Dünya Bankından alınan kreditlərə hamıdan artıq faiz ödəməyimizin sirri
Öz banklarının insanlarımıza göstərdiyi münasibəti özləri dünyada görür
Məlumunuz, Dünya Bankı adlı bir qurum vardır, yaradılış məqsədi inkişaf proyekti olan hökumətlərə kredit verməklə iri həcmli dövlət layihələrini maliyyələşdirməkdir. Bu bank ənənəvi bank məntiqi ilə hərəkət edir (Belə bir bank Azərbaycanda yoxdur). Krediti verərəkən müştərisinin risk profilinə baxır – qaytara biləcəkmi? Fərq odur ki, müştəriləri dövlətlərdir.
Hər bir ölkənin bir risk profili və bu profilin müəyyən ölçüləri vardır. Bu ölçülərdən biri də hökumətin şəffaf və demokratik idarə edilməsidir. Bir digəri, iqtisadiyyatın gücü. Bir başqası isə əhalinin hökumətinə etibarı. Ayrı bir meyar isə hökumətin digər layihələrdə göstərdiyi nəticələrdir. Onlarca irili-xırdalı texniki meyarlar da vardır ki, sadalamağa zaman yetməz. Ancaq, yuxarıda qeyd edilənlərin özü bəs edir ki, kimin nə mal olduğunu, hansı dövlətin nə gündə olduğunu biləsən. Təyin olunmuş risk profilinə əsasən isə verilən kreditin faizi müəyyən edilir. Riskli ölkələrə, etibarsız hökumətlərə daha yüksək faizlə kredit verilir. Əgər həmin hökumət o krediti o faizlə götürməyə razılıq verirsə, deməli öz idarəetməsinin də o ölçüyə layiq olduğu ilə razılaşır. Tutaq ki, İsveçrə kimi ölkə o qapıya getsə, ödəyəcəyi faiz 3% – dir.
Gələk məmləkətimizin halına. Azərbaycan hökuməti Dünya Bankının qənşərinə – bəyənmədikləri Qərb qurumlarının qapısına ilk dəfə Heydər Əliyev çağında, 1995-ci ildə gediblər və bu gün belə Dünya Bankından kredit alan bir hökumətdir. Misal üçün 2016-cı ildə bu göstərici 2 milyard dollardan çoxdur.
Bura qədər heç nə problem deyil. Amma bəyan etsək ki, Azərbaycana 95-ci ildən bu yana verilən kreditlərin ortalama faizi 18.4% – dir, lap sonuncusu 17.53% idi, bax bu halda özünü bilən hər kəs fikrə gedəcək. Çünki bu, dünya ortalamasından – 15.20%,3% bahadır. İnkişaf etmiş ölkələrdən isə 4 dəfə bahadır. Surinam, Ruanda, Tanzaniya belə, bizdən aşağı faizlə kredit alırlar. Baxın, Amnesty İnternational və ya Transparency İnternational təşkilatları deyil ki, hökumət "biz o ermənipərəstlərin qiymətləndirməsin tanımırıq” desin. Bu hökumət həmən qiymətləndirmə ilə razılaşıb. O faizlə kredit götürərək dolayılı təsdiq edir ki, "bizim idarə etdiyimiz dövlətin kredibilliyi (inandırıcılığı) dünyanın hansısa bir ölkəsində kafe işlədən adamınkından azdır” (qeyd edək ki, Qərb ölkələrində bir yeməkxanaçı stol almaq üçün krediti 6% ilə götürür, yəni bu hökumətdən 3 dəfə ucuz).
Bir diktatura tərəfindən idarə olunan Cibutinin belə, Dünya Bankı nəzdində etibarı daha yüksəkdir ki, krediti bizdən xeyli ucuz alır – 11%! Bu o deməkdir ki, biz götürdüyümüz hər 1 milyard dollardan ötrü Cibutidən 70 milyon dollar artıq ödəyirik. Tək bir səbəbdən ötrü – hökumətimiz Dünya Bankı nəzərində etibarsız və riskli ölkə sayılır və bu hökumət də razılaşır, imzanı atıb borcu götürür.
Kim geri ödəyir? Əlbəttə ki, bizlər. Niyə mi? Ya da niyə faizin bu qədər yüksək olması hökumətin vecinə deyil ? Səbəb budur ki, pullar götürülür, guya misal üçün yol çəkilir. Yolu çəkənlər kimlərdir? Bu şirkətlər kimə aiddir? Bax bu pullar gedir onlara. Onların faiz nə vecinə?
Sonra bunları vergilər və dövlət mülkünün özəllləşdirilməsindən gələn gəlirlərdən başlayırlar geri ödəməyə. Yəni millətə aid olan torpağın şəxslərə satılmasından və işləyən insanlarımızın zorla əlindən alınan vergilərdən. Yəni gələn onların cibinə getsə də, geri qayıdan onlardan getmir. Buna görə də, belə yüksək faizlə bu krediti götürmək heç qürurlarına da toxunmur.
İcrası üçün kredit götürülən layihələrə baxırsan: məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, sülhyönlü tədbirlər, ali təhsilin inkişafından tutmuş ekoloji tədbirlərə qədər hər şey var siyahıda. Hətta ən dəhşətli və gülməlisi: layihələrin bəziləri dövlət administrasiyasının təkmilləşdirilməsi ilə bağlıdır və 12 belə layihənin ümumi həcmi 1 milyarddır. Bunların təkmilləşmiş halı budursa, vay o günə ki, kreditləri kəsilə…
Yazmaqla bitmir. Nəfəs tükənər, mürəkkəb bitər, amma bu hökumətin millətin başına açdığı oyunun siyahısı bitməz.
Deyəcəyimiz odur ki, baxmayın iddialarına, millətin etibarına sahib olmayan hökumətə dünya da etibar etmir. Bu etibarın da qiyməti var, pulla ölçülə biləcək qədər dəqiq bir qiyməti. Və özləri də idarəetmənin nə gündə olduğunu o kreditə, o faizə imza atmaqla ifşa edirlər. Olan bizim pullara olur.
Shafaqadogru.com Azadlıq -a istinadən bildiir.
Azad Akifoğlu