"Ermənilər işğal edilmiş Azərbaycanda torpaqlarında möhkəmlənmək üçün hər gün nə isə edir, nələrsə inşa edir, nələrsə tikirlər. Lakin Azərbaycan hökuməti elə davranır ki, sanki bu hadisələr Azərbaycanda yox, Cənubi Amerikada baş verir”.
Bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri hesab edir ki, Azərbaycan Ermənistanın işğal edilmiş torpaqlarda həyata keçirdiyi məskunlaşma prosesinə daha sərt təpgi göstərməli, ermənilərin beynəlxalq hüquq pozuntusu olan bu addımlarını daha qətiyyətlə ifşa etməlidir:
"Təəssüflər olsun ki, bu gün hökumətin davranışı ermənilərin işğal edilmiş torpaqlarla bağlı yürütdüyü həyasız, istilaçı siyasətə adekvat deyil. Mediada ermənilərin işğaldakı Azərbaycan torpaqlarında məktəblər, xəstəxanalar, hərbi hissələr, kilsələr, istehsalat müəssisələri, idman komplekləri və s. tikməsi ilə bağlı çoxsaylı informasiyalar dərc olunur. Lakin Azərbaycan beynəlxalq tribunalarda, beynəlxalq təşkilatlarda ermənilərin bu qanunsuzluğunu lazımı dərəcədə, lazımi qətiyyətlə ifşa edə bilmir. Bu siyasəti dəyişmək, erməniləri beynəlxalq aləmdə daha ciddi faktlar və qətiyyətlə ifşa etmək lazımdır. Çalışmaq lazımdır ki, dünya birliyi ermənilərin ilhaq siyasətinə münasibət bildirsin. Çünki bu cür dişsiz siyasətlə sözügedən məsələ ilə bağlı nəyəsə nail olmaq mümkün deyil”. (Moderator.az)