Ölkənin dərman bazarı özbaşına qalıb - ilginc iddialar
20-06-2016, 12:36 884Azərbaycanda xaricdən dərman vasitələri gətirən əsas əczaçılıq şirkətləri "Avromed" və "Riad Farm" olub. Gundelik-baku.com bildirir ki, şəbəkələşəmiş dərman satışı ilə məşğul olan daha bir neçə şirkətin imkanları bir o qədər böyük deyil. Son bir neçə ildə "Riad Farm" MMC-nin də qarşısına ciddi sipər çəkilib. Bu isə ilk növbədə "Avromed"i necə deyərlər irəli salıb. Dərman bazarında yaranmış hazırkı vəziyyət bu ticarətlə məşğul olan sabibkarların da narazılığına səbəb olur. Görünür, dövlət rəhbərliyi həssaslıqla bu məsələyə yanaşaraq vəziyyətin nəzarətdən çıxmasını bir növ əngəlləyən tədbirlərin gerçəkləşməsini lüzum bilir. Pozuntularda adı daha çox hallanan gözlənildiyi kimi, "Avromed" oldu. "Avromed" şirkəti ölkənin ən iri əczaçılıq şəbəkələrini özündə birləşdirir. Əsas regionlarda filiallar açmış şirkət Azərbaycanda 200-dən artıq xarici şirkətin dərmanlarını satır. Xariclə sıx əlaqələri olan "Avromed"in Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olduğu deyilir. Açığı, ölkədə dərman satışına nəzarət edən bu "imperiyanı" bir deputatın kurasiyasında təsəvvür etmək bir qədər inanılası deyil. Çünki şirkətin özü bəzən qanunların əndazəsinə belə sığmır. Bəzi məlumatlara görə, "Avromed"in Bakıətrafı qəsəbələrdə gizli dərman hazırlayan sexləri fəaliyyət göstərir. Xüsusi mühafizəçilər tərəfindən qorunduğu deyilən bu sexlərə giriş demək olar ki, mümkün deyil. Hesab edirik ki, bu xəbərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına ehtiyac var. Qeyd edək ki, "Avromed"in dərman bazarında inhisarçı mövqeyi ələ keçirməsi "Riad Farm" şirkətinin öz mövqelərini itirməsindən sonra sürətlə artmağa başladı. Şirkətin xaricdən gətirdiyi dərmanları öz nəzarətindəki apteklərdə nisbətən ucuz qiymətə satılması digər rəqiblərini demək olar ki, çətin vəziyyətə salıb. Bu amil dərman bazarında sıxışdırılmağa başlayan "Riad Farm" MMC-nin tərəfdaş apteklərinin xeyli hissəsini və əksər müstəqil fəaliyyət göstərən aptekləri istər-istəməz "Avromed"in çətiri altına yığıb. Bu gün "Avromed" faktiki olaraq ölkədə dərman bazarında yeganə lider sayılır. Şirkətin rəhbərliyi hətta Səhiyyə Nazirliyinin rəsmiləri ilə də hesablaşmır, bəzi situasiyalarda isə nazirliyin rəsmiləri tərəfindən aparılmış reydlərin effektini sıfra endirən hərəkətlərdən belə çəkinmir. Bununla yanaşı, "Avromed"in dövlətin vergi siyasətini də əngəlləyə biləsi əməlləri barədə xəbərlər dolaşır. Belə ki, şirkət inhisarçı imkanlarından istifadə edərək aptek fəaliyyəti ilə məşğul olan bir sıra fiziki şəxslərin "krışalığı"nı da boynuna götürüb. Bu məsələ ilə bağlı əməkdaşımızı bilgiləndirən məlumatlı mənbə qeyd edir ki, "Avromedin" çətiri altında fəaliyyət göstərən apteklərin vergi hesabatları reallığı əks etdirmir. Ölkədə dərman satışına dövlət nəzarətinin səviyyəsizliyi barədə "gundelik-baku.com ilk həyəcan təbili çalan mətbu orqanlardandır. Bu sahədə hökm sürən özbaşınalıqların sadə vətəndaşları çətin duruma salması, xüsusilə imkansız təbəqənin bundan daha artıq əziyyət çəkməsi dəfələrlə rəsmi orqanların diqqətinə çatdırılıb. Lakin bu tənqidi qeydlərə heç bir reaksya verlməyib. Yalnız vəziyyətin dözülməzliyinə ölkə başçısının diqqət yetirməsndən sonra əlaqədar qurumlar əl-ayağa düşməyə başlayıb. Bu məmurlar axı nəyi gözləyirdilər. Ölkəyə gətirilən dərmanların dövlət nəzarət mexanizmindən yayındırılması, bu dərmanlara pərakəndə satış zamanı apteklərdə qoyulan əlavə qiymətlərin də fərqli olması bəzi məmurların korrupsiyalaşması fikrini ortaya qoyur. Görəsən, nazirliyin rəsmiləri burada korrupsiya amilindən savayı, inhisarçı əczaçılıq şirkətləri tərəfindən yaradılmış saxta dərman probleminin hələ də çözülməməsi faktorunu inkar edə bilərmi? Oqtay Şirəliyev həlli mümkünsüz olmayan problemin qarşısında tənqid eşitməyə, hətta bəzi hərəkətsizliklərdə suçlanmağa özündə səbr tapa bilirsə, deməli, öz idarəçilik və təşkilatçılıq potensialını bitirmiş durumdadır. Yazı ilə bağlı qarşı tərəflərin də cavab haqqını tanıyırıq.