Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublunun Publika.az-a müsahibəsi:
- Mayın 16-da Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Bu sərəncamın əhəmiyyətini necə qiymətləndirirsiz?
- Xalq Cümhuriyyətinin 100 illik yubileyini yüksək səviyyədə keçirtməliyik. Çünki gələn il bu cür tədbirləri təkcə biz keçirtmirik. Həm Gürcüstan, həm Ermənistan, həm də Polşa öz yüzilliklərini qeyd edəcək. Yəni bu demokratik dövlət quruculuğu yarışına çevriləcək. Bununjla yanaşı, gələn il dünyanın diqqəti Qafqazda qurulan demokratik dövlətlərin tarixinə yönələcək. Hamı 100 il öncə Qafqazda ən demokratik və layiqli dövləti hansı xalqın qurması haqda maraqlanacaq. Ona görə də gələn il biz öz demokratik dövlətçilik ənənələrimizi dünyaya çatdırmaq imkanı qazanırıq. Bax, bu imkanı əldən vermək lazım deyil. Bu prosesi udmaq üçün böyük şansımız və imkanlarımız var. Bəs o imkanlarımız nədir? Birinci növbədə deyim ki, müsəlman Şərqində ilk demokratik dövləti biz qurmuşuq. Bu, bizim ən böyük üstünlüyümüzdür. Biz dünyaya daha çox bununla çıxa bilirik.
İkincisi, biz Şərqdə ilk parlament respublikası qurmuşuq. Həmin parlamentdə elə qanunlar qəbul etmişik ki, həmin qanunları Avropa ölkələri bizdən sonra qəbul edib. Misal üçün, 1919-cu ilin iyun ayında qəbul edilən qadınlara seçim haqqının verilməsi haqqında qanunu Avropa ölkələri 1930-cu illərdən sonra qəbul ediblər. Amma bu qanunu ilk qəbul edən biz olmuşuq. Demokratik dövlət quruculuğu baxımından indi görün bizim dünyaya nə qədər çıxış nöqtələrimiz var? Məqsədim də budur ki, biz bu dəyərləri bütün dünyaya tanıdaq. Dünya da görsün ki, Azərbaycan demokratik və hüquqi dövlət qurmağa layiq xalqdır. Yəni biz bu dövləti qurmağı bacarırıq. Mən təklif edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ölkəmizə gətirilməlidir. Məhəmməd Əmin Rəsulzadənin məzarı Türkiyədə, Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin məzarları Fransada, Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları isə Gürcüstanda yerləşir. Təklif edirəm ki, onların məzarlarını ya Azərbaycana gətirməliyik, ya da onların məzarları Azərbaycan dövləti tərəfindən xarici ölkələrdə xüsusi diqqətə alınmalıdır. Çünki onların bəzilərinin məzarları uçulub dağılır, diqqətsiz qalır, bəzilərinin məzarları isə başqa yerlərə aparılır və s. Həm də dövlətin bu şəxslərin məzarlarına diqqəti olması məsələsini qaldırırıq. Ona görə də mən bu məsələni qaldırmışam.
Qaldırdığım digər məsələ isə Azərbaycan Xalq Cümhuriyyəti haqqında normal filmlərin çəkilməsi ilə bağlıdır. Hazırda demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti haqqında heç bir normal film yoxdur. Həmin filmlər çəkilməli və təhsil müəssisələrində tələbə və şagirdlərə göstərilməlidir. Artıq Cümhuriyyətin yubileyinə bir il vaxt qalır. Əgər biz həmin filmlərinə çəkilişlərinə bu ildən başlasaq, gələn ilə hazır edə bilərik. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatlarının bir hissəsi xarici ölkələrdə keçib. Ona görə də xarici ölkələrə gedib, orada çəkilişlər aparmaq, arxivləri araşdırmaq və həmin filmlərin ssenarilərini yazmaq lazımdır. Bunun üçün azı bir il zaman lazımdır. Biz də indidən başlamalıyıq ki, həmin vaxta qədər çatdıra bilək.
Digər təklifim odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən və hər kəsin ziyarət edə biləcəyi abidə və muzey yaradılmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı eksponatlar həmin muzeydə toplanılmalıdır. Adını da "İstiqlal” muzeyi qoymaq lazımdır. Doğrudur, bu cür muzey hazırda var. Ancaq orada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı eksponatlar kifayət qədər azdır.
Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əsərləri çap edilməlidir. Məhəmməd Əmin Rəsulzadənin 30-40 cildlik əsərindən cəmi 4-5 cildi çap edilib. Eyni vəziyyət Əlimərdan bəy Topçubaşova da aiddir. Nəsib bəy Yusifbəylinin xeyli sayda əsərləri olsa da, ancaq onun seçilmiş əsərləri ümumiyyətlə hələ çap edilməyib.
Bir məsələyə əsas diqqət yetirməliyik ki, biz gələn il təkcə Azərbaycan Xalq Cümhuriyyətini qeyd etmirik. Gələn il həm də Azərbaycanda dövlət təsisatlarının yaradılmasının 100 ili tamam olur. Azərbaycan tarixində ilk dəfə məhz Cümhuriyyət dövründə demokratik və hüquqi dövlət qurumları, Nazirlər Şurası, Ədliyyə, Müdafiə nazirlikləri, parlament yaradılıb. Təqribən 10-a qədər nazirlik yaradılıb ki, bütün bunların hamısının gələn il yubileyidir. Ən nəhayət, gələn il paytaxt Bakının azad olunmasının 100 illik yubileyidir. Azad sözə və mətbuata imkan yaradan senzuranın ilk dəfə ləğv edilməsinin 100 illik yubileyi olacaq. Biz bütün bunlara diqqət etməliyik. Bu kompleks tədbirlər planına çevrilməlidir. Bu işlərin reallaşması üçün də həmin sahəni bilən adamlar cəlb edilməlidir. Yəni hər gün mövqeyini dəyişən, bir gün Daş dövründən, sabah isə nəyinsə xətrinə Cümhuriyyət dövründən yazan tarixçiləri deyil, ömrünü bu işə cəlb edən adamlara müraciət etmək lazımdır. Şəxsən məni cəlb etsələr, çox böyük həvəslə bu işlərə kömək etməyə hazıram. Bu işi bilən adamların hamısını vətəndaş və Azərbaycana bağlılıq sevgisi ilə bir yerə toplayıb, onlara konkret iş planı vermək lazımdır. Əsas məqsədim odur ki, biz bu yarışda Ermənistana və Gürcüstana uduzmayaq.
Cümhuriyyət tarixi ilə bağlı Azərbaycanın orta məktəb dərsliklərinə də yenidən baxılmalıdır. Çünki həmin dərsliklər yaxşı vəziyyətdə deyil. Orta məktəb dərsliklərində Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı cəmi bir-iki səhifə ötəri cümlələrlə yazılar yerləşdirilib ki, bu da biabırçı vəziyyətdədir. Həmin yazılar insanlarda tariximizin şərəfli dövrü olan Azərbaycan Xalq Cümhuriyyətinə sevgi aşılamır. Səbəb odur ki, bu dərsliyi adamlar başdan sovdu yazıblar. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elə məqamları yazmaq lazımdır ki, onu oxuyan insanlarda cümhuriyyətçilərə sevgi yaransın.
Çox təəssüf ki, bəzən şəxsiyyətləri bir-birinə qarşı qoyurlar. Buna misal olaraq Məhəmməd Əmin Rəsulzadə-Əlimərdan bəy Topçubaşov-Fətəli xan Xoyski qarşıdurması kimi məsələləri yığışdırmaq lazımdır. Bu adamların hamısı Azərbaycan üçün mühüm işlər görmüş şəxsiyyətlər olub. Azərbaycan Xalq Cümhuriyyətinin də lideri Məhəmməd Əmin Rəsulzadədir. Çünki bunların öz dövrlərində çıxan "Azərbaycan” qəzetinin bir illik yubiley sayında Məhəmməd Əmin Rəsulzadənin fotosunu birinci yerə qoyublar. Həmin vaxtı digər cümhuriyyətçilər də sağ idilər. Azərbaycan Milli Qurtuluş Hərəkatını və Azərbaycan Xalq Cümhuriyyətini yaradan və İstiqlalı elan edən Milli Şura, onun sədri isə Məhəmməd Əmin Rəsulzadə olub.
– Amma "İstiqlal” bəyannaməsində nə üçün Məhəmməd Əmin Rəsulzadənin imzasının olmadığı deyilir
– Bütün bunlar doğru deyil. Görünür, kimlərsə tarixi faktları kontekstdən çıxarıb təqdim edirlər. Əvvəla, Rəsulzadə nə üçün Gürcüstana getmişdi? O, Batumidə nə edirdi? Həmin vaxtı Rəsulzadə Batumidə türklərlə danışıqlar aparırdı ki, gəlib Bakını xilas etsinlər. Çünki biz Bakıya girə bilmirdik. İyunun 4-də Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski Azərbaycan Xalq Cümhuriyyəti adından Osmanlı Türkiyəsi ilə müqavilə imzalamışdı. Müqavilənin dördüncü maddəsində göstərilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Türkiyədən hərbi qüvvə istəmək hüququna malikdir. Məhz həmin maddənin hesabına Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gələrək, Bakını xilas edib. O dövrdə Məhəmməd Əmin Rəsulzadə Batumidə məhz bu işlərlə məşğul idi. Nə gözləmə mövqeyində dayanmışdı? Azərbaycanın İstiqlal bəyannaməsini də Məhəmməd Əmin Rəsulzadə yazıb. Necə olur ki, bəyannaməni yazan adam altından imza atmır? Bu cür fikirlər doğru deyil. Məhəmməd Əmin Rəsulzadə İstiqlal bəyannaməsini yazaraq, Nəsib bəy Yusifbəyli vasitəsilə Batumidən Tiflisə göndərib ki, onu qəbul etsinlər. Bütün bunlar konkret faktlarla sənədlərdə də əks olunub.
Batumidə bir otaqda oturub Noy Jordaniya Gürcüstanın, Məhəmməd Əmin Rəsulzadə isə Azərbaycanın İstiqlal bəyannaməsini yazıb. Ona görə də Azərbaycan və Gürcüstanın İstiqlal bəyannamələri bir-birinə çox bənzəyir. Sadəcə olaraq gürcülərdə bizdən iki maddə çoxdur, amma məzmunca çox yaxındır. Bir daha deyirəm, Azərbaycanın İstiqlal bəyannaməsini Məhəmməd Əmin Rəsulzadə yazıb. Sadəcə, sənədin əsli itirib. O dövrdə sürətli nəqliyyat olmadığına görə Məhəmməd Əmin Rəsulzadə istiqlalı elan etmək üçün sənədi Batumidən Azərbaycana gətirə bilməyib. Həmin vaxtı Rəsulzadə türklərlə müqavilə imzalamağa hazırlaşırdı. O Bakıya gələ bilməzdi. Digər tərəfdən isə bu adamları imza, vəzifə qətiyyən maraqlandırmırdı, onları Vətən, Azərbaycanın taleyi maraqlandırırdı.
Misal üçün, Əlimərdan bəy Topçubaşov ömründə bir gün də olsun Azərbaycan parlamentində oturmayıb. Bəs onda biz hansı haqla Topçubaşova parlamentin sədri deyirdik? Yaxşı, İstiqlal bəyannaməsinə Rəsulzadə imza atmayıb, Topçubaşov parlamentdə oturmayıb, bəs bu dövləti kim qurub? Deməli, bu adamları vəzifə və şəxsi mənafe maraqlandırmayıb? Bu adamlar həyatlarını Azərbaycan dövlətinin müstəqilliyinə qurban veriblər.
Xəlil İbrahim yazır ki, Məhəmməd Əmin Rəsulzadənin azyaşlı oğlu dünyasını dəyişmişdi. Ancaq Rəsulzadə oğlunun yasında bir saatdan artıq oturmadı. Dedi ki, gedib Batumiyə müqavilə imzalayıram ki, türklər Bakıya köməyə gəlsin.
Eynilə Əlimərdan bəy Topçubaşov da Azərbaycan parlamentində oturmadı, əvəzində Versala gedib Azərbaycanı tanıtdı. Bizə də əsas bu lazım idi. Onların imza atması ilə bağlı sualın belə qoyuluşu düz deyil. Sualı belə qoymaq lazımdır ki, onlar Vətən üçün nə ediblər? Onlar 114 min kvadrat kilometrlik ərazini bizə miras qoyublar. Həmin vaxtda da Dağlıq Qarabağ problemi var idi, ancaq bu problemi Cümhuriyyət dövründə həll etmişdilər. Xosrov bəy Sultanovu Qarabağa qubernator təyin edəndən sonra bütün ermənilər yerinə oturulmuşdu. Onun dövründə Qarabağda yaşayan bütün ermənilər üçrəngli Azərbaycan bayrağı altında sakit dayanmışdılar, heç bir ərazi iddiaları da yox idi.
– İrəvan və digər tarixi ərazilərimizin Ermənistana verilməsini Azərbaycan Cümhuriyyətinin ciddi səhvi adlandırırlar. Bu doğrudanmı belədir?
– O dövrdə Bakıya girə bilməyən bir dəstədən biz İrəvanı tələb edə bilərdik? O dövrdə bizə İrəvan daha vacib idi, yoxsa Bakı? Gücümüz də yox idi. Bütün bunlara baxmayaraq, Xalq Cümhuriyyəti Bakını özündə saxlamağı bacardı. O zaman heç bir gücün yox idi. Məhəmməd Əmin Rəsulzadənin gücü ondadır ki, o gördü gücümüz yoxdur, dərhal Türkiyədən yapışdı və Qafqaz İslam Ordusunu Bakıya dəvət etdi. Rəsulzadə Ənvər Paşa ilə şəxsi dost idi, bunun sayəsində də Bakını xilas etdi.
– Mustafa Kamal Atatürkün Məhəmməd Əmin Rəsulzadə ilə münasibətlərinin yaxşı olmadığı deyilir. Bu nə dərəcədə doğru faktdır?
– Onların Mustafa Kamal Atatürklə münasibətləri sonradan, 1920-ci illərdə formalaşıb. 1931-ci ildə isə bütün qafqazlı mühacirlərlə yanaşı, Rəsulzadəni də Türkiyədən deportasiya ediblər. Çünki həmin illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaranırdı, müqavilələr imzalanırdı. Cümhuriyyətçilər isə SSRİ-nin əleyhinə iş aparırdılar. Ona görə də Sovet İttifaqı Türkiyədən onların fəaliyyətinə son qoyulmasını tələb edirdi. Bu mənada da onlar Türkiyədən deportasiya olunmuşdu. Ancaq onlardan çoxu vətəndaşlığı qəbul edib Türkiyədə yaşamağa qərar veriblər. Deportasiya olunmamaq üçün də onlardan siyasi fəaliyyət göstərməmələri tələb olunurdu. Misal üçün, Əhməd Cəfəroğlu, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə siyasi fəaliyyət göstərmədikləri üçün ömürlərinin sonunadək Türkiyədə yaşayıblar. Ancaq Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, mən bura adi vətəndaş həyatı yaşamaq üçün gəlməmişəm. Mən bura Azərbaycan uğrunda mübarizə aparmaq üçün gəlmişəm. Ona görə də Rəsulzadəyə dedilər ki, SSRİ-nin təzyiqinə görə Türkiyədə yaşamaq mümkün deyil. Amma 1947-ci ildən sonra Məhəmməd Əmin Rəsulzadə yenidən Türkiyəyə qayıdıb və ömrünün sonunadək bu ölkədə yaşayıb.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisədir, tariximizin ən şanlı dövrüdür. Biz gələn il 100 illik yubiley ərəfəsində o dövrün ən dəyərli məqamlarını dünya ictimaiyyətinə çatdırmaq imkanı qazanırıq. Ona görə də bu yubileyə çox ciddi şəkildə hazırlaşmalıyıq.
Mən də öz imkanlarım daxilində bu yubileyə hazırlıq işləri görürəm. Misal üçün, "Cümhuriyyət qurucuları” kitabını çapa hazırlayıram. Yəqin ki, 3-4 ay içərisində şəxsi vəsaitim hesabına o kitabı çap etdirəcəm. Məhəmməd Əmin Rəsulzadənin "Seçilmiş əsərləri”nin ikinci cildini də çapa hazırlayıram. Amma arzu edərdim ki, bu işlərə dövlət də maddi dəstək olsun. Maddi vəsait olmadan iş görmək olmur.
Düşünürəm ki, Cümhuriyyət dövründən bəhs edən seriallar və filmlər çəkmək lazımdır. Mən bunları dövlət dəstəyi olsa da, olmasa da edəcəm.
– Məhəmməd Əmin Rəsulzadə bir müddət Kremlin dəftərxanasında da çalışıb. Sizcə, onun Rusiyaya getməsi qaçılmaz idimi?
– Birincisi, Məhəmməd Əmin Rəsulzadə Rusiyada heç də azadlıqda yaşamırdı. O, buradan həbs edilib Rusiyaya aparılmışdı. Orada da nəzarətdə yaşayırdı.
Məhəmməd Əmin Rəsulzadə İosif Stalinlə 1904-cü ildən eyni partiyada fəaliyyət göstəriblər. Yəni, Rəsulzadə Bolşeviklərlə əməkdaşlıq edib sonradan onlardan ayrılıb. Rəsulzadənin Stalinlə yaxın münasibətləri olub. Birgə mübarizə aparıblar. Rəsulzadə Stalinin bir neçə dəfə həbsxanadan qaçırılmasında yaxından iştirak edib. Bütün bunlara görə də Stalin Rəsulzadəyə böyük dəyər verirdi. 1920-ci ildə Məhəmməd Əmin Rəsulzadə həbs ediləndə, Stalin Bakıya gələrək, onu azad etdirir. Hətta, həbsxanada onların maraqlı dialoqu da olub. Stalin Rəsulzadəyə deyir ki, Azərbaycanda sizi güllələmək istəyirlər, vəziyyətiniz ağırdır, mən ancaq sizi buradan özümlə aparmaqla xilas edə bilərəm. Əgər burada qalsanız, mən sizin təhlükəsizliyinizə təmin vermirəm. Ancaq mənimlə Moskvaya getsəniz, orada sizin azad yaşamağınızı təmin edə bilərəm.
Amma Rəsulzadə ölümlə üz-üzə dayanmasına baxamayaraq, Stalinə belə cavab verir:
"Koba (Rəsulzadə Stalinə Koba deyə çağırırdı – müəllif), o gün sizin müstəntiq də mənə sual verdi ki, siz üç ay Lahıcda nə üçün gizlənmişdiniz? Mən gördüm ki, bu cavan müstəntiq mənim cavabımdan anlamayacaq. Ancaq sənin kimi peşəkar inqilabçı dostuma deyirəm nə üçün gizləndiyimi! Çünki sən başa düşəcəksən. Mən Lahıcda olanda məqam gözləyirdim ki, sizi devirək. Çünki siz Azərbaycanı işğal etmişiniz!”.
Hansı ölüm ayağı altında olan bir adam bu sözləri Stalinə deyə bilərdi? Təsəvvür edin ki, Stalin bunu xilas etmək üçün gəlib. Rəsulzadə isə Stalinə "sən işğalçısan, səni devirmək istəyirəm” deyirdi. Bunu hər adam edə bilməzdi. Bu, Rəsulzadənin xarakteri idi.
Bu sözlərdən sonra Stalin gülümsünərək, Rəsulzadəyə deyir ki, siz bizimlə bərabər Çar Rusiyasına qarşı böyük mübarizələr vermisiniz, böyük xidmətləriniz var. Ona görə də siz nə həbs ediləcək, nə də güllələnəcək adam deyilsiniz. Sizi azad buraxmaq lazımdır. Bu da ancaq mənimlə Moskvaya getsəniz mümkün olar.
Bu sözlərlə Stalin Rəsulzadəni Rusiyaya getməyə razı salır. Rəsulzadə də uşaq deyildi, realist idi. Göz görə-görə güllənin qabağına getmək də axmaqlıq idi. Ona görə də Stalinlə razılaşır. Rəsulzadənin Moskvaya getməsi məsələsinin də kökündə bu dayanır.
Rəsulzadə Moskvada bir müddət qalandan sonra oradan qaçmaq planı üzərində işləyir. Ancaq bu çox çətin məsələ idi. Yəni, Rəsulzadə istədiyi zaman maşına minib Rusiyadan qaça bilməzdi. Nə olsun ki, Kremldə idi? Rəsulzadə Moskvanın ciddi nəzarətində idi. O lazımı məqamı gözləyirdi. Həmin məqam da yetişdi. Rəsulzadə Stalinə bildirdi ki, mən Sankt-Peterburq kitabxanasına işləməyə gedirəm. Rəsulzadə orada yaşayan Musa Carullah Bigeyev adlı görkəmli tatar alimi və gizli Müsavat təşkilatının köməyi ilə Sankt-Peterburqdan Finlandiya sərhədinə keçir və Avropa ölkələrinə mühacirət edir.
Stalin çox hiyləgər siyasətçi olduğu üçün Məhəmməd Əmin Rəsulzadəni elə-belə Moskvaya aparmamışdı. Stalin istəyirdi ki, Kremldə Şərq məsələlərini Məhəmməd Əmin Rəsulzadəyə həvalə etsin. Çünki Stalin Şərq məsələlərini elə də yaxşı bilmirdi. Amma Rəsulzadə bilirdi. O, İranda, Türkiyədə olmuşdu, ərəb və fars dillərini bilirdi. Bütün bunlara görə də Stalin Rəsulzadədən bəhrələnmək istəyirdi.
Sadəcə olaraq, Rəsulzadə Sovet İttifaqı ilə işləməyi qəbul etməzdi. Ona görə də Rusiyadan qaçıb getdi. Gedəndə də Stalinə məktub yazmışdı ki, mən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəmi sonadək davam etdirəcəm. O, Fransada, Polşada, Almaniyada, Rumıniyada Azərbaycan naminə Prometey mübarizəsi aparıb. Rəsulzadə bütün həyatını və ailəsini Azərbaycanın müstəqilliyi uğrunda qurban verib. Rəsulzadənin həyat yoldaşını, ailə üzvlərini sürgünə göndəriblər, oğlu Rəsulu 24 yaşında güllələyiblər, qohumlarının hamısı həbs edilib. Rəsulzadə ailəsinə dəyən ziyan heç bir ailəyə dəyməyib. Amma Rəsulzadə bu yoldan dönməyib, sonadək mübarizə aparıb. Hətta, bu yaxınlarda yeni istintaq materialları əldə etmişəm. Rəsulzadə 1950-ci illərdə Türkiyədə yaşayan zaman Azərbaycanda vəziyyəti öyrənmək üçün bura gizli adamlar göndərirmiş. Həmin adamlardan bir neçəsini də Azərbaycanda həbs ediblər. Buna görə də Rəsulzadə Azərbaycan uğrunda ömrünün sonunadək mübarizə aparıb. O, böyük ideoloqdur. Müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını, Milli Azərbaycan Hərəkatının xarakterini işləyib hazırlayan, onun prinsiplərini müəyyənləşdirən şəxs Məhəmməd Əmin Rəsulzadə olub. Dünyada heç bir şəxsiyyətin və liderin söylədiyi şüarlar Rəsulzadənin söylədiyi "insanlara hürriyyət, millətlərə istiqlal” və "bir kərə yüksələn bayraq, bir daha enməz” şüarlarına çata bilməz. Bütün bunlar çox böyük və bəşəri şüarlardır. Özü də bütün bu şüarlar insan azadlıqlarından qaynaqlanır. Bu mənada biz Məhəmməd Əmin Rəsulzadənin irsini daha çox nəşr etməli, yaymalı və ictimai fikrə çatdırmalıyıq.
– Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi və milli təhlükəsizlik sahələrində çalışmış kadrların əskəriyyəti sonradan öldürülüb. Bunun xüsusi səbəbləri var idimi?
– Doğrudur, onların bəzilərini öldürüblər, bəziləri isə ölkədən qaça biliblər. Misal üçün, Məmmədbağır Şeyxzamanlının qardaşı Türkiyəyə gedib orada yaşayıb. O dövrdə əsas hərbiçiləri öldürürdülər. Təsəvvür edin ki, cümhuriyyət dövrünün 7 generalını öldürüblər. Ümumilikdə isə bir il ərzində 40 minə qədər adam öldürüblər. Təkcə, Gəncədə 10 min adam öldürüblər. Gəncə üsyanında azərbaycanlılarla yanaşı, 8 min Müsavatçı rus əsgərləri də qətlə yetirilib. Bizim hərbiçiləri xəyanətkarcasına güllələyirdilər ki, ordu zəifləsin. Əgər o generallarımızı öldürməsəydilər, Sovet İttifaqı uzun müddət qala bilməyəcəkdi. Təsəvvür edin ki, bir-iki zabitimiz o boyda Gəncə üsyanı başlatmışdı, qarşısını ala bilmirdilər. Həmin dövrdə 150 üsyan başlamışdı. Çoxuna dəstəyi Müsavatçı zabitlər verirdi. Ona görə də Sovet rəhbərliyi ilk növbədə zabitlərimizi, hərbiçiləri öldürürdü. Onların gücü də çox idi. Azərbaycana 70 min rus qoşunu girmişdi. Azərbaycan 70 minlik qoşunun qarşısında heç nə edə bilməzdi. Bu gün də Qarabağı geri ala bilirik? Səbəb yenə rusdur. Bir tərəfdən Rusiya, digər tərəfdən isə İran Qarabağın işğalda qalmasını qoruyub saxlayır.