Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.
Shafaqadogru.com xəbər verir ki, Qazax rayonunda yeni fəaliyyətə başlayan və "Mətanət A” şirkətinə məxsus "Azerlime” əhəng zavodu regionda yerləşən tikinti-quruculuq işlərində mühüm rol oynayacaq. Rayonun Daş Salahlı kəndində yaradılan bu müəssisə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
"Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 2000-ci ildə əsası qoyulan şirkət inşaat materiallarının istehsalı sektorunda 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətin tərkibinə quru inşaat qarışıqları, gips əsaslı məhsulların buraxılışı, boya, beton qatqıları, avadanlıq və dəzgahların istehsalı, açar təhvili sahəsində ixtisaslaşmış zavodlar daxildir.
Prezident İlham Əliyevə şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə məlumat verildi. Bildirildi ki, daş yunu zavodu və gips lövhə zavodu artıq icra olunma mərhələsindədir. Perspektiv layihələrdə isə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum zavodunun və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodunun tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 90 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1000-ə yaxın daimi iş yeri açılacaq.
Dövlətimizin başçısı "Azerlime” əhəng zavodunu işə saldı.
Prezident İlham Əliyev "Azerlime” əhəng zavodunda istehsal edilən məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıqlar hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur. Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir.
Zavodda istehsal olunan yeni növ "Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- İlk növbədə, sizi zavodun açılışı münasibətilə təbrik edirəm. Çox şadam ki, şirkətiniz yeni zavodun ərsəyə gəlməsində fəallıq göstərib və beləliklə, ölkəmiz, xalqımız üçün çox önəmli bir töhfə verib.
Artıq bir neçə zavod fəaliyyətdədir. Mənim də tövsiyəm o idi ki, bütün sərmayələr Azərbaycana qoyulsun, sizin başqa planlarınız var idi. Mən sizin fəaliyyətinizlə mütəmadi surətdə tanış oluram. Çünki yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır. Ona görə mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin. Bu gün mənə burada stendlərdə göstərilən təqdimatda görürəm ki, doğrudan da şirkətin fəaliyyəti çox genişmiqyaslıdır və yüzlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb, xüsusilə bölgələrdə. Təkcə bu yeni əhəng zavodunda 150, ondan sonrakı mərhələdə 250 nəfərin işlərə cəlb edilməsi nəzərdə tutulur və beləliklə, vətəndaşları işlə təmin etmək üçün yaxşı imkanlar var.
O ki qaldı, sizin gələcək planlarınıza, əminəm ki, dövlətin dəstəyi ilə bu planlar həyata keçəcək. Çünki bu zavodların və sizin səmərəli fəaliyyətiniz üçün dövlət öz tərəfindən maliyyə dəstəyi göstərib, güzəştli şərtlərlə kreditlər ayırıb. Amma, əlbəttə ki, əsas yükü siz öz üzərinizə götürmüsünüz və bu da təbiidir. Dövlət isə hər zaman sahibkarların yanında olacaq, sahibkarlığın inkişafına bundan sonra da böyük təkan verəcək.
Bu gün ölkəmizdə sərmayə iqlimi çox müsbətdir. Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılmışdır.
Bizim investisiya iqlimimizin müsbət olmasını Dünya Bankı da qeyd edir və biz bu reytinqlərdə 20 ən islahatçı ölkə sırasındayıq. Əlbəttə ki, buna nail olmaq üçün çox düşünülmüş siyasət aparılmalıdır. Əminəm ki, təkcə Dünya Bankı yox, eyni zamanda, yerli sahibkarlar da aparılan islahatları görürlər və bəyənirlər. Çünki sahibkarlar üçün əsas məsələ düzgün qaydaların tətbiq edilməsidir. Bu istiqamətdə dövlət siyasəti birmənalıdır, bütün sahələrdə, o cümlədən maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq hesabına təkcə keçən il vergi və gömrük orqanları proqnozdan əlavə büdcəyə 1 milyard manat daxil ediblər.
Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb. Buna baxmayaraq, yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstlük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də, ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir.
Qeyri-rəsmi məşğulluq olmamalıdır. Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq.
Bu gün bu zavodun açılışı bir daha onu göstərir ki, ölkəmizdə düzgün iqtisadi siyasət aparılır. Biz sahibkarlıqla bağlı görülən tədbirlərin real nəticəsini görürük. Çünki bizim iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir. Dövlət, sadəcə olaraq, şərait yaratmalıdır, infrastruktur layihələri həyata keçirməlidir ki, sahibkarlar da bu işlə həvəslə məşğul olsunlar.
Qazax rayonunda elektrik enerjisi ilə bağlı problem yoxdur, 100 faiz təmin olunub. Qazlaşdırma ilə bağlı da problem yoxdur. Qazax rayonu qazla 100 faiz təmin edilib. Bu gün Qazaxda yolların 85 faizi təmirlidir. Əgər bu sahələrdə problem olsaydı, heç bir sahibkar buraya gəlib pul qoymazdı, o cümlədən də siz. Başqa yer tapardınız, gedərdiniz başqa ölkələrə, harada ki, bu infrastruktur var. Ona görə bunu biz yaratmışıq ki, insanlar yaxşı, rahat yaşasınlar və sahibkarlar vəsait qoysunlar. İcra başçısı mənə deyir ki, Daş Salahlı kəndində üç böyük müəssisə var. Bu müəssisələrdə 1300 adam işləyir. Kəndin əhalisinin sayı 10 mindir, 1300-ü burada işləyir. Bax, budur bizim gördüyümüz işlər və sahibkarların gördüyü işlər. Ona görə sahibkarlara mərkəzi dövlət orqanları, yerli icra orqanları daim dəstək göstərməlidirlər. Onların problemləri həll olunmalıdır. Mənə indi məlumat verilir ki, biz yeni yol çəkmişik, amma bu yük maşınları o yolu dağıda bilər. Yük maşınları üçün alternativ yol çəkilməlidir. İndi mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırıq verəcəyəm, məni eşidirlər. İki kilometr uzunluğunda yeni yolun çəkilişi təmin edilməlidir ki, kənd yolu belə normal qalsın və deformasiyaya uğramasın.
Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Belə müəssisələri yaradın ki, mən gəlim sizinlə birlikdə bunların açılışında iştirak edim.
X X X
"Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov dedi:
-Təşəkkür edirəm, cənab Prezident. Qazax rayonuna və zavodumuza xoş gəlmisiniz. İcazə verin, kənd camaatı adından və kollektivimiz adından Sizə səmimi salamlarımızı çatdıraq. Bu, çox sevindirici bir haldır ki, artıq üçüncü dəfədir Siz Daş Salahlı kəndində böyük bir müəssisənin açılışında iştirak edirsiniz. Bu gün ölkəmizin bütün regionlarının, bölgələrinin siması dəyişir. Bunu hər birimiz öz gündəlik güzəranımızda da hiss edirik.
Cənab Prezident, bu gün təkcə şəhər mərkəzlərində, rayon mərkəzlərində deyil, hətta ucqar kəndlərdə belə hər bir problem Sizin diqqət mərkəzinizdədir və daim nəzarətinizdədir. Təsadüfi deyil ki, düşmənlə üz-üzə olan bir yerdə, dağ kəndi olan Daş Salahlıda belə bir açılışı biz həyata keçiririk. Onu da qeyd edim ki, bu zavoda 15 milyon dollar sərmayə qoyulub. Bunun 9 milyonu dövlətimizin dəstəyi hesabına başa gəlib. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə də biz bu layihə üçün təşviq sənədi almışıq. Bu gün 250 iş yerinin açılmasını nəzərdə tuturuq. Orta aylıq əməkhaqqı da 500 manat olacaq. Mütəxəssislər arasında isə 1000 manat, 800 manat əməkhaqqı alanlar da var. Bu işçilərin əksəriyyəti Daş Salahlı kəndindəndir. Burada maraqlı bir məqam var, bu gün elə ailələr var ki, Daş Salahlı kəndində hər iki valideyn müasir zavodda işləyir, övladını da bağçaya qoymaq imkanı yaranıb. Bu, nədən irəli gəlir? Bu, yüksək infrastrukturun, müasir bağça və məktəblərin yaradılmasından irəli gəlir. Bu, eyni zamanda, bir mədəni inqilabdır. Bu gün artıq mədəni yanaşma da dəyişir. Bütün bunlar Sizin gecə-gündüz bilmədən böyük əzmlə hər bir vətəndaşınızı düşünməyinizin nəticəsidir.
Bir məsələni də qeyd edim ki, bu gün bu zavodun tikilməsində biz Almaniya, İsveçrə mütəxəssislərinin biliklərindən də istifadə etmişik. Ancaq bu gün əminliklə deyə bilərik ki, o mütəxəssislər gedib, onların dəstəyi olmadan yetişən yerli kadrlar bu işi öz gücləri ilə həyata keçirirlər. Bundan əlavə, onların da əksəriyyətini gənclər təşkil edir. Mən özüm dövlətimizin dəstəyi ilə Almaniyada və İngiltərədə təhsil almışam. İqtisad üzrə fəlsəfə doktoruyam və bu gün idarəetmədə iştirak edirəm. Mən tək nümunə deyiləm. Mənim kimi bu gün bu müəssisədə fəhləlikdən başlayıb mütəxəssis səviyyəsinə qalxan çoxsaylı insanlar var. Ona görə gənclərlə bağlı dövlət siyasətinə və gənclərə göstərilən bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bir daha bütün kollektivin adından Sizə cansağlığı və təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, öz uğurlarımızla Sizin siyasətinizə dəstək verəcəyik və etimadınızı doğruldacağıq. Allah Sizi qorusun, çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ ol. Sizə də cansağlığı arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.