"Zeynəb xanıma dörd qaçqın-köçkün tələbənin təhsil haqqını ödəmək üçün hesab nömrəsini verdim, səhərisi gün ödəniş kağızını gətirdi və xahiş etdi ki, heç yerdə yəni, mətbuatda, MM-də demə, bu, mənim vətəndaşlıq borcumdur”.
Bunu tanınmış ziyalı, Kəlbəcər rayonundan olan sabiq millət vəkili Əlövsət Ağalarov sosial şəbəkələrdə Xalq artisti Flora Kərimova ilə Xalq artisti, deputat Zeynəb Xanlarova arasında yaranmış qalmaqalla bağlı açılan müzakirələrdən birinə yazdığı şərhində qeyd edib.
"Ikinci, üçüncü, dördüncü dəfə isə mənim heç bir müraciətim olmadan elə dadıma( qaçqın və məcburi köçkünlərin) çatdi ki, onu heç ərazisi işğal olunmuş rayonların deputatları eləməyə cəsarət tapmadılar”-deyə, qeyd edən sabiq deputat şahidi olduğu bir hadisəni də xatırladıb.
"Qısa deyim: "Motodrom” deyilən yerdə 238 məcburi köçkün ailəsi məskunlaşmışdı. 1998-ci ildə Bakının meri mərhum Rəfael Allahverdiyevlə Binəqədinin keçmiş icra başçısı Hüseyn Hüseynov o yeri ərəb şirkətinə satmışdılar. 200-dən çox polisi töküb onların evlərini dağıtmağa başlayanda mənə xəbər verdilər, dərhal getdim və böyük mübahisədən, qarşılıqlı təhqirlərdən sonra polisləri geri çəkdilər. Camaata dedim ki, yığışın bir yerə, gedirəm, MM-in iclasında bu məsələni həll etməyənə qədər dağılışmayın. Orada Kəlbəcər, Füzuli, Cəbrayil, Ağdam, Zəngilan və sair- ərazisi işğal olunmuş rayonların əhalisi məskunlaşmışdı.
MM-də təcili söz istədim, sədarət böyük təpkiylə söz verməyəcəyini deyib, israrla yerimdə oturmağımı və susmağımı tələb etdi. Təbii ki, mən də yerimdə oturmadım və söz verməyəcəkləri təqdirdə, mandatımdan imtina edəcəyimi və sair addımlar atacağımı dedim. 3-5 dəqiqə gərgin mübahisədən sonra hörmətli sədarətimiz zala múraciət etdi ki, niyə bunu susdurmursunuz, iclası pozur və sair. Kimsədən – hətta, o rayonlardan olan deputatlardan səs çıxmadı və indi bəzi adamların "bəyənmədiyi” Zeynəb Xanlarovanın gur səsi zalı lərzəyə saldı: Nə istəyirsiniz bu kişidən, söz istəyir, söz verin də! Dediyi söz xoşumuza gəlməsə belə, söz haqqını tanımalıyıq! Təslim olan sədarət mikrofonumu yandırdı və hər şey məcburi köçkünlərin xeyrinə həll olundu. Həmin vaxt zalda olan məbuat təmsilçiləri də buna śahiddir…
Dördüncü dəfəki- yenə də məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsi haqqındakı çıxışım zamanı Zeynəb Xanlarovanın dadıma yetməyini də unutmaq nankorluq olardı! Bu, vətənsevər, millətinin mənafeyini her şeydən üstün tutan gözəl sənətkarımızın mənim iştirakımla yetim-yesirin, qaçqın-köçkünün hayına yetdiyi ćoxsaylı epizodlardan cüzi hissəsidir…”- deyə, o, sonra qeyd edib.