Neftin qiymətinin düşməsi, bir-birinin ardınca baş verən devalvasiyalar, nəhayət Tarif Şurasının son qərarı ölkədə dolanışığın kifayət qədər çətinləşməsinə səbəb olub. Bu çətinlik təbii olaraq, maddi cəhətdən zəif təbəqə hesab olunan media nümayəndələrindən də yan keçməyib. Politika.Az bir neçə jurnalistin dolanışıq vəziyyətilə maraqlanıb.
"Azerbaijan Favorite News” (AFN) saytının baş redaktoru Səbuhi Qafarovun sözlərinə görə, dolanışıq çox çətinləşib: "Kreditlərimiz var, dollarla olanı da var, manatla olanı da. Devalvasiyalara qədər normal ödəniş edirdik, normal dolanırdıq, amma əsasən də ötən ilin dekabrında 2-ci devalvasiya olandan sonra vəziyyət xeyli çətinləşdi. Özüm əlavə işdə də işləyirəm, saytdan da müəyyən gəlirim olur, amma bununla belə, dolanmaq çətindir, bir ayağımız borcda olmasa çətinlik çəkirik. Son bahalaşma qərarından sonra isə qayğılar birə beş artıb. Ailəcə gəzinti, istirahət, uşaqların əyləncəsi, bunlar artıq arxa plana keçib”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyir ki, mağazalarda qiymət artımı tədricən getdiyi, yəni bir növ "hər gün qəpik-qəpik bahalaşma” siyasəti ilə aparıldığından bunu hər gün hiss etmək bir qədər çətindir: "Amma aylar keçdikcə məsələ tam aydın olur; əgər ötən il bu vaxtlar aldığım maaşla normal yaşayırdımsa, kreditlərimi vaxtı-vaxtında ödəyə bilirdimsə, bu gün vəziyyət xeyli fərqlidir; artıq ikinci aydır kreditimi ödəyə bilmirəm, əyləncə mərkəzlərinə uşaqları hər həftə deyil, ən tezi iki həftədən bir aparırıq, ailə gəzintilərinə ayda bir dəfə, bəzən daha gec gedirik. Ən yaxın çevrə istisna olmaqla, toylara getməyi "tərgidirəm”. Ötənlərdə bunlara sərf etdiyimiz pulu indi ərzağa, geyimə xərcləyirik. Bir sözlə, yaşamaq ikiqat çətinləşib”.
"Sputnik”in yazarı Ülkər Abdullayeva bildirdi ki, jurnalistlərin də vəziyyəti ölkədəki ümumi vəziyyətdən fərqlənmir: "İstehlak bazarındakı bahalaşma ölkə jurnalistlərinin büdcəsi ilə düz gəlmir. Bu peşə ilə ciddi məşğul olan jurnalistlərin böyük əksəriyyəti bəzən 2-3 işdə işləməli, ya da 2-3 KİV-ə yazmalıdır ki, aldığı maaş və qonorarla gündəlik ehtiyaclarını qarşılasın. Biz də jurnalist ailəsiyik və klişeləşmiş ifadə ilə desək "çörəyimiz qələmimizdən çıxır”. Paralel olaraq 2-3 işlə məşğul oluruq ki, ailəmizin ehtiyaclarını qarşılayaq. Bizim üçün iş səhər saatdan 9-dan başlayır, gecə saat 12-yə qədər davam edir. Biz arada vaxt tapıb əlavə tərcümə və redaktə işləri ilə də məşğul oluruq. Buna paralel olaraq müəyyən layihələri icra edirik. Bəzən gecədən səhər dan yeri ağarana qədər işləməli oluruq ki, öhdəmizə götürdüyümüz işi sona çatdıraq. Çoxdandır istirahət anlayışını unutmuşuq. Uşaqlarımızın necə böyüməyindən xəbərimiz yoxdur. Biz səhər işə gedəndə onlar ya məktəbdə olurlar, ya da yatırlar. Axşam evə gedəndə də yatmış olurlar. Bazar günləri yuxudan oyanıb bizi evdə görəndə, sevinirlər. Qızım balaca olanda deyirdi ki, anamla-atam bizə qonaq gəlib. Əminəm ki, öz zəhməti ilə yaşayan jurnalistlərin hamısı bizim həyatımızı yaşayır”. Xanım jurnalistin sözlərinə görə, manatın dollar qarşısında əriməsi isə şübhəsiz qayğılarımızı ikiqat artırıb: "Çünki biz əmək haqqımızı manatla alırıq və təbii ki, bu zaman hər hansı indeksasiya nəzərdə tutulmur. Artmayan maaşın müqabilində isə gündəlik tələb olunan ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti az qala iki dəfə artıb. Bizim sadəcə bəxtimiz onda gətirib ki, bank kreditlərindən istifadə etməmişik. Ümumiyyətlə borc hesabına yaşamaq çox çətindir, fərq etməz banka oldu, ya da başqa adama. Borc adamı üzən şeydir. Biz ən çıxılmaz hallarda yaxınlarımıza borc üçün ağız açmışıq və çalışmışıq ki, nəyin bahasına olursa olsun, borcumuzu tez ödəyək. Amma təəssüf ki, jurnalistlərin əksəriyyətinin borcdan, xüsusilə də banka olan dollar kreditlərindən əziyyət çəkdiyini eşidirik. Üstəlik də qışın ortasında kommunal xidmətlərə görə qiymətlərin artması, onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır. Yaradıcı insanlar belə halları daha çox depressiya ilə qarşılayırlar. Bu baxımdan, həmkarlarıma yalnız və yalnız səbr arzulayıram. Ümid edək ki, ağır günlər tezliklə arxada qalacaq…”
"Bakı Xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova deyir ki,yaşanan bahalaşma hər kəs kimi onun da büdcəsinə təsir etdi: "Ötən illərlə müqayisədə büdcədə dəyişiklik hiss olunur. Çalışıram ki, qənaət edim, israfçılığa yol verməyim. Qənaət rejiminə keçmişəm. Yenə nə qədər də olsa insan yaşamaq üçün pul xərcləməlidir. Kredit sarıdan xoşbəxtəm, çünki kreditim yoxdu. Krediti olan həmkarlarım var. Onların vəziyyəti olduqca ağırdı. Həm gündəlik xərc və üstəgəl, kredit ödənişi insanın sosial durumunu daha da ağırlaşdırır”.
"Bizim Yol” qəzetinin redaktoru Elçin Rüstəmli deyir ki, milli valyutanın ucuzlaşması və dolların məzənnəsinə adekvat olaraq böyük bahalaşma əhalini çətin vəziyyətə salıb: "Xüsusən azgəlirli vətəndaşların durumu hədsiz ağırlaşıb. Bu təbəqinin nümayədləri sayılan jurnalistlər üçün də arzuolunmaz durum yaranıb. Gəlirlərin azalmasına rəğmən xərclərin artması, kreditlər ailə büdcəsinə ciddi gərginlik yaradır. Nəzərə alsaq ki, jurnalistlərin bir çoxu kirayədə qalır, körpə uşaqları var, qazanc da çox azdır. Deməli, bu sahədə çalışan minlərlər insan yoxsulluq girdabında çabalayır”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı şükür edir ki, krediti yoxdur: "Ötən il var idi, çətinliklə də olsa bağladın. Düzdür, bəzi problemlər oldu, bağladıqdan sonra bilindi ki, "Unibank”da qalıq qalıb, üzərinə faiz gəlib. Bunlar başqa mövzulardır. Ümumi dolanışıq səviyyəsi, bəli, çətinləşib. Bildiyiniz kimi mən sayt rəhbəriyəm, ordan gələn gəlirlə dolanışığımın bir hissəsini ödəyirəm. Saytda reklamlar, bannerlər vardı, hər ay biri çıxır, dayandırır işi, deyirlər pul yoxdu. Bu da istər-istəməz dolanışığa təsir edir”.