Şəfəqə Doğru » Manşet » Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...

Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...

Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...
Ən son açıqlanmış gömrük statistikasına əsaslanıb, bu il Azərbaycana kolbasaya qatmaq üçün min tonlarla quş peyinindən əldə edilən "süni ət"in gətirildiyini ehtimal etmək mümkündür. Shafaqadogru.com istipress.com-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) bu yaxınlarda açıqladığı statistikada bildirilir ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 29 min tona yaxın ət və ət məhsulu idxal edilib. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Üstəlik idxal edilən ətin orta qiyməti də ucuzlaşıb - kiloqramı 1,1 dollara düşüb, 2015-ci ilin dövründə 1,5 dollar imiş. Bu göstəricilər ölkəyə hansı ətin gətirilməsi ilə bağlı suallar doğurur - dünya bazarında Azərbaycan istehlakçısı üçün yararlı olan ətlərin ən ucuzu broylerdir ki, onun da kiloqramının topdansatış qiyməti 2,5 dollardan başlayır, mal ətinin kiloqramı isə topdansatış bazarda 3,5-5,5 dollar arasında dəyişir. Bu göstərir ki, ölkəyə yetərincə bahalı olan normal ət məhsulları ilə yanaşı, kolbasa-sosiska məmulatlarına, bəzi hallarda isə çəkilmiş ətə qatılan heyvani mənşəli zülal əlavəsi də gətirilib. Rəsmi olaraq Azərbaycanın kolbasa şirkətləri öz məhsullarına heyvani mənşəli zülal əlavəsi qatdıqlarını etiraf etmirlər, öz məhsularının üzərinə ət və ədviyyatlarla yanaşı, yalnız soya zülallarının qatıldığını qeyd edirlər. Lakin Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bu versiyaya o qədər də inanmadığını bildirir: "Soya zülalı bahalı məhsuldur, onu gətirib belə ucuz kolbasaya qatmazlar. Böyük ehtimalla, burada heyvani mənşəli zülal əlavəsindən istifadə edirlər. Bu məhsul bakteriyasızlaşdırılmış peyin, pivə sənayesinin tullantısı olan jmıx və ağac ovuntusu qarışığının bioloji üsulla işlənməsindən alınır. Son məhsul ağ toz şəklində olur. Bu məhsulun kolbasa, sosiska və çəkilmiş ətə qatılması praktikası SSRİ respublikalarında hələ sovet illərindən var. 1989-cu ildə SSRİ-də kolbasa və sosiska məhsullarına qatmaq üçün 1 milyon ton zülal əlavəsi istehsal edilib". Tahir Əmiraslanovun sözlərinə görə, heyvani mənşəli zülal əlavəsi halal kolbasalara da qatıla bilər: "İş adamlarına bununla bağlı irad bildirilsə, soruşa bilərlər ki, hansı dini kitab peyində yetişdirilmiş məhsulları haram sayır? Deyə bilərlər ki, onda göbələk yeməyin, o da peyində yetişdirilir. Yəni deməyim odur ki, bu zülal qatışıqları üzərində "halal" sözü yazılmış kolbasalara da qatıla bilər". Milli Kulinariya Mərkəzinin rəhbəri bu texnologiyanın onilliklər boyunca tətbiq edildiyini desə də, daha dəqiq araşdırmalar zülal əlavəsinin Azərbaycan mətbəxinə tamamilə yad bir texnologiya ilə istehsal edildiyini ortaya çıxarır. Bu texnologiya həşərat sürfələrinin yetişdirilərək qida kimi istifadəsi ilə bağlıdır ki, Çində və digər Uzaq Şərq ölkələrində bu praktika geniş yayılıb. SSRİ dövründə alınmış patentləri araşdırdıqda məlum olur ki, qida məqsədi ilə zülal əlavəsi almaq üçün "Musca domestica" həşəratının, yəni ev milçəyinin sürfələrindən istifadə edilir. Bu zaman peyin, jmıx və ağac ovuntusu qatışığının üzərinə milçək yumurtaları tökülür. Milçəklər otaq temperaturunda 20 gün ərzində 2 minə qədər yumurta qoyurlar. Sürfələr yuxarıda bəhs edilən bioloji kütlədən qidalanaraq asta-asta peyin qatışığının içərisinə nüfuz edirlər və həmin müddət ərzində 10 dəfədən çox böyüyürlər. Uzunluğu 1,2 millimetr olan yumurtalar biokütləni tam yeyərək sürfə halında 13 millimetrə qədər uzanırlar. Daha sonra onları qurudaraq sterilizə edirlər. Ən sonda isə həmin kütləni un kimi üyüdürlər. Ev milçəyinin sürfəsindən əldə edilən zülal keyfiyyətinə görə balıq ununa yaxın sayılır, amma qiymətdə daha aşağıdır. Hər halda, istehsalçılar bazara çıxardıqları məhsulun daha ucuz olduğunu vurğulayırlar. Dünya bazarında balıq ununun kiloqramı 1,5 dollar ətrafında dəyişir, yəni 1 dollar ətrafında dəyişən qiymət daha ucuz zülal məhsulu üçün müvafiqdir. Bu məhsul çox profilli işlənsə də, qida sənayesində də istifadə edilir və kolbasa-sosiska məhsullarına da qatılır. Satıcılar bu məhsulu reklam edəndə onun idmançılar üçün çox faydalı olduğunu iddia edirlər. Hətta Rusiya istehsalçılarından biri öz saytında ölkənin hərbi hokkey komandasının üzvlərinin bu məhsulla qidalandığını iddia edir. Rusiyada bu məhsulun kolbasaların tərkibinə vurulduğunu gizlətmirlər və hətta Azərbaycana idxal edilən kolbasaların üzərinə soya zülalları ilə yanaşı ayrıca heyvani mənşəli zülal əlavəsi qatıldığı da göstərilir. Azərbaycan şirkətləri də bir neçə il öncəyə qədər, hətta "halal" markası ilə buraxdıqları kolbasaların tərkibinə zülal əlavəsi əlavə edildiyini qeyd edirdilər, indi isə dayandırıblar və etmirlər. Amma sektora yaxın mənbələr bildirir ki, soya zülalları ilə müqayisədə xeyli ucuz olan bu cür proteinlərdən də geniş istifadə edilir. Bu proteinlərin heyvani mənşəli olması da kolbasaların ətdən düzəldilməsi qənaətini gücləndirir. Bununla belə, Azərbaycanda istehsal edilən kolbasaların hamısının tərkibinə bu məhsulun vurulduğunu iddia etmək çətindir. Tahir Əmiraslanov ölkə daxilində istehsal bazası olan və məhsullarının keyfiyyəti kimi qiyməti də yüksək olan bəzi şirkətlərin doğrudan kolbasanı keyfiyyətli ətdən istehsal etdiyini bildirir. Bu kolbasaların kiloqramının qiyməti 15 manatdan başlayır. Ətin qiymətinin 10 manat ətrafında dəyişdiyi bir zamanda bu, yetərincə məntiqli qiymətdir. "Real kolbasa istehsalının çoxunu heyvani mənşəli proteinlərin istifadəsi ilə düzəldilmiş kustar məhsullar tutur". Amma metro çıxışlarında kiloqramı 4 manata qeyri-rəsmi satılan kolbasaların nəinki keyfiyyətli ətdən, heç keyfiyyətsiz ətdən belə hazırlandığını güman etmək mümkün deyil. Çünki bu, ən aşağı qiymətə satılan at-eşşək ətindən belə ucuzdur. Deməli, ağla ən ucuz protein gəlir. Belə məhsulların iri ticarət şəbəkələrinə sızdırılması da istisna edilmir. Bunu Dövlət Statistika Komitəsinin məlumatlarını araşdırdıqda da ehtimal etmək mümkündür. Statistikaya görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə 3,1 min ton kolbasa istehsal edilib. 238,9 min tona bərabər ət istehsalı ilə müqayisədə bu, yetərincə aşağı göstəricidir. Qeyri-rəsmi araşdırmalar ölkədə kolbasa istehlakının ət istehlakının ən azı 20 faizi qədərində olduğunu göstərir. Yəni real kolbasa istehsalı 40-45 min ton ətrafındadır və bunun xeyli hisssəsini heyvani mənşəli proteinlərin istifadəsi ilə düzəldilmiş kustar məhsullar tutur. Peyindən düzəldilmiş proteinlərin sağlamlıq üçün ziyanlı olub-olmadığı ayrı bir araşdırma mövzusudur və bu barədə həkimlər rəy bildirməlidirlər. Bu məsələdə əsas problem həmin kolbasa məhsullarını halal və təmiz sayan geniş alıcı kütləsinin aldadılmasındadır. Bu işdə ikinci problem bu proteinlərdən düzəldilmiş kolbasaların vergi nəzarətindən kənarda qalmasındadır. Yəni bu yolla yüz milyonlarla manat büdcə nəzarətindən kənarda qalır və bu problem həll edilməlidir.