Ermənistanın daha bir yalanı ifşa edildiə
"Cəhənnəmə gedən qardaşın çox istəyər”, – deyib atalarımız. Eynən Ermənistanın hərbi-siyasi hakimiyyətində olanlar kimi. Müzəffər Azərbaycan Ordusu qarşısında əzilən və ölümə məhkum olan Ermənistan hakimiyyəti öz bataqlıqlarına digər dövlətləri də çəkmək istəyir. Bunun üçün ağla gələn və gəlməyən bütün yollara əl atırlar. Əslində onları başa düşmək çətin deyil. Çünki ermənilər hər zaman kiminsə kölgəsində gəzib, kiminsə qucağında oturub. Bunu erməniləri az-çox tanıyan hər kəs bilir.
Sonuncu dəfə Rusiyanın kölgəsinə sığınan Ermənistan 30 il bundan qabağ Azərbaycanın suveren hüquqlarını pozdu, 20 faiz torpaqlarımızı işğal etdi. Hələ Zəngəzur və digər qədim-qayım torpaqlarımızdan 200 mindən artıq azərbaycanlını didərgin salmaqlarını və onların torpaqlarına "sahib çıxmalarını” demirəm. İşğaldan ötən müddətdə isə Rusiya ilə bərabər Qərbin və ABŞ-ın qılığına girən Ermənistan ağac kölgəsində yatdığını unudub özünü qalib kimi göstərməyə çalışıb. Amma Azərbaycan xalqı və dövləti hər zaman deyib ki, biz müharibədə deyil, döyüşdə uduzmuşuq. Müharibə başlayacağı təqdirdə kimin kim olduğu bəlli olacaq və Azərbaycan müharibəni qələbə ilə başa vuracaq. Belə də oldu.
Doğrudur, Azərbaycan Ordusunun zəfər yürüşü bir qədər gec başladı, amma möhtəşəm oldu. Baxmayaraq ki, zəfər yürüşünün gecikməsinin bir sıra obyektiv səbəbləri var idi.
Birincisi, ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanan Azərbaycan diplomatik əlaqələri lazımı səviyyədə deyildi.
İkincisi, Ermənistan tərəfindən peşəkar Rusiya ordusu döyüşdüyü halda Azərbaycan əli yalın könüllülər batalyonu ilə baş-başa qalmışdı. Hələ ordu quruculuğuna belə başlamağa imkan olmamışdı.
Üçüncüsü, planlı iqtisadiyyatdan imtina edən Azərbaycan dövləti yeni, qeyri-ənənəvi bazar münasibətlərinin astanasında idi. Necə deyərlər de-yure müstəqil olsaq da, de-fakto müstəqillikdən əsər-əlamət yox idi. Hələ müstəqilliyimizin ilk illərində iqtidarda olanlarımızın siyasi səbatsızlığını və idarəçilik təcrübəsinin olmamasını demirəm. Məhz o zamankı iqtidarın səhvləri ucbatından Rusiya Azərbaycanı cəzalandırdı. SSRİ-nin dağılmasından sonra Rusiya çalışırdı ki, bütün respublikalarda öz ordusunu saxlasın. Əksər respublikalar Moskvanın bu istəyi ilə razılaşsa da, o vaxtki AXC-Musavat iqtidarı Azərbaycanda rus ordusunun saxlanılmasına icazə vermədi.
O vaxt Milli Məclisin sədri olan İsa Qəmbər etiraf etmişdi ki, "…Rusiya bizim qarşımıza iki şərt qoymuşdu: ya müstəqillik, ya da Qarabağ. Biz də müstəqilliyimizi seçdik”. Beləcə, 28 il qabaq Rəsmi Kreml Azərbaycan iqtidarını cəzalandırdı. Qarabağ və ətraf əraziləri işğal edərək Ermənistana peşkəş edildi. Bu həqiqəti Ermənistan da, onların xaricdəki havadarları da yaxşı bilir. Ona görə də ermənilərin özlərini qalib kimi aparması hər zaman gülüş doğurub. Amma son baş verən hadisələr göstərdi ki, Azərbaycan ötən 28 ili boşa verməyib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi hesabına əvvəlcə Azərbaycan dağılmaqdan, məhv olmaqdan qurtuldu. Sonra kərpic-kərpic müstəqil Azərbaycan dövlətini qurdu. Prezident İlham Əliyev tərəfindən isə bu siyasət yeni çağırışlarla, yeni müstəvidə daha da inkişaf etdirildi.
Və Azərbaycan onun rəhbərliyi altında cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrildi. İqtisadi cəhətdən güclənən Azərbaycan diplomatik sahədə də böyük həmlələr etdi. Azərbaycan həqiqətləri dünyaya agahi-şəyan oldu. Nəticədə pozulmuş siyasi balans yavaş-yavaş Azərbaycanın xeyrinə dəyişdi. Diplomatik sahədə qazanılan uğurları İlham Əliyev böyük məharətlə sentyabrın 27-də döyüş meydanına daşıdı. Hazırlanmış uğurlu hücum taktikası ən qısa zamanda döyüş meydanında öz bəhrəsini verdi. Dünya döyüş meydanında kimin kim olduğunu ap-aydın gördü. Hamı bildi ki, Rusiyanın dəstəyi olmasa, Ermənistan bir aya müzəffər Azərbaycan Ordusunun tapdağı altında qalar. Bunu hamı kimi Ermənistanın hərbi-siyasi hakimiyyəti də yaxşı bilir. Ona görə də bütün vasitələrlə Rusiyanın ikinci Qarabağ savaşına cəlb etmək istəyir. Bunun üçünsə bütün vasitələrə əl atılır. Ermənilər gah deyir ki, Qarabağa Suriyadan terrorçular gətirilib və burdan sonra terrorçular Rusiyaya keçəcək. Gah deyirlər ki, Qarabağa Rusiyalı sülhməramlıları gətirilməsə, Azərbaycan ermənilərə qarşı soyqrımı həyata keçirəcək və sair və ilaxır…
Əslində bu sayıqlamaların tək səbəbi yenidən Rusiyanı Ermənistanın tərəfinə çəkmək və onların hərbi gücü ilə savaş meydanında üstünlüyə yiyələnməkdir. Amma indiki məqamda bu, o qədər də real görünmür. Çünki Azərbaycan hökümətinin apardığı uğurlu xarici siyasət Rusiya və Qərb dövlətlərini ermənipərəst mövqelərindən bir qədər geri çəkindirib. Digər bir tərəfdən də terrorçu iddiasının heç bir əsası yoxdur.
Birincisi, istər Rusiya. istərsə də Qərb Qarabağ döyüşlərini kosmosdan çox asanlıqla izləmək imkanınan malikdir. Hələ kəşfiyyat məlumatlarını demirəm.
İkincisi, Azərbaycan bu gün ən müasir döyüş taktikası ilə vuruşur. ABŞ, Rusiya və Qərb dövlətlərinin təəccüb və həsədlə izlədiyi Azərbaycan PUA-ları döyüş bölgəsində düşmənə göz açmağa imkan vermir. Bir PUA-nın döyüş əmsalı isə yüzlərlə piyadanın döyüş bacarığında üstündür. Ona görə də Ermənistanın iddialarının heç bir əsası yoxdur. Bu günlərdə Respublika Prezidenti İlham Əliyev TASS İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu ittihamlara çox tutarlı cavab verdi: "…Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib… Bu, birincisi. İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik… Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. yoxdur…”
Bəli, 100 minlik müzəffər Azərbaycan Ordusu riyakar, yalançı və xəyanətkar erməniləri və onların himayədarlarını hələ çox kədərlədirəcək. Tökülən şəhid qanlarının intiqamı alınacaq, qədim-qayım torpaqlarımızın hər bir qarışı düşmən torpaqlarından azad edələcək. Və bu ərazilərdə üç rəngli Azərbaycan bayrağı qürurla dalğanacaq. O gün uzaq deyil.
Surxay Atakişiyev,