Moderator.az "Qarabağ şikəstəsi”nə möhürünü vurmuş Tacir Şahmalıoğlu ilə müsahibəni təqdim edir:
- Necədir işləriniz? Nə planlarınız var yeni mövsümdə? Nəsimi ili ilə bağlı yaradıcılığınızda işlər görmüsünüzmü?
- Mən heç bilmirdim ki, bu il Nəsimi ilidir... Siz dediniz, indi eşitdim. Gərək deyilə, biləm də mən də. Amma Nəsiminin şeirlərini ümumiyyətcə, uşaqlıqdan çox sevmişəm. Məsələn:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
Son zamanlar qalmaqal yarandı Afət Fərmanqızının oxuduğu "Pənci Şeş”lə bağlı. Bilirsiniz də yəqin... O yaradıcılıq deyildi, düzdür, Afət xanıma böyük hörmətim var. Mənim üçün xoş olardı ki, həmin şeirin üstünə böyük bir kompozisiya yaradardı. Mən onda məəttəl qalardım. Hansısa bir hind musiqisi Nəsimiyə yaraşmadı. Çünki onun şeirləri sıradan deyil. Bir az ona yuxarıdan yanaşmaq lazım idi. Mən ümumiyyətlə, o tip mahnılar oxumuram. Gözəl bəstəkar, xalq mahnıları oxuyuram. Elə mahnılar var ki, özüm bəstələyirəm. Amma elə bir fikrim var Nəsiminin şeirinə bir gözəl mahnı bəstələyim. Doğrudan, mən ilk dəfə sizdən eşitdim ki, bu il Nəsimi ilidir. Nə vaxta kimi vaxtımız var?
- İldirsə, dekabrın sonuna kimi.
- Çalışıb bir yaxşı kompazisiya hazırlayacam.
- Oğlunuz Şahmalı da müğənnilik edir. Dəstəkləyirsinizmi? Razısınız onun fəaliyyətindən?
- Bir var ki, quyuya su tökürsən, su əmələ gəlmir axı. Gərək quyunun özündə su olsun. Mənim oğlumun da qabında musiqi var, gözəl bəstələri var. Məsələn, "Yolun düşsə bu dünyaya bir də gəl”, bu mahnımı Şahmalı bəstələyib. Milyonlarla izləyicisi var. Hit mahnı yaratdı. Özünün də istəyidir. Deyir, ata, məni musiqidən ayırma. Mən də bir ata kimi nə lazımdırsa, köməyimi əsirgəməyəcəm.
- Sizdən daha güclü ifaçı olacağına inanırsınız?
- Mən o yaşda olanda bu cür güclü ifaçı olacağımı bilirdim ki? Onu illər göstərir. Həyatda keçəcəyi yollar göstərəcək. Bəlkə də on-on beş ildən sonra Şahmalı həqiqətən də sənətdə sözünü demiş birisi olacaq... Amma üzərində işləsə. Çünki qabında var.
- Kiçik oğlunuzu necə böyüdürsünüz?
- Baldır, bal! Səhər qalxanda heç bal yeməyə ehtiyac qalmır.
-TV-lərdə çox reklam etdiniz. Tamaşaçılarda elə bir şübhə yarandı ki, sanki Tacir müəllim ikinci dəfə evlənib. Və bu onun ikinci xanımından dünyaya gələn körpəsidir...
- Yox, elə bil ki, yol ilə gedirsən, qarşına bir küp qızıl çıxır. İnsana necə sevinc bəxş edirsə, bu uşaq da mənə eynən o cür sevinc gətirib. Allahın verdiyi ən gözəl nemətdir, yatsam, yuxuma da girməzdi ki, bu yaşımda Allah mənə oğul payı verəcək. Olmayanlara da, olanlara da qismət olsun. 18 ildən sonra... Mən əsl atalığı indi başa düşürəm. İnsan cavanlıqda etdiyi səhvləri təkrarlamır. Mən indi həyata sevgi ilə baxıram, insanlara daha da yaxınlaşmaq istəyirəm. Əvvəl bəlkə də istəmədən kiminsə qəlbini də qırmışam, indi isə heç kimin qəlbinə dəymirəm. İndi daha çox məsuliyyət hiss edirəm.
- Baba yaşında ata oldunuz. Və göstərdiniz ki, qınağa tuş gəlməkdən qorxmursunuz. Başqa nədənsə qorxunuz varmı?
- 45 ildir sənətdəyəm, ancaq xalqım üçün çalışmışam. İndi bir təhlükəli iş görməmişəm ki. Dünyaya oğul gəlib də mənim üçün. Elə bir pis iş tutmamışam. 54 yaşım var, amma özümü 30 yaşındakı kimi hiss edirəm. Ürəyim də, özüm də sağlamam. O qınayanlara da Allahın o payından qismət olmasını arzulayıram. Qoy görsünlər ki, bu nə gözəl hissdir.
Həyatda tək qorxum şərdir. Şərin altından çıxmaq çox çətindir. Ailəmdə də düzəni qurmuşam. balalarımla da aramızda ata-bala sevgisi var. Bir canım var, onu da Allah nə vaxt istəsə alacaq.
- Fədayə Laçından xəbəriniz varmı? Olubmu ki, ürəyinizdən keçsin ki, gedib bir baş çəkim ona?
- Fədayə xanımı çox istəyirəm. Tonlarla çörək kəsmişik. Sadəcə olaraq, Fədayə xanımın seçdiyi yol mənim yolumla çox fərqlənir. Allah qapısını açsın. Gecə-günsüz əlim Allahadır ki, azadlığa çıxsın. O götürdüyü yolla düşdü çuxura. Çıxar çuxurdan İnşallah. Maraqlanmışam onunla. Amma divarın bu üzünü görə bilirsən, o biri üzünü görmək olmur axı. Bəzi maneələr var. Bəzi insanlar var ki, onlar Fədayənin adından mənə söz-söhbətlər çatdırırlar.
Amma bir-iki dəfə cəhd etdim, öyrəndim ki, o, Kürdəxanı təcridxanasındadır və yanına yalnız anası və bacısınından başqa kimsə buraxılmır. Yenə bu yaxınlarda da eşitdim ki, ona 5 il 6 ay həbs cəzası verilib. Amma yenə də Kürdəxanıda idi. Deyəsən təzəlikcə "zona” çıxıb. Bəli, hazırlaşıram onun yanına getməyə. Niyə getməyim ki? Fədayə mənə heç nə etməyib. Nə edibsə, özünə edib. İstəməzdim ki, bu vəziyyətə düşsün. Onun bir tələbəm kimi həm potesialının şahidi olmuşam, həm də ki, xalq tərəfdən baxanda çox güclü oxuyandır.
- Tacir müəllim, bayaq dediniz ki, 45 ildir sənətdəsiniz. Bəs fəxri ad almamısınız?
- Mən dövlətimi sevirəm, başda prezidentimiz olmaqla hamıya böyük hörmətim var. Gözləyirəm ki, dövlətimiz özü mənə ad verəcək. Rəsmi ad var ha, insan var ki, ona bu rəsmi addan verilib, amma bir dəfə xalqın dilində onun adı çəkilməyib. Və yaxud da bir də görürsən ki, evində qalır yiyəsiz, dövlətə müraciət edir ki, qalmışam yiyəsiz. Xalq tərəfindən sevilən sənətkar yiyəsiz qala bilməz! Bizim xalqımız başqalarından seçilir. Toylara girəndə məni xalq artisti kimi qarşılayıralar. Mən artıq xalqın sevgisini qazanmışam. Bunu təkcə sizə deyirəm, mənə birbaşa xalq artsi adı verilsə, qəbul edəcəyəm. Əməkdar artist adı verilsə, qəbul etməyəcəyəm! Çünki 1978-80-ci illərdə mən artıq əməkdar atist adını qazanmışdım. Amma verilmədi. Mən "əməkdar artist” adını neyləyirəm ki? Dövlətim mənə birbaşa xalq artisti adını versə, hə, onda bilərəm ki, sənətim dəyərləndirildi. Nadir Bayramlıya verilsin əməkdar artist, mənə xalq artisi adı düşür. Dünya tarixinə düşən yeganə insanam ki, Olimpiya oyunları, xalq ulduzu, muğam müsabiqəsi, xalqımızın bir çox qəmgin günləri, xoş günləri mənim səsimlə başlayır. Haqq etmədim ki?
- Sizə görə kim layiq deyil fəxri adlara?
- Mən onu deyə bilmərəm. Amma fikir verin, mənim tələbələrimin tələbələri fəxri adlara layiq görülüblər. Mən isə hələ heç əməkdar da deyiləm. Bu boyda haqsızlıq olmaz axı! Bütün bunlara baxmayaraq, mən həris deyiləm, yenə də dövlətimi sevirəm! Həris olsaydım, düşərdim dalınca, alardım onu. Mən isə istəyirəm ki, özləri versinlər. Mən xalqım üçün cüzi nəsə də olsa, edirəm və bununla fəxr edirəm. Bu, mənim üçün şərəfdir. Dövlətimdən umuram, deyirlər, uman yerdən küsərlər.
Ancaq yenə də mən dövlətimi, millətimi çox sevirəm. Azərbaycan millətindən üstün millət yoxdur.