komponenti xaricdən alınırsa, onun qiyməti dəyişə bilər. Ancaq daxildə olan istehsal, xüsusən də ərzaq məhsullarının qiymətindəki artıma nəzarət mexanizmi həyata keçirilməlidir. Cavabdeh qurumlar bu işlə məşğul olmalıdır”.
V.Əhmədovun sözlərinə görə, minimum əmək haqqının artımını kölgə iqtisadiyyatını da müəyyən həcmdə gün üzünə çıxaracaq: "Kölgə iqtisadiyyatını müəyyən qədər azaltmışıq, amma tamamilə ləğv etmək çətin məsələdir. Kölgə iqtisadiyyatını azaldıb elə həddə gətirməliyik ki, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatına təsir etməsin”.
Deputatın sözlərinə görə, maliyyə bazarına böyük bir pul kütləsin axını manata təzyiqləri formalaşdıra bilər: "Növbəti aydan əmək pensiyaları da artırılır, bunlar hamısı kompleks tədbirlərdir. Pensiyalar, yaşayış minimumu, müavinətlər və sair hamısı paralel olaraq artır. Bu maliyyə bazarına böyük bir pul kütləsinin axını deməkdir. Bu axın manata təzyiqləri formalaşdıra bilər, devalvasiyaya qədər gətirib çıxara bilər. Ancaq mən inanmıram ki, belə bir hal baş versin. Çünki Mərkəzi Bank manat kütləsinə çox ciddi nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti də hələ ki bizim istədiyimiz həddədir, 60 dollardır. O mənada devalvasiya gözlənilmir. Ancaq nəzarət qurumları qiymət artımına qarşı iş aparmalıdır. Ünvanlı sosial yardım, minimum ehtiyac meyarının artırılması da bu kompleks tədbirlərin bir hissəsidir. Ehtiyac meyarı ünvanlı şəkildə verilən yardımın miqdarıdır. İndi də uşaq pulu məsələsi gündəmdədir, mən də uşaq pulunun verilməsinin tərəfdarıyam. Ancaq bütün bunlar ünvanlı olmalıdır”.